“Azercell” satıldı – 222 milyon avroya + Yenilənib

1450

Skandinaviyanın “Telia” telekommunikasiya şirkəti Azərbaycanın ən iri mobil rabitə operatoru “Azercell”dəki payını satdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir  ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Şirkət “Azercell” dəki 51,3 faizlik payını 222 milyon avroya satıb.

Məlumata görə, “Azercell”in səhmlərini Azərbaycanın “AzInTelecom” şirkəti alıb.

Qeyd edək ki, “AzInTelecom”  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir.

Xatırladaq ki, “Telia” mobil operatoru Özbəkistanda adının qarışdığı rüşvət qalmaqalından sonra 2015-ci ildə Mərkəzi Asiya bazarlarından çəkiləcəyini elan etmişdi.

***

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama yayıb. Nazirlikdən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, payları tam olaraq dövlətə məxsus olan “Azerbaijan International Telecom” (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyə Cümhuriyyətində təsis edilmiş “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanıb. “Azertel” Azərbaycanda mobil xidmətlər operatoru olan “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisidir.

“Fintur Holdings B.V.” şirkətinin səhmdarları İsveç qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Telia Company AB” açıq səhmdar cəmiyyəti və Türkiyə qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Turkcell İletişim Hizmetleri A.Ş” səhmdar cəmiyyətidir. “Fintur Holdings B.V.” şirkətinin əsas səhmdarı olan “Telia Company AB” özünün Avrasiya bölgəsində olan biznesindən çıxmaq prosesindədir. O cümlədən həmin proses “Telia Company AB” şirkətinin Azərbaycan bazarından çıxmağını şərtləndirir. Azərbaycan telekommunikasiya bazarında “Azercell” tərəfindən keyfiyyətli rabitə xidmətlərinin göstərilməsinin davam etdirilməsi, bazarın, sabit və rəqabət mühitində inkişafının təmin edilməsi məqsədilə “AzInTelecom” MMC Telia Company AB” və “Turkcell İletişim Hizmetleri A.Ş” şirkətləri ilə müzakirələr aparılmış və “Fintur Holdings B.V.” şirkətinin “Azertel” şirkətində paylarının “AzInTelecom” MMC tərəfindən satınalınması barədə razılıq əldə edilmişdir. Beləliklə, sözügedən müqavilənin imzalanması ilə “AzInTelecom” MMC “Azercell Telekom” MMC-nin idarə edilməsini təmin edən səhmlərin nəzarət zərfini əldə edib.

“AzInTelecom” MMC tərəfindən alınmış səhmlər üçün ödənilmiş qiymət “Azercell Telecom” MMC-nin qiymətləndirilməsi üçün cəlb edilmiş  “Ernst & Young” şirkətinin müəyyən etdiyi qiymət çərçivəsinə uyğundur.  Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada “AzİnTelecom”un “Azercell”də payların özəlləşdirilməsi barədə qərar qəbul edilənədək, “AzİnTelecom” “Azercell”in iştirakçısı qalacaq və “Azercell Telecom” MMC-də korporativ idarəetmə və işgüzar fəaliyyət dəyərlərini qorumaq, yeni nəsil texnologiyaların tətbiq edilməsi ilə xidmət keyfiyyətini daha da artırmaq niyyətindədir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın telekommunikasiya operatoru “Azercell Telecom”un səhmlərinin nəzarət zərfinin alınması ilə bağlı bu gün müqavilə imzalayıb.  Müqaviləyə əsasən, “AzInTelecom” MMC ümumi dəyəri 221,687,392.12 AVRO olan “Azercell” səhmlərin 51.3%-ni əldə edir.

“AzInTelecom” “Azercell” səhmlərinin nəzarət zərfini əldə etməklə mobil rabitə xidmətlərinin keyfiyyətini yüksəldəcək və yeni nəsil şəbəkə xidmətlərini tətbiq edəcək.

Səhmlərin nəzarət zərfinin alınması Azərbaycanda qeyri-neft sektorunun davamlı və rəqabətyönümlü inkişafını prioritet hədəf kimi müəyyən edən dövlət siyasətinə uyğun həyata keçirilir.

“AzInTelecom” haqqında

Müştərilərə öz əsas işlərilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:

1. Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili.

2. Regional Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) və bulud əsaslı xidmətlər.

3. Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər