Allaha dua elədim ki, ona nə olacaqsa, mənə olsun…” – Əliyar Əliyevin xanımı + Video

1107

Milli Qəhrəman Əliyar Əliyevin həyat yoldaşı Pəri Hüseynova qəhrəman hərbçimizlə bağlı son xatirələrini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, Xəzər TV-də “Vaxt gəldi!” proqramında qonaq olan P. Hüseynova bir gün öncə pis yuxu gördüyünü və könüllü döyüşlərdə iştirak edən həyat yoldaşına görə narahatlıq keçirdiyini dilə gətirib.

“Qubadlının Qəzyan kəndində yaşayırdıq. Döyüşə getməmişdən qabaq evə gec gəlmişdi, demək olar ki,  heç nə danışmadı. Mən çox narahat idim. Pis yuxu görmüşdüm, onu suya danışmaq üçün çölə çıxmışdım. Gördüm hər tərəfi od-alov bürüyüb. O da yatmamışdı, dedi ki, ““Qrad” gətiriblər, keç yerinə”. Qayıtdım içəri, nə o danışdı, nə mən… Səhər südlü mannı bişirdim, çünki qaraciyəri ağrıyırdı. İki qapının ortasında “turnik”də çəkindi. Əvvəlcə sağ tərəfindən keçib mətbəxə getdim, sonra qayıdanda sol tərəfindən keçdim. Dedi ki, “başıma niyə dolanırsan?” Gülüb dedim ki, təsadüfən oldu. Amma narahat idim, pis yuxu görmüşdüm, Allaha dua elədim ki, ona heç nə olmasın, balalarımı mən çətin böyüdərəm. Ona nə olacaqsa, mənə olsun…”

Pəri Hüseynova bildirib ki, Əliyar Əliyevin ölüm xəbərini ona həmin gün axşam xəbər veriblər: “O yuxuya görə çox səksəkədə idim. Axşam saat 6-da bizə doğru bir maşın gəldi. Çatanda bir qadın düşdü, gördüm 3-cü katib Ceyran xanımdır və yanında da bir nəfər var idi. Dedi ki, Əliyar yaralanıb, qorxma. Elə bil başıma qaynar su tökdülər. Onda bildim ki, həlak olub. Allah heç kəsin başına gətirməsin”.

P. Hüseynova bildirib ki, həyat yoldaşı həlak olan zaman böyük oğlunun 12, qızının 8, kiçik oğlunun isə 6 yaşı olub.

Xatırladaq ki, könüllü döyüşə gedən Əliyar Əliyev həm də mükəmməl hərbi təşkillatçı olub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib, sonradan isə taborun rəhbərliyi ona həvalə olunub.

1992-ci ilin avqust ayında həyata keçirilən “Şurnuxu” əməliyyatında iştirak edib və həmin döyüşdə ermənilər 80-dən çox canlı qüvvə və bir neçə texnika itiriblər. Gorusun Şurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar Əliyev və döyüşçüləri 20 rus və erməni silahlısını canlı olaraq ələ keçirib.

Əliyar Əliyevin son döyüşü 1992-ci oktyabrın 3-də Laçının 2 kilometrliyində olub. Qəhrəman döyüşçü Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub və ona Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Gülnar Əliyeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər