Eldar Sultanov: “Sumqayıt hadisələrini erməni separatçı qüvvələrinin törətdiyi istintaqla sübuta yetirilib”

1636

Sumqayıt hadisələri ilə bağlı hazırda Baş ProkurorluqDaxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən qeyd olunan iğtişaşların bütün təşkilatçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması, onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat  tədbirləri davam etdirilir.

 

APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında bildirib.

 E. Sultanov qeyd edib ki, hadisələrə obyektiv hüquqi qiymət verilməsi, bu cinayətin əsl mahiyyətini açmaq, Azərbaycanın qəti siyasi iradəsinin ifadəsi olaraq Azərbaycan prezidentinin tapşırığına müvafiq olaraq iğtişaşlarla əlaqədar istintaqı dayandırılmış 5 cinayət işinin icraatı Azərbaycan baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə təzələnərək bir icraatda birləşdirilib və istintaqın davam etdirilməsi baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və həmin dövrdə fəaliyyət göstərmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupuna həvalə edilib: “İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycanın aidiyyəti dövlət qurumlarına, habelə Rusiya Baş Prokurorluğuna və digər xarici ölkələrə müvafiq sorğular göndərilib, Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq-əməliyyat qrupuna daxil olan şəxslərin ifadələri alınıb, arxiv sənədləri açılıb, mətbuatda verilmiş məlumatlar təhlil edilib, digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Hazırkı istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib.

Dediklərimin əyani sübutu kimi bir məsələni diqqətinizə çatdırım ki, 31 mart 2016-cı il tarixdə Moskva şəhərində jurnalist Səadət Qədirovanın “Sumqayıt hadisələri barədə ilk mənbələrdən” adlı kitabının təqdimat mərasimində SSRİ Prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və qeyriləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər”.

E. Sultanov qeyd edib ki, hazırda cinayət işi üzrə Baş ProkurorluqDaxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən iğtişaşların təşkilatçıları və onların havadarlarının ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər