Azərbaycanda son 10 ildə boşanmaların sayı 146 faiz artıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu statistik məlumatları hüquqşünas Ələsgər Məmmədli açıqlayıb.
Ə.Məmmədli qeyd edib ki, 2018-ci ilin 10 ayı ərzində 50 882 evlənmə, 12 396 boşanma qeydə alınıb.
Son 10 il ərzində statistika çox ciddi artıb və trend sürətlə yüksəlməkdədir. Belə ki, 2008-ci ildə ölkədə 79 964 evlilik, 7933 boşanma qeydə alınıb. Yəni boşanmanın evliliyə nisbəti 9,92% olub. 2018-ci ildə bu nisbət 24,36%-dək yüksəlib.
10 il öncə hər qurulan 10 ailənin 1-i boşanma ilə nəticələnirdisə, bu il hər 4 ailənin biri boşanma ilə sonlanıb. Qısacası, 10 ildə boşanma 146% artıb.
Müvafiq illərə görə boşanmanın evliliyə nisbətinin artımının sürətini aydın görmək mümkündür:
2008 – 9,92%
2009 – 9,97%
2010 – 11,44%
2011 – 12,19%
2012 – 14,02%
2013 – 14,23%
2014 – 13,50%
2015 – 18,55%
2016 – 19,64%
2017 – 23,06%
2018 – 24,36%
Evliliyin sayı 2007-ci ildə 81 738-dən, 2017-ci ildə 62 923-dək, yəni 23,01% geriləyib. Boşanma 2008-də 7933-dən, 2017-də 14 514-dək, yəni 83% yüksəlib.
Hüquqşünas əlavə edib ki, bunlar ciddi araşdırma mövzularıdır: “Sosioloqlar, psixoloqlar bunu çoxyönlü araşdırıb, səbəbləri sıralamalı, toplumu bilgiləndirməlidir. Məsələn, internet və sosial şəbəkə istifadəsi nisbətinin son 10 ildə artımı ilə boşanma nisbətinin artımı arasında bir əlaqə varmı, varsa nədir?”