“Azərikimya” İstehsalat Birliyinin (İB) gənc idmançıları Nabranda səmtləşmə idmanı üzrə iki gün davam etmiş Açıq Respublika çempionatında iştirak etmişlər.
AzərTac xəbər verir ki, 20 illik fasilədən sonra ilk dəfə keçirilən çempionatın açılışında Azərbaycanın dövlət himni səslənilmiş, idmançılar dövlət bayrağını qaldırmışdır.
Respublikamızın 30-a qədər idarə və müəssisəsinin, nazirliklərin və ölkənin silahlı qüvvələrinin komandalarının qoşulduğu yarışların təntənəli açılış mərasimində Azərbaycanın İdman Səmtləşməsi Federasiyasının prezidenti Mirəli Kazımov, Federasiyanın Rəyasət heyətinin üzvü, Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Mişenko və digərləri idmançıları bu mühüm idman tədbiri münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Həm komandalar arasında, həm də fərdi birincilik üzrə keçirilən çempionatda yarış iştirakçıları öz yüksək idmançı keyfiyyətlərini nümayiş etdirmişlər. Baş verə biləcək fövqəladə hadisələr zamanı hər bir kəsdə qarşıya çıxa biləcək maneələri müxtəlif yollar və vasitələrlə dəf etmək bacarığı, çətin və mürəkkəb vəziyyətdən qısa bir vaxtda çevikliklə çıxmaq keyfiyyətləri aşılayan bu yarışlar idmançıların Nabranın meşəlik və çaylarından, çətin relyefli sahələrindən keçməklə gərgin idman mübarizəsi şəraitində davam etmişdir.
“Azərikimya” İB-nin idmançıları da əsasən peşəkarların qoşulduğu yarışlarda yaxşı nəticələr göstərmişlər. Belə ki, 60-dan artıq qadının qüvvəsini sınadığı fərdi yarışlarda birliyin əməkdaşları Amalya Seyidova 9-cu, Sədaqət Abdulova 11-ci, Səbinə Batmanova isə 14-cü yeri tutmuşlar. 130-dan artıq kişi idmançının fərdi yarışında isə Ramil Şabanov 29-cu olmuşdur. Ətrabə Rzayeva, AzərTac
«Azərikimya»nın idmançıları uğur qazanıb
•
615