Evli-eşikli kimsəsiz…

1310

Sumqayıt Zədə Xəstəxanasına başqa bir xəstəyə baş çəkmək üçün getmişdik. Ancaq xəstəxananın şöbə müdiri bizi onun yanına göndərdi, “kimsəsizdir, kömək edin” – dedi. Aylardan bəri dəhlizin sonundakı palatada məskunlaşan həmin xəstə əslində kimsəsiz deyildi. Sadəcə ailəsi ondan üz çevirmişdi.

Haqqında söz açdığımız Əhməd Qulam oğlu Məmmədov Bakı sakinidir. Omba sümüyü sındığı üçün Sumqayıt şəhər Zədə Xəstəxanasına yerləşdirilib. Əhməd dayının 68 yaşı var. Ayağı gipsdədir. Deyir ki, hətta sağalsa belə getməyə yeri yoxdur.

Əhməd Məmmədov Sumqayıt Kompressor Zavodunda sürücü işləyib. Təqaüdçüdür, ayda 80 manat alır. Üç övladı – bir oğlu, iki qızı var, amma heç biri onunla maraqlanmır. “Övladlarımı böyütdüm, 17-18 yaşlarına çatdırdım, sonra da evi tərk etdim. Daha dözə bilmirdim. Həyat yoldaşım çox qısqanc idi, yola getmirdik. Övladlarımın xatirinə bir yerdə yaşayırdıq. İndi də heç xəstəxanaya gəlmir. Eşıtmişəm ki, oğlum evimi satıb”- deyən Əhməd dayı unudulmasının səbəbini belə əsaslandırır.

Əhməd dayı deyir ki, qızının biri Almaniyada yaşayır. Övladlarının hər üçü evlidir. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmişəm. Məni qeydiyyata alıblar, Ahıllar Evinə yerləşdirəcəklər. Gözləyirəm. 6 aydan artıqdır ki, xəstəxanadayam. Yeməyimi də xəstəxana verir. Yanıma hərdən böyük qızım Aygün gəlir. Tibb bacıları mənə çox kömək olur, onlardan çox razıyam”.

Çarəsizlik ahıl çağlarında xəstəxana divarları arasında qalmış bu cüssəli kişini ağlamağa məcbur etdi. Göz yaşlarını əllərinin arxası ilə silib, “birinci həyat yoldaşımdan olan oğlum şəhid oldu. O, sağ olsaydı indi heç kimə ehtiyacım da qalmazdı. Başqa oğul idi. Samboçuydu, rütbəsini artıracaqdılar, qismət olmadı” – dedi.

Eyni palatada yatan xəstələr də Əhməd dayının yanına gəlib-gedənin olmadığını, əllərindən gələn köməyi ondan əsirgəmədiklərini bildirdilər.

Əhməd Məmmədovun qızı Aygün xanımla da əlaqə saxladıq. Hazırda Bakı şəhərində yaşayan qızının sözlərinə görə, avqustun 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birgə atasını Ahıllar Evinə yerləşdirəcəklər. Təəssüf ki, Aygün Məmmədova atasını niyə tərk etdiklərinin səbəbini açıqlamaq istəmədi./var.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər