“Avand” təşkilatı məcburi köçkün məktəbində təlim təşkil etdi

883

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2011-ci ildə elan etdiyi qrant müsabiqəsində “Avand” Humanitar Yardım Təşkilatının “Sumqayıtda yerləşən məcburi köçkün məktəblərində Ailə qanunvericiliyi ilə bağlı maarifləndirmə işinin aparılması” layihəsi də dəstəklənmişdir. Təşkilat aprelin 5-dən bu layihənin icrasına başlamışdır. Layihənin layihənin əsas məqsədi Ailə qanunvericiliyi və qadın hüquqlarının daha səmərəli qorunmasına xidmət edən qanunvericilik aktları barədə məcburi köçkünlər arasında hüquqi maarifləndirmə tədbirlləri həyata keçirməklə onların hüquqi bilgilərinin və məlumatlılığının artmasına nail olmaq və beləliklə də, məcburi köçkün qadınlara qarşı zorakılıq və ayrı seçkilik hallarının, xüsusilə də ailədaxili zorakılıq hallarının aradan qaldırılmasına nail olmaqdır. Bu məqsədə nail olmaq üçün məcburi köçkün təhsil müəssisələrində qeyd edilən mövzularda təlimlər təşkil etmək, Ailə qanunvericiliyinin əsas mahiyyəti və prinsipləri, xüsusilə Nikah müqaviləsinin mahiyyəti və əhəmiyyəti barədə bukletlər hazırlayıb yaymaq, eləcə də, Sumqayıtın yerli Dünya Telekanalında bu mövzuda tok-şou təşkil etmək əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Layihənin icra qrafikinə uyğun olaraq qısa müddətdə təlim modulu hazırlanmış və Sumqayıtda məskunlaşan məcburi köçkün rayonların Təhsil şöbələri və orta məktəb rəhbərlikləri ilə görüşlər keçirilmiş, layihənin məqsəd və məramı barədə onlara ətraflı məlumat verilmiş və təlimlərin keçirilməsinə şərait yaradılması xahiş edilmişdir. Layihə çərçivəsində ilk təlim aprel ayının 22-də Zəngilan rayonun 23 saylı orta məktəbində keçirildi.

Təlimdə məktəbin 21 müəllimi iştirak edirdi. Təlimi təşkilatın hüquqşünası Ramil Süleymanov aparırdı. Təlim zamanı: Qadınların hansı hüquqları var? (Beyin hücumu); Azərbaycan Qanunvericiliyində qadın hüquqları; Ailə qanunvericiliyinin əsas mahiyyəti; Ailə hüquqlarının həyata keçirilməsi və ailə vəzifələrinin yerinə yetirilməsi; Ər-arvadın birgə mülkiyyəti; Nikah müqaviləsi; Ər-arvadın məsuliyyəti və s. məsələlər ətraflı müzakirə olundu. Tədbirdə iştirak edənlər təlim zamanı müzakirə olunan mövzuya dair fikirlərini ifadə edir, Ailə qanunvericiliyi barədə daha çox bilgi əldə etməyə çalışırdılar.

Təlimin sonunda təlim mövzusu, təlimin işi ilə bağlı iştirakçıların rəyi dinlənildi. İştirakçılar mövzunun aktuallığını və əhmiyyətini xüsusi ilə yüksək qiymətləndirərək bu mövzuda təlimlərin davamlı olmasının vacibliyini qeyd etdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər