Ərzaqların qiyməti kəskin bahalaşa bilər – Deputatdan çıxış yolları

658
“Azərbaycanda ərzaq qıtlığı müşahidə olunmur. Doğrudur, ərzaq məhsullarını idxal etdiyimiz ölkələrdə, xüsusilə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı proseslər dünyada ərzaq qıtlığı üçün müəyyən çağırışlar yaradır. Bu çağırışları nəzərə alaraq, Azərbaycan hökuməti həm lazımi ərzaq ehtiyatlarının yaradılması üçün təxirəsalınmaz tədbirlər görür, həm də ərzaq məhsullarının digər ölkələrə ola biləcək axınına nəzarət etmək üçün tənzimləyici sistem yaradır. Görülən bu tədbirlər nəticəsində indiki dövrdə ərzaq qıtlığı ilə ola biləcək problemlərin qarşısı alınır”.

Bu sözləri Bakupost.az -a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili deyib.

O bildirib ki, qida sənayesində yerli istehsalçıları stimullaşdırmaq üçün müxtəlif üsullar tətbiq edilir:
“Subsidiyalar, aqrar sığorta, güzəştli kreditlər, sənaye parkları, investisiya təşviqi sistemi bu üsullardandır. Bunların nəticəsi olaraq əsas ərzaq məhsulları ilə ölkəmiz öz-özünü təmin etmə sahəsində xeyli uğurlar əldə edib. Bununla yanaşı, düşünürəm ki, ərzaq sahəsində emal sənayesinin sürətli inkişafına xüsusi diqqət yetirməyin zamanıdır. Bu sahədə bir çox işlər görülsə də, emal sənayesinin daha da inkişaf etdirilməsi, bu sahədə tam istehsal həlqələrinin qurulması, innovasiyaların tətbiqi ərzaq qıtlığı ilə bağlı yarana biləcək problemlərin də qarşısının alınmasına xidmət edəcək. Hesab edirəm ki, bunun üçün yerli istehsalçılara fiskal güzəştlərlə yanaşı, onlara xammalla dayanıqlı təchizat, satış bazarlarının inkişaf etdirilməsi, daxili bazarın qorunması və keyfiyyət standartlarının hazırlanması işlərində də dəstəyin artırılmasına və yeni yanaşmalara ehtiyac var”.
Millət vəkili bazarlarda süni qiymət artımları barədə də danışıb:
“Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Qiymətlər bazarda sərbəstdir, onların səviyyəsini tələb və təklif müəyyən edir. Amma son zamanlar baş verən hadisələr ucbatından (pandemiya nəticəsində təchizat zəncirinin qırılması, münaqişələr və s.) bazar mexanizmlərinin bəzi tənzimləyici funksiyaları lazımi effekti verə bilmir, nəticədə süni qiymət artımları və qiymət manipulyasiyaları baş verir. Azərbaycanda bu hallarla bir neçə istiqamətdə mübarizə aparılır. Bir tərəfdən, inzibati yollarla qiymətlərin şişirdilməsinin qarşının alınması üçün monitorinqlər aparılır. Digər tərəfdən, bazarda bolluq yaradılması üçün istehsalçıların stimullaşdırılması gücləndirilir. Düşünürəm ki, biz bu tədbirləri uğurlu kombinasiya edə bilsək, süni əngəlləri tam aradan qaldıra bilsək, gələcəkdə də həddindən artıq qiymət artımlarının qarşısını ala biləcəyik. Eyni zamanda, qeyd etmək lazımdır ki, ərzaq məhsullarının qiymətlərinin artımı qlobal xarakter daşıyır. Bu sahədə bizdən asılı olmayan səbəblər də mövcuddur”.
Fəridə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər