ASİİN (Mühəndislik,İnformatika,Təbiət elmləri və Riyaziyyat təhsil proqramları üzrə Akkreditasiya Agentliyi) ekspert qrupu 10-12 oktyabr tarixlərində Sumqayıt Dövlət Universitetində olub.
Bu barədə məlumat verən SDU-nun Keyfiyyət Təminatı şöbəsinin müdiri Nərmin Həsənova 1999-cu ildən Almaniya Federativ Respublikasında fəaliyyət göstərən Agentliyin mühəndislik, informatika, təbiət elmləri və riyaziyyat sahəsində təhsil proqramlarının akkreditasiyası üzrə qeyri-kommersiya birliyi olduğunu, proqram və institusional səviyyədə akkreditasiya prosedurlarının həyata keçirilməsində ekspert dəstəyi göstərdiyini qeyd edib. ASİİN ilə SDU arasında 2022-ci ilin payızında imzalanan müqaviləyə əsasən universitetin Mühəndislik fakültəsi üzrə 3 təhsil proqramının – Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə beynəlxalq akkreditasiyadan keçirilməsi nəzərdə tutulub.
SDU-nun rektoru Rüfət Əzizov ASİİN ekspert qrupunun sədri, Çemnitz universitetinin professoru Madhukar Çandranı və onun rəhbərlik etdiyi ekspert qrupunun üzvlərini – Hamburq Tətbiqi Elmlər Universitetinin professoru Volfqanq Renz, Bosch şirkətindən Dr. Alfred Şulte, ADA universitetinin tələbəsi İlhamə Novruzova və layihənin koordinatoru Paulina Petraçenkonu qəbul edib. Universitetin hazırki fəaliyyəti, strateji hədəfləri, vizyonu barədə qonaqlara məlumat verən Rüfət Əzizov ali təhsil müəssisəsindəaparılacaq beynəlxalq akkreditasiyanın təhsil proqramlarının yenilənməsi işinə təkan verəcəyini, universitetin təhsil siyasətində əsaslı rol oynayacağına inandığını bildirib.
SDU-nun Mühəndislik fakültəsində aparılan beynəlxalq akkreditasiya çərçivəsində ASİİN ekspert qrupu texnologiyalar üzrə 2, kompüter mühəndisliyi üzrə 4, proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə 3 ixtisas laboratoriyasına baxış keçirib. Bundan sonra Mühəndislik fakültəsinin 3 təhsil proqramının akademik heyəti ilə geniş tərkibdə görüş olmuşdur. Görüşdə müəllimlərin inkişafı, imtahanların təşkili, tədris yükü, elmi-tədqiqat sahəsində görülən işlər, mobillik, keyfiyyət mədəniyyəti barədə müzakirələr aparılıb.
Ekspertlərhəmçinin SDU-nun sənaye tərəfdaşlarıilədə görüşüb.Görüşdə Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt ASAN xidmət, Etilen-Polietilen zavodu, Neftqazavtomat Elmi-İstehsalat müəssisəsi, Sumqayıt Sukanal idarəsindən SDU-nun mütəmadi əməkdaşlıq etdiyi mütəxəssislər iştirak ediblər. Mövzu adıçəkilən müəssisələrdə universitet tələbələrinin istehsalat təcrübəsinin təşkili və ali təhsil ocağı ilə əməkdaşlığın hansı qarşılıqlı faydalılıq əsasında qurulması barədə olub.
Bundan əlavə beynəlxalq ekspert qrupu işini davam etdirərək universitetdə aparılacaq akkreditasiya çərçivəsində struktur rəhbərləri, əməkdaşlar, həmçinin akkreditasiya olunacaq 3 təhsil proqramı üzrə təhsil alan tələbələrin bir qrupu ilə söhbətləri zamanı müxtəlif suallara alınan cavablarla SDU-da təhsilin hazırki vəziyyəti ilə bağlı dolğun məlumatlar əldə ediblər.
ASİİN ekspertlərinin Mühəndislik fakültəsinin 15-ə yaxın tələbəsi ilə görüşü də akkreditasiya meyarları ilə keçib. Magistratura pilləsi üzrə təhsil alan Qüdrət Ağazadə ekspert qrupunun görüşdə dərslərin tədrisi, tələbələrin ümumi vəziyyəti, imtahan sessiyalarının təşkili, apellyasiya komitəsinin işi, apellyasiyaya müraciətlərin necə həll olunduğu ilə bağlı maraqlandıqlarını bildirib.
Nərmin Həsənova dolğun qiymətləndirmə üçün ekspert qrupunun əsasən Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə məşğələ dərsləri, maddi-texniki bazanın praktikliyi ilə bərabər, universitetin ümumi infrastrukturu ilə yaxından maraqlandığını qeyd edib və SDU-da təşkil olunan açıq səma altındakı muzeyin, eləcə də Tələbə Evininbeynəlxalq ekspertlərdə dolğun təəssürat üçün əsas elementlərdən hesab edib.
Oktyabrın 12-də SDU-da beynəlxalq akkreditasiyanın son günü olub. Daxili iclaslardan sonraASİİN ekspert qrupu öz işini başa çatdırıb.
Yekun görüş olaraq ekspert qrupu SDU-nun rektoru Rüfət Əzizov və digər struktur nümayəndələri ilə görüşüblər. Qeyd edək ki, görüşdə SDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov, Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev, Avtomatika və idarəetmə kafedrasının müdiri professor Cavanşir Məmmədov, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri professor Aqil Hüseynov, Elektronika və kompüter texnikası kafedrasının müdiri dosent Qadir Mənsurov və Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova da iştirak ediblər.
ASİİN ekspert qrupunun üzvləri SDU-nun rektoru Rüfət Əzizova qonaqpərvərliyə, isti münasibətə və onlara göstərilən xüsusi qayğıya görə öz dərin təşəkkürlərini bildiriblər. Eskpert qrupu SDU-nun beynəlxalq akkreditasiya prosesinə hazırlığını yüksək qiymətləndirdiyini və yeni təyin olunan rektorun gənc və innovativ olmasının universitetin inkişafı üçün əsas olacağını qeyd edib.
Universitet rəhbərliyi isə əmindir ki, ekspert qrupunun hazırlayacağı hesabat tədrisin təşkilindəki çatışmazlıqları ortaya qoymaqla bərabər, universitetin gələcək fəaliyyəti üçün əhəmiyyətli rol oynayacaq.
Müzakirə qapadılmışdır.