Avropa Siyasi Birliyi Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev-in 2026-cı il 4 may tarixində videobağlantı formatında etdiyi çıxış regionda formalaşan yeni siyasi reallıqların aydın və prinsipial təqdimatı kimi yadda qaldı. Çıxışda həm sülh gündəliyi, həm regional əməkdaşlıq, həm də Avropa təsisatlarının mövqeyi ilə bağlı konkret mesajlar verildi. Prezidentin nitqi Azərbaycanın xarici siyasətində praqmatik yanaşmanın və milli maraqlara əsaslanan kursun davam etdiyini bir daha nümayiş etdirdi.
Çıxışın ən diqqətçəkən məqamlarından biri Ermənistanın 2028-ci ildə növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsini dəstəkləməsi ilə bağlı açıqlama oldu. Bu fakt təkcə diplomatik jest deyil, həm də Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanmasının göstəricisi kimi qiymətləndirilə bilər. Dövlət başçısı bu razılaşmanın əldə olunmasını sülhün real olmasının əyani sübutu kimi təqdim etdi və vurğuladı ki, tərəflər artıq doqquz aydır de-fakto sülh şəraitində yaşayırlar. Bu isə region üçün uzun illərdən sonra yaranmış nadir və mühüm fürsətdir.
Sülh gündəliyinin konkret nəticələri də çıxışda geniş şəkildə əks olundu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan birtərəfli qaydada 1990-cı illərdən tətbiq olunan tranzit məhdudiyyətlərini aradan qaldıraraq Ermənistan üçün yeni iqtisadi imkanlar yaradıb. Bu çərçivədə artıq Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük daşınıb. Bununla yanaşı, ilk dəfə olaraq Azərbaycan öz neft məhsullarını – benzin və dizeli Ermənistana ixrac etməyə başlayıb. Bu addımlar regionda iqtisadi inteqrasiyanın başlanğıcı kimi qiymətləndirilə bilər və tərəflər arasında etimadın formalaşmasına xidmət edir.
Eyni zamanda, çıxışda regional nəqliyyat layihələrinin əhəmiyyəti də vurğulandı. Xüsusilə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təqdim edilən təşəbbüs Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Orta Dəhlizin mühüm komponentinə çevriləcək. Bu layihə təkcə Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya məkanında ticarət və logistika əlaqələrinin genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Beləliklə, sülh yalnız siyasi deyil, həm də iqtisadi dividendlər vəd edir.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də bəzi Avropa təsisatlarının mövqeyi ilə bağlı idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesinə konstruktiv yanaşma sərgiləmir və ikili standartlar nümayiş etdirirlər. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bu qurumların ölkəmizə qarşı qərəzli mövqe tutması, müxtəlif qətnamələrlə təzyiq göstərməyə çalışması tənqid edildi. Prezident vurğuladı ki, bu yanaşma nə sülhə xidmət edir, nə də regionda sabitliyə töhfə verir.
Xüsusilə Avropa Parlamentinin fəaliyyətinə toxunan dövlət başçısı diqqətə çatdırdı ki, son beş il ərzində bu qurum tərəfindən Azərbaycan əleyhinə 14 qətnamə qəbul edilib. Bu sənədlərin qərəzli və əsassız olması, eyni zamanda qurumun öz daxilində mövcud olan fundamental problemlərə – ksenofobiya, islamofobiya, miqrasiya böhranı kimi məsələlərə adekvat yanaşmaması ciddi tənqid olundu. Prezidentin fikrincə, bu, açıq şəkildə prioritetlərin yanlış müəyyənləşdirildiyini və siyasi qərəzin üstünlük təşkil etdiyini göstərir.
Bu kontekstdə Azərbaycan tərəfinin cavab addımları da diqqətə çatdırıldı. Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması və digər platformalarda iştirakın məhdudlaşdırılması ilə bağlı qərarı ölkənin prinsipial mövqeyinin göstəricisi kimi təqdim edildi. Bu addım Azərbaycanın öz milli maraqlarını qorumaqda qətiyyətli olduğunu və xarici təzyiqlərə boyun əyməyəcəyini nümayiş etdirir. Eyni zamanda, bu qərar beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət prinsipinin vacibliyinə diqqət çəkir.
Yekunda Prezident İlham Əliyev bir daha vurğuladı ki, bütün çətinliklərə və sülh prosesinə mane olmaq istəyən qüvvələrin mövcudluğuna baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir. Bu mövqe regionda uzunmüddətli sabitliyin təmin olunması üçün əsas şərt kimi çıxış edir. Dövlət başçısının çıxışı göstərdi ki, Azərbaycan həm güclü siyasi iradəyə, həm də konstruktiv əməkdaşlıq niyyətinə malikdir və bu amillər ölkənin regional və beynəlxalq arenada rolunu daha da gücləndirir.
Vaqif Süleymanov, Əməkdar Mədəniyyət işçisi


Müzakirə qapadılmışdır.