Azərbaycanda sonuncu siyahıyaalma zamanı dəqiqləşən statistikaya görə, ölkədə 447 min 459 nəfər dul vətəndaş olub.
Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, həyat yoldaşları (əri və ya arvadı) dünyadan köçmüş dul əhalinin 67 min 949 nəfərini kişilər, 379 min 510 nəfərini qadınlar təşkil edir.
Müxtəlif səbəblərdən ərini və ya arvadını itirmiş dullar əsasən, 20-29 yaşda olan vətəndaşlardır. Bu yaşda əhalinin 4160 nəfəri duldur.
8135 nəfər dul vətəndaş 30-34 yaşındadır. 40-44 yaşlı əhali arasında dullar 23500 nəfərdir.
Ölkə üzrə ən çox dul 70-74 yaşlı əhali arasındadır. Onların sayı 76230 nəfər təşkil edir.
Rəsmi məlumata görə, Azərbaycanda dul vətəndaşların 245 min 671 nəfəri şəhər əhalisi, 201 788 nəfəri isə kənd əhalisidir. Təkcə Bakı şəhərində 107 min 337 nəfər dul vətəndaş yaşayır ki, onların da 20206-nı kişilər, 87131-ni qadınlar təşkil edir.
Komitədən verilən məlumatda həmçinin bildirilib ki, dullarla bağlı yeni statistika 2019-cu ildə keçiriləcək əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən əldə olunacaq.