“Bu yoldan sağ tərəfə dönün, yanıq iyi sizi hadisə baş verən əraziyə aparacaq”.
Bu sözləri Bakı şəhərinin Yasamal rayonunda dəhşətli yanğının baş verdiyi ərazini tapmaq üçün istiqaməti soruşduğumuz süpürgəçi qadın dedi. Həqiqətən də, onun dediyi kimi yanğın iyi bizi olay yerinə apardı.
Yanğın olan evə daxil olduqda dəhşətə gəlməmək mümkün deyildi. Divarlara hopmuş yanıq iyi mənzərəni daha da dəhşətli edirdi.
Qeyd edək ki, bu gecə saat 3 radələrində Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.
Dünyasını dəyişən ailənin qonşuları isə hələ də olayın şokundan ayılmamışdılar. Heç danışmağa belə halları yox idi. Sadəcə yanmış divarların sökülməsini izləyirdilər.
Onu öyrənə bildik ki, partlayış qaz sızıntısından yaranıb. Orada yaşayan sakinlər deyirlər ki, tez-tez evlərə verilən təbii qaz kəsilir və sonradan xəbər edilmədən verilir.
Yaxınlıqda yaşayan qonşulardan biri deyirdi ki, gecə yanğın yerinə gələndə qulaqlarına qışqırtı və inilti səsləri gəlirdi: “İçəridə yanan qızın iniltisi və atanın fəryadı hələ də qulaqlarımdan getmir. Deyirlər ki, evin sahibəsi qazdan boğulub. Lakin ata və qızı yanaraq dünyalarını dəyişiblər”.
Qonşular sosial şəbəkələrdə hadisənin bilərəkdən törədilməsi iddiasını qəti təkzib edirlər:
“Ailə dindar idi. Heç kimlə işləri olmazdı. Mədəni və çox yaxşı insanlar idi”.
Hadisə yerindən görüntüləri təqdim edirik: