Deputat: “COVAX vaksin millətçiliyinə yol verir”

695
Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub. Pandemiyaya qarşı qlobal mübarizədə fəallıq nümayiş etdirən Azərbaycan digər dövlətlər kimi COVAX-ın ədalətsiz yanaşması ilə üz-üzə qalıb və vəd olunan vaksinlər hələ də ölkəmizə təhvil verilməyib.
Bundan öncə COVAX Azərbaycan tərəfinə bəyan etmişdi ki, razılaşdırılmış qaydada vaksinlər ölkəmizə çatdırılacaq. Lakin müəyyən qədər vaxtın keçməyinə baxmayaraq, hələ də bu platforma tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər isə COVAX-dan Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir.

Bütün dünyada pandemiyanın tezliklə bitməsi üçün tədbirlərin görüldüyü, birgə əməkdaşlıq yollarının axtarıldığı bir vaxtda COVAX-dan ölkəmizə qarşı belə qeyri-ciddi yanaşması sözügedən platformaya olan etibarı heçə endirir. Sanki vaksin kimi önəmli səhiyyə məsələsində ikili standartlara yol verilir.

Azərbaycan ilk gündən pandemiya ilə mübarizədə qlobal səylərini səfərbər edib, önəmli təşəbbüslərlə çıxış edib, hətta 30 ölkəyə yardım göstərib. Amma bunun qarşılığında ikili standartlara, qeyri-ciddi yanaşmaya yol verən və sözlərini yerinə yetirməyən COVAX-ın ədalətsiz münasibətini görürük. Bu isə ondan xəbər verir ki, COVAX özünü doğrultmadı və əhəmiyyətini getdikcə itirir.

Məsələ ilə bağlı Azvision.az –a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, son bir ildə bəşəriyyətin ağır sınaq qarşısında olmasına rəğmən, hələ də dünyada peyvəndlərin ədalətsiz şəkildə bölünməsi prinsipi saxlanılır.

Deputat təəssüf hissi ilə qeyd edib ki, Azərbaycan hazırda bu önəmli səhiyyə məsələsində ikili standartlarla üz-üzə qalıb:

“Bu ikili standartlar özünü onda göstərir ki, Azərbaycana COVAX platforması çərçivəsində çoxdan çatmalı olan vaksinlər süni əngəllərlə gecikdirildi. Beynəlxalq təşəbbüs çərçivəsində razılaşma əsasında ölkəmizə çatdırılmalı olan vaksinlər Avropa ölkələri tərəfindən müxtəlif bəhanələrlə gətirilmədi. Bu ölkələr və ümumilikdə COVAX platforması öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək həddindən artıq ədalətsizliyə və vaksin millətçiliyinə yol verir. Baxmayaraq ki, dünyanın inkişaf etmiş aparıcı ölkələri insan haqları, insanların hüquq və azadlıqlarına daim hörmətlə yanaşmalarını sözdə bəyan edirlər, təəssüf ki, onlar bu cür qeyri-ciddi yanaşma ilə insanların təməl hüquqlarından olan sağlam yaşamaq hüququna bilərəkdən maneçilik törədirlər”.

Xatırladaq ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir və bu istiqamətdə bir çox dəyərli təşəbbüslərlə çıxış edib. Ötən ilin dekabr ayında Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası uğurla keçirilib, bununla ölkəmiz beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfə verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər