Azərbaycan bayrağının ucaldılması böyük qürur hissi yaradır

152

Azərbaycanda idmana göstərilən diqqət və qayğı uzun illərdir dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin nəticəsi olaraq ölkədə güclü idman infrastrukturu formalaşıb, bölgələrdə Olimpiya İdman Kompleksləri tikilib, gənclərin idmana marağı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə güləş kimi milli ənənələrə söykənən idman növləri bu qayğıdan daha çox bəhrələnərək həm kütləvilik, həm də peşəkar səviyyə baxımından ciddi inkişaf yolu keçib. Azərbaycan güləş məktəbi bu gün artıq təkcə regionda deyil, Avropada və dünyada söz sahibi olan aparıcı məktəblərdən biri kimi tanınır.
Bu uğurların növbəti bariz nümunəsi kimi milli komandamızın Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında birinci yeri tutması xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyev bu münasibətlə güləşçilərlə görüşündə əldə olunan nəticəni yüksək qiymətləndirərək bildirib ki, bu qələbə bütün xalqı sevindirən böyük nailiyyətdir. Dövlət başçısı vurğulayıb ki, bu gün güləş üzrə beynəlxalq rəqabət son dərəcə gərgin olsa da, Azərbaycan idmançıları peşəkarlıqları və iradələri sayəsində rəqiblərini ədalətli mübarizədə məğlub edərək liderliklərini bir daha sübut ediblər.

Prezident İlham Əliyev çıxışında Azərbaycan güləşinin dərin tarixi ənənələrə malik olduğunu xüsusi qeyd edib. Onun sözlərinə görə, bu ənənələrin yaşadılması və yeni nəsillərə ötürülməsi sistemli şəkildə həyata keçirilir. Bu gün həm tanınmış idmançılar, həm də gənc güləşçilər yüksək nəticələr göstərərək ölkənin idman salnaməsinə yeni uğurlar yazırlar. Bu isə seleksiya və məşq prosesinin düzgün qurulduğunu, federasiya və məşqçi heyətinin peşəkar fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.
Dövlət başçısı həmçinin qeyd edib ki, beynəlxalq arenada Azərbaycan bayrağının ucaldılması xalqda böyük qürur hissi yaradır. İdmançıların qazandığı qələbələr yalnız idman uğuru deyil, eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfədir. Bu baxımdan idman cəmiyyət həyatının ayrılmaz hissəsi kimi çıxış edir və milli həmrəyliyin möhkəmlənməsində mühüm rol oynayır.
Çıxışda diqqət çəkən məqamlardan biri də nəsillərarası varislik məsələsi olub. Prezident vurğulayıb ki, vaxtilə özü azarkeşlik etdiyi tanınmış idmançılar bu gün məşqçi kimi fəaliyyət göstərərək yeni çempionlar yetişdirirlər. Bu ardıcıllıq Azərbaycan idmanının dayanıqlı inkişaf modelini formalaşdırır və uğurların təsadüfi deyil, sistemli yanaşmanın nəticəsi olduğunu göstərir. Xüsusilə bölgələrdə gənc idmançıların aşkar edilməsi və onların təlim-məşq prosesinə cəlb olunması gələcək uğurların əsasını təşkil edir.

Azərbaycan idmanının ümumi inkişafı da dövlət başçısının çıxışında geniş yer alıb. Bildirilib ki, ölkə idmançıları Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında daim yüksək nəticələr göstərərək Azərbaycanı layiqincə təmsil edirlər. Uğurlarla yanaşı, məğlubiyyətlərin də idmanın ayrılmaz hissəsi olduğu vurğulanıb, lakin əsas amilin idmançılarda güclü qələbə əzminin olmasıdır.

Prezident İlham Əliyev xüsusilə qeyd edib ki, Avropa çempionatında həm yunan-Roma, həm sərbəst, həm də qadın güləşi üzrə əldə olunan nəticələr kompleks inkişafın göstəricisidir. Qadın güləşçilərin də medalçılar sırasında olması bu sahəyə marağın artdığını göstərir və gələcəkdə daha böyük uğurların qazanılacağına inam yaradır. Bu, gender baxımından da idmanda balansın gücləndiyini nümayiş etdirir.
Sonda dövlət başçısı idmançıların yalnız yarış meydanında deyil, gündəlik həyatda da nümunəvi davranış sərgiləməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, çempionların yüksək mənəvi keyfiyyətlər nümayiş etdirməsi medallar qədər önəmlidir. Azərbaycan idmançılarının həm idmanda, həm də cəmiyyətdə ləyaqətli davranışı ölkənin müsbət imicinin formalaşmasına xidmət edir və bu ənənənin qorunması gələcək nəsillər üçün də örnək olmalıdır.

Qərib Əliyev, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər