Rəşadətli Ordumuz Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı,Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm bir tarix yazdı. 44 günlük Vətən Müharibəsində zəfər qazandıq. İstər Vətən Müharibəsi dövründə, istərsə də ondan sonrakı mərhələdə bütün dünya Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinin şahidi oldu. Hər iki qardaş ölkə hər zaman bir-birinin yanında olub. Hər bir ölkə apardığı haqq mübarizəsində qardaş ölkəni yanında görüb. Həm Türkiyə, həm də Azərbaycan həmrəylik göstərməyi özünün mənəvi borcu hesab edib.
Son tarixi proseslər bir daha Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri qiymətləndirərək ulu öndər Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” formulunu bir daha reallığa çevirdi.
Hərbi əməliyyatın ilk günündən etibarən Türkiyə Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi, səsimizə səs verdi. Dünyadakı nüfuzu, mövcud təsir imkanları ilə ölkəmizi ermənilərin havadarlarından qorudu. Torpaqlarımızı havadarlarının əli ilə işğal edən erməni işğalçıları bu dəfə döyüş meydanında qəhrəman Azərbaycan əsgəri ilə üz-üzə qaldı və rəşadətli ordumuz gücünü bütün dünyaya nümayiş etdirdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, millət vəkilləri və nüfuzlu ictimai xadimlər açıq şəkildə Azərbaycana dəstək olduqlarını bütün dünyaya bəyan etdilər. Hətta sadə Türkiyə vətəndaşları belə Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyini bəyan etdi, dəstəklərini müxtəlif formada nümayiş etdirdilər.
Bu günlərdə isə bütün dünya Türkiyə-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni bir mərhələyə daxil olmasının şahidi olur.
İki qardaş ölkə arasında Şuşa Bəyannaməsinin imzalanması və ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Milli Məclisində çıxış etməsi xalqlarımız arasında xoş ovqat yaratdı, hər iki ölkəyə sevinc bəxş etdi.
16 iyun tarixində Rəcəb Tayyib Ərdoğan Milli Məclisdəki tarixi çıxışı ilə bir daha dünyanın diqqətini Azərbaycana yönəltdi. Türkiyə prezidenti çıxışını Azərbaycan parlamentində, millətvəkillərinin qarşısında etsə də əslində beynəlxalq ictimaiyyətə ünvanlnmışdı. Bu çıxış həm də Şuşa Bəyannaməsini özündə əhatə edirdi və müttəfiqlik bəyannaməsinin dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətli idi.
Ərdoğan qardaş ölkənin lideri olmaqla yanaşı, dünya siyasi arenasında xüsusi nüfuza malik bir siyasətçi kimi beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi.
Gələcəkdə bölgədə baş verə biləcək təhlükələrin qarşısını almaq üçün ciddi xəbərdarlıqlar, sülhün və təhlükəsizliyin təmin olunması üçün çağırışlar etdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışı zamanı səsləndirdiyi fikirlərə diqqət yetirək:
- Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir.
- Keçmişdən gələcəyə quracağımız körpü ilə mədəniyyətimizi yenidən yüksəltmək, layiq olduğu yerə çatdırmaq bizim əlimizdədir. Birliyimizi, bərabərliyimizi, dostluğumuzu, qardaşlığımızı nə qədər gücləndirsək, bir-birimizə nə qədər möhkəm sarılsaq, bu hədəfə o qədər tez nail olarıq.
- Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişafı, rifahın yüksəlməsi, sabitliyin möhkəmlənməsi üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq.
- Davamlı sülhə gedən yolun bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimada əsaslanaraq inkişaf etdirəcəkləri əməkdaşlıqdan keçdiyinə inanırıq.
- Bu Zəfərdən heç kim narahat olmasın. Çünki bu, fəlakətin deyil, inşanın, zülmün deyil, ədalətin, kobudluğun deyil, zərifliyin, müharibənin deyil, sülhün, qanın deyil, qəlbin Zəfəridir.
- Bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Məsələn, Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər və beləliklə özləri də özlərini saldıqları blokadadan xilas ola biləcəklər. Qardaşımla birlikdə təklifimizi etdik. Nə idi təklifimiz? Gəlin, altı ölkə bir platforma formalaşdıraq: Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platforma ilə birlikdə artıq bölgədə bir sabitlik meydana gəlsin, bölgədə düşmənçiliklər ortadan qalxsın.
- Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz. Bu Zəfəri hər kəsin ortaq zəfərinə çevirmək bizim əlimizdədir. Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri hamımız birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik.
Ərdoğanın NATO sammiti çərçivəsində ABŞ, Almaniya və Fransa liderləri ilə təmaslardan sonra Azərbaycana gəlməsi, Şuşa Bəyannaməsinin imzalanması və Milli Məclisdəki inamlı çıxışı tarixi bir addım idi.
Tarixi çıxışda eyni zamanda gələcəyə baxmaq üçün Ermənistana tövsiyələr verildi. Onlara iqtisadi əlaqələrin davam etdirilməsinin, kommunikasiya xətlərinin çəkilməsinin və qonşu ölkələrə ərazi iddialarından imtina etməyin vacibliyi xatırladıldı. Sözsüz ki, bu çağırış son nəticədə bölgədə sülhün təmin olunmasına xidmət edir.
Son dövrlərdə Azərbaycan və Türkiyə prezidentlərinin milli maraqlara söykənən cəsarətli siyasət həyata keçirməsi , atdıqları qətiyyətli addımlar Azərbaycan və Türkiyə xalqlarına, eləcə də bütövlükdə Türk Dünyası üçün olduqca faydalıdır.
Beləliklə, Rəcəb Tayyib Ərdoğanın əhatəli çıxışı nəticəsində hər kəsə bəlli oldu ki, Azərbaycana qarşı çıxan önündə Türkiyəni, Türkiyəyə qarşı çıxan isə önündə Azərbaycanı görəcək. Hər iki qardaş ölkənin liderlərinin səyləri nəticəsində dünyada yeni reallıqlar yaranıb. Bu isə bölgə üçün yalnız hərbi və siyasi baxımdan deyil, həm də iqtisadi baxımdan yeni imkanlar açacaq.
Sovet Şükürov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri