Azərbaycanda dayanıqlı inkişafa xidmət edən məqsədyönlü siyasi islahatlar həyata keçirilir

725

Siyasi dialoqdan imtina edən, ölkəmizdə vəziyyəti gərginləşdirməyə çalışan marginal qruplaşma isə xəyanətkar mövqeyini davam etdirir

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda həyata keçirilən sosial-iqtisadi və siyasi islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin edib. Şübhəsiz ki, uğurlu sosial-iqtisadi siyasət kursu vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir, siyasi islahatlar isə milli birliyin, vətəndaş həmrəyliyinin  daha da gücləndirilməsinə imkan yaradır. 2020-ci ilin əvvəlindən daha geniş vüsət alan islahatlar ölkəmizdə siyasi sistemin inkişafına mühüm töhfələr verməkdədir. Qısa zaman çərçivəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə mühüm kadr dəyişikliklərinin edilməsi, yeni formalaşan VI çağırış Azərbaycan  Respublikasının Milli Məclisinin rəhbərliyində, eləcə də komitələrdə sədr və sədr müavini qismində müxalifət nümayəndələrinin, müstəqil deputatların təmsil olunması ölkəmiz üçün yeni siyasi inkişaf mərhələsi yaradır. Bundan başqa, ilin əvvəlindən başlayaraq hakmiyyətin ölkəmizdəki bütün siyasi qüvvələrlə dialoq aparmaq üçün müraciət etməsi uğurlu siyasi islahatlar kursunun mühüm tərkib hissəsi kimi böyük əhəmiyyətə malikdir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranması birmənalı şəkildə Azərbaycan dövlətinin inkişafına xidmət edir. Millət vəkili bildirib ki, siyasi baxışlarından, mövqeyindən asılı olmayaraq bütün siyasi qüvvələrlə görüşmək, onların təkliflərini dinləmək üçün hakimiyyətin müraciətinin, demək olar ki, əksər siyasi partiyalar və təşkilatlar tərəfindən müsbət qarşılanması və yüksək dəyərləndirilməsi xüsusi önəm kəsb edir: “Yeni seçilmiş parlamentdə islahatlar müasir Azərbaycanda yeni siyasi konfiqurasiyanın yaranmasını şərtləndirib. Yeni siyasi dialoq mühitinin formalaşdırılması isə siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Bunlarla yanaşı, yeni siyasi partiyaların qeydiyyata alınması da ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürü kimi dəyərləndirilməlidir”.

Milli Məclisin deputatı Müşfiq Məmmədli də bu gün ölkəmizdəki şəffaf siyasi dialoq mühitini dövlətimizin inkişafında yeni mərhələ adlandırıb. Onun sözlərinə görə, dialoq təkliflərinin əksər siyasi qüvvələr tərəfindən müsbət qarşılanması ölkəmizdəki mlli birliyin güclənməsinə öz töhfəsini verəcək: “Təəssüfləndirici haldır ki, müxalifətçilik anlayışını düzgün anlamayan, bu anlayışı radikal çağırışlar, siyasi sabitliyin pozulmasına yönəlik addımlar, dağıdıcılıq kimi qavrayan bəzi marginallaşmış qruplar hakimiyyətin səmimi dialoq təklifindən imtina etməklə bir daha öz düşmənçilik mövqeyini ortaya qoymuş oldu. Siyasi yetkinlikdən uzaq, yalnız düşmənçilik və xalqdan qisasçılıq ab-havası ilə yaşayan bu marginal qruplaşmalar ölkədə vəziyyətin gərginləşməsi üçün çirkin təbliğat aparırlar. Bununla da bir daha “siyasi qüvvə” olmadıqlarını, yalnız şəxsi ambisiyalar və korporativ maraqlar əsasında hərəkət etdiklərini ortaya qoyurlar”.

Millət vəkili onu da vurğulayıb ki, anti-Azərbaycan dairələrin sifarişləririni yerinə yetirən bu marginal qruplaşmalara milli mənafe və ya dövlətçilik maraqları anlayışları yaddır.

 

Pərviz SADAYOĞLU

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər