“Azərikimya” Istehsalat Birliyində ilk dəfə olaraq işə qəbulu üçün müsabiqə keçirilib

762

ARDNŞ-nin “Azərikimya” Istehsalat Birliyində daha çox ehtiyac duyulan ixtisaslar üzrə işə qəbul üçün ilk dəfə olaraq müsabiqələrin keçirilməsinə başlanılmışdır. Əsas məqsəd Birliyin bütün müəssisələrinin təcrübəli və peşəkar mütəxəssislərlə təmin olunmasına, istehsalata cəlb olunacaq yüksək bilik və bacarığa malik gənclərin sayəsində kimya sənayesinin sürətlə inkişafına, yüksək keyfiyyətli məhsul istehsalına nail olmaq, eyni zamanda Sumqayıtda işsizliyin aradan qaldırılmasına töhfə verməkdir. Bu günlərdə mexanika peşələri üzrə Birliyin müəssisələrində çalışmaq istəyənlər üçün ilk belə müsabiqə keçirilmişdir. Namizədlərə 20 dəqiqə ərzində 20 yoxlama tapşırığını yerinə yetirmək imkanı yaradılmışdır. Tapşırıqlar kimya sənayesinin maşın və avadanlıqları, texniki təhlükəsizlik və təşkilatçılıq məsələləri üzrə bilik və bacarıqları əhatə etmişdir. Müsabiqədə mühəndis-mexanik kimi iş təcrübəsi olanlarla yanaşı gənc mütəxəssislər, habelə ixtisaslı fəhlə kimi çalışmaq istəyən müxtəlif peşə sahibləri – çilingərlər, elektrik və qaz qaynaqçıları, tokarlar öz bilik və bacarıqlarını nümayiş etdirmişlər. Test üsulu ilə keçirilən yoxlamalar “Azərikimya” İB-nin təcrübəli mütəxəssisləri, hüquqşünas və kadr işçiləri, yerli həmkarlar təşkilatı nümayəndələrindən təşkil olunmuş xüsusi komissiya tərəfindən aparılmışdır. Nəticələr məlum olduqdan sonra qalib iştirakçıların istehsalat sahələrində praktiki vərdişlərinə baxış keçiriləcək, daha yaxşı nəticə nümayiş etdirən mütəxəssislər işlə təmin olunacaqlar. Yaxın dövr ərzində Birlikdə digər ixtisaslar – mühəndis-texnoloq, energetik, iqtisadçı və fəhlə peşələri üzrə müvafiq yoxlamaların keçirilməsi də nəzərdə tutulmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər