Dünən Sumqayıt məktəblərində son zəng çalınıb

665

Mayın 31-də Sumqayıtın bütün məktəblərində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Şəhərdəki 48 orta təhsil müəssisəsinin 11-ci siniflərinin 3534 şagirdi üçün sonuncu dəfə məktəb zəngi çalınmışdır. Sumqayıt İcra Hakimiyyətinin, şəhər bələdiyyəsinin, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının, şəhər ictimaiyyəti nümayəndələrinin və valideynlərin iştirak etdikləri tədbirlər yalnız məktəblərin öz ərazilərində keçirilmiş, üç saat davam etmişdir.
Azərbaycan Respublikasının dövlət himni səslənmişdir. Ən yaxşı məzunlar rəmzi Bilik açarını təntənəli surətdə birinci sinif şagirdlərinə təqdim etmişlər. Hamının intizarla gözlədiyi həyəcanlı an yetişmişdir. Təhsil aldıqları 11 il ərzində dərsin başlandığını və sona çatdığını bildirən məktəb zəngi sonuncu dəfə çalınaraq, bu dəfə həmin uşaqların həyatında yeni mərhələnin başlandığı barədə xəbərdarlıq etmişdir.
1 nömrəli orta məktəbin məzunlarını Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev təbrik etmişdir.
Məktəb məzunları üçün bu əlamətdar gündə şəhər polisinin bütün xidmətləri xüsusi rejimdə işləmişdir. Sumqayıt Polis İdarəsinin rəisi, polkovnik Əkbər İsmayılovun sözlərinə görə, tədbirlər planına uyğun olaraq patrul xidməti təşkil edilmiş, əlavə naryadlar ayrılmışdır. İnsanların kütləvi toplaşdıqları yerlər polis əməkdaşlarının xüsusi nəzarəti altına alınmışdır. Yol polisinin əməkdaşları mümkün yol-nəqliyyat qəzalarının qarşısını almaq üçün məktəblərə gedən yolları güclü nəzarət altında saxlamışdır. Sumqayıt Polis İdarəsinin növbətçi hissəsinin məlumatına görə, mayın 31-də şəhərdə fövqəladə hadisələr qeydə alınmamışdır.
Şəhər təhsil şöbəsinin məlumatına görə, 2010-2011-ci tədris ilində şəhər məktəblərinin 11-ci siniflərində 3633 şagird təhsil almışdır. Qeyri-kafi qiymət alan 99 nəfər buraxılış imtahanlarından kənarlaşdırılmışdır. İyunun 4-də mərkəzləşdirilmiş ümumi buraxılış imtahanları keçiriləcəkdir. İmtahanlarda, həmçinin, 4159 nəfər 9-cu sinif şagirdi iştirak edəcəkdir.
Qeyd edək ki, Sumqayıt məktəblərinin bütün məzunları ölkənin ali məktəblərinə ərizə vermişlər. AzərTac, Ətrabə Rzayeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər