Azərbaycanda humanitar və mədəni siyasətin həyata keçirilməsində Mehriban xanım Əliyeva fenomeni

2056

Xüsusi sübuta ehtiyacı olmayan faktdır: Ulu öndər Heydər Əliyev yeni tip Azərbaycan dövlətçiliyinin – Modern Azərbaycan dövlətçiliyinin yeni modifikasiyasının banisidir; Ümummilli liderin strateji kursunun layiqli davamçısı, Prezident İlham Əliyev isə ölkəmizdə baş verən və ictimai, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrini əhatə edən fundamental xarakterli dəyişikləri uğurla inkişaf etdirmiş, dövlətimizin qlobal geosiyasi arxitekturada layiqli yer tutmasında ən önəmli rol oynamışdır. İlham Əliyev fenomeninin ən böyük özəlliyi ondadır ki, o, sadəcə Heydər Əliyevin strateji prinsiplərinin varisliyini təmin etməmiş, eyni zamanda bu prinsiplərə yaradıcı şəkildə, novatorcasına yanaşaraq, onlara yeni siyasi zamanın ölkəmiz qarşısında qoyduğu məqsəd və vəzifələrə uyğun olaraq yeni məzmun vermişdir.

Dövlətimiz son illərdə humanitar sahədə misilsiz nailiyyətlərə imza atmışdır. Bu nailiyyətlərinin əldə olunmasında, ümumiyyətlə, sözügedən sahədə strateji dəyişikliklərin həyata keçirilməsində heç şübhəsiz, Mehriban xanım Əliyevanın xidmətləri xüsusi əhəmiyyətə malikdir.

İlk növbədə qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan mədəni elitasının görkəmli nümayəndəsidir. Gerçəkliyin ümumi qavrayışı, tarixi yaddaş, praktiki fəaliyyətinin üslubiyyəti onun yaşam dünyasının mühüm atributlarını təşkil edir. Mehriban Əliyeva dəyişən zamanın dinamikasını tutmağa qadir nadir siyasətçilərdəndir: zamanla bərabər o da dəyişir, fəqət bu zaman Azərbaycan mədəniyyətinə aidiyyət, bu mədəniyyətin yaratdığı mədəni fenomenlərə sədaqət baxımından sabitqədəmdir, səbatlıdır. Mehriban xanımın həyatı özlüyündə hadisə baxımından zəngindir, sosial nailiyyətlərlə diqqətçəkəndir. Görüşlər, mərasimlər, açılış tədbirləri – bütün bunlar statuslu xadimin ictimai həyatının ayrılmaz cəhətləridir. Onun bioqrafiyası bütöv bir ölkənin müxtəlif dövrlərin çarpazlaşmasında ictimai və siyasi həyatını izləmək nöqteyi-nəzərindən olduqca əlamətdardır.

Mehriban Əliyeva müxtəlif ictimai hadisələrə intizam və çalışqanlığın şüurlu əmək həyatının mahiyyətcə dayaqları olduğu şəxsiyyətin sabitliyi ilə münasibət göstərir. Daxili səfərbərlik onun alışdığı işçi vəziyyətinin, intizam isə onun fəaliyyət üslubunun təməlidir. Müsahibələrin birində Mehriban xanım özü etiraf edir: “Mən uşaq yaşlarımdan özümə olduqca ciddi tələblər irəli sürmüşəm, həmişə öz valideynlərimə, öz ailəmə layiqli olmağa çalışmışam”. Bu əxlaqi maksimalar Mehriban xanımın ictimai-siyasi fəaliyyətində də bariz şəkildə təzahür etməkdədir.

M.Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox dillərində Azərbaycan həqiqətlərini əks etdirən kitablarda, filmlərdə, CD-lərdə Qarabağ məsələsinin tarixi kökləri, Ermənistanın Azərbaycan qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımı və ermənilərin bütün insanlığa qarşı yönəldilmiş vəhşilikləri haqqında məlumatlar verilmişdir. Əksər ölkələrdə Fondun dəstəyi ilə Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbirlər keçirilir, sərgilər, filmlər nümayiş etdirilir, yerli KİV-də Qarabağ həqiqətləri ilə bağlı materiallar yayılır.

Politoloq Yevgeni Kriştalyovun sərrast qeydində deyildiyi kimi, Mehriban Əliyeva “… mahiyyət etibarilə lider qadındır, özünün dəqiq vətəndaş və ictimai mövqeyi olan qadındır. O, ölkə parlamentinin deputatı, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdə bilavasitə iştirak edir. O, həmin vəzifələri sadəcə, zərurət xatirinə, Azərbaycan Prezidentinin xanımı olduğuna görə deyil, həm də səmimi qəlbdən, düşünülmüş şəkildə yerinə yetirir. Mehriban xanımın insani keyfiyyətləri ona bu dünyanın güclü simalarının çoxu ilə dil tapmaqda kömək edir”.

Mehriban xanım Əliyeva qadın siyasətinin müxtəlif məsələlərinə, o cümlədən gender bərabərliyinin həm de-yure, həm də de-fakto təmin edilməsinə dair çoxlu sayda tədbirin təşəbbüsçüsüdür. Məhz Mehriban xanımın təşəbbüsü ilə 2010-cu ilin iyunun 22-də “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun ilk növbədə qadınlara qarşı yönəlmiş zorakılıq aktlarının qarşısının alınması məqsədini güdür. Bu akt dövlətimizin sözügedən problemlə mübarizənin hüquqi-normativ əsaslarının yaradılması istiqamətində çoxillik səylərinə bir növ yekun vururdu.

Cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsinə çalışan Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son 10 ildə 4 amnistiya aktının qəbulu faktı da xüsusi vurğulanmalıdır. Milli Məclisin 2016-cı il mayın 20-də keçirilən iclasında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüskarı olduğu “28 May — Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar yekdilliklə dəstəklənərək qəbul olunmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, Cümhuriyyətin yaranmasının 98-ci ildönümünə həsr olunmuş bu amnistiya aktı irs-varislik əlaqələrinə böyük hörmət və ehtiramın nümunəsi kimi cəmiyyətdə yüksək dəyərləndirilmişdir.

Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada geniş təbliğində, ölkəmizin mədəniyyətlərin dialoqunda iştirakının genişlənməsindəki mühüm rolu və xidmətlərini də qeyd etmək lazımdır.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2003-cü ildə Azərbaycan muğamları, 2009-cu ildə aşıq sənəti, Novruz bayramı, 2010-cu ildə isə Azərbaycan xalçaları  YUNESKO-nun Mədəni irs siyahısına daxil edilmişdir. Həmçinin bilavasitə onun iştirak və təşəbbüsü ilə “Əbədi muğam” layihəsi işlənib hazırlanmış və bu layihə çərçivəsində muğam incilərimizin bütün dünyada tanıtımı və məşhurlaşması üçün irimiqyaslı işlər görülmüşdür.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi sanballı töhfələrə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni ilə təltif olunmuşdur. Mehriban xanım həmçinin Polşanın “Xidmətlərə görə Böyük Komandor Xalq Ordeni”, Fransanın “Şərəf Legionunun Zabiti” ordeni, TÜRKSAV-ın “Türk dünyasına xidmət” mükafatına, Krans-Montana Forumunun qızıl medalına layiq görülmüşdür. Bu mükafatlar həm də Azərbaycan dövlətinin mədəniyyətlərin əməkdaşlığı sahəsində göstərdiyi səylərə verilən yüksək qiymətin göstəricisidir.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə görə Mehriban xanım Əliyeva 2006-cı ildə müasir dünyanın ən nüfuzlu beynəlxalq mədəni-humanitar təşkilatlarından biri olan, 51 islam ölkəsinin təmsil olunduğu İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının – İSESKO-nun xoşməramlı səfiri adına da layiq görülmüşdür.

Mehriban xanımın üslubunun tərkib hissələri –rəftarda yumşaqlıq, dəlillərdə inandırıcılıq, Azərbaycan dövlətinin prinsipial məsələlərində güzəştsizlik onu Prezident İlham Əliyevlə doğmalaşdırır. Bu, tarixi xassəli mədəni identikliyə istinad edən vəhdətdir. Bu vəhdət Azərbaycan dövlətinin xarakteristikasında keyfiyyət dəyişiklikləri perspektivlərini ehtiva edir.

Beləliklə, gətirilən faktlar Mehriban Əliyevanın çoxşaxəli və titanik ictimai-siyasi və mədəni fəaliyyətinin bəzi məqamlarını işıqlandırmaqla yanaşı, onun müasir Azərbaycan siyasi həyatının olduqca önəmli fiquru olduğuna dəlalət edir. Ölkəmizdə humanitar və mədəniyyət sahəsində həyata keçirilən tədbirlər, eləcə də gender, uşaq və gənclər siyasəti, hüquqi dövlət quruculuğu Mehriban xanımın fəaliyyəti olmadan təsəvvür edilə bilməz. Cəsarətlə söyləyə bilərik ki, istər göstərilən sahələrdə dövlətimizin bariz müvəffəqiyyətlərində, istərsə də Azərbaycanın çoxəsrlik zəngin tarixi-mədəni irsinin dünyada tanıdılmasında Mehriban Əliyevanın xidmətləri müqayisə olunmaz əhəmiyyətə malikdir. Bu xidmətlər ölkəmizin bundan sonrakı mədəni-humanitar tərəqqisinin mühüm zəminini təşkil edir.

Sevda Ağamirzə qızı Əliyeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər