“Hər imtahan binasının yanında həkimlər olacaq. Hər abituriyent imtahana gələrkən bəyənnamə imzalayıb gətirəcək. Onlar bu bəyannamələri imtahana daxil olanda əməkdaşlara verməlidirlər. Bəyənnamənin mətni açıqlanacaq. Burada qeyd olunur ki, şagird və valideynlər bəyan edir ki, hazırda ailəsində koronavirus xəstəsi yoxdur və axırıncı 15 gündə bu cür xəstələrlə təmasda olmayıblar”.
APA-nın xəbərinə görə, bunu Dövlət İMtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
O deyib ki, burada vətəndaş həmrəyliyini həm abituriyent, həm də valideyn göstərməlidir: “Buraxılış imtahanlarında bir ayda 200 mindən çox insan iştirak edəcək. 1000-ə yaxın binada imtahan keçiriləcək. Hər şəxs yaşadığı ərazidə imtahan verəcək. Bu, mürəkkəb prosesdir. Hansısa rayonda IX, hansısa rayonda həmin gün XI sinif imtahanı olacaq. Bəzilərində Azərbaycan dilindən dövlət dili imtahanı olacaq. Hər gün ən azı 4 növ imtahan və imtahan kitabçası abituriyentlərə təqdim olunacaq. Bu, logistika baxımından çox çətindir. Bu prosesdə bizimlə birgə 15 minə yaxın nəzarətçi müəllim iştirak edəcək. Zallarda 15 nəfərdən çox olmayan tərkib olacaq. Hər bir zala bir nəzarətçi ayrılacaq. Bu insanların hamısı ilə treninqlər keçirilib, bu prosesə hazırdırlar”.