Futbol sadəcə idman deyil, o həmdə həyatdır – MUXTAR BABAYEV YAZIR

1492

 Muxtar Babayev, Milli Məclisin deputatı.

 Bu günlərdə Fransada keçirilən futbol üzrə Avropa Çempionatını böyük maraq və həyəcanla izlədik. SOCAR-ınbu mötəbər yarışda UEFA-nın rəsmi tərəfdaşı kimi çıxış etməsi hər bir azərbaycanlıda qürur və iftixar hissi doğurdu. Çünki hər birimiz bilirdik: bu tərəfdaşlıq respublikamızın imicinə və beynəlxalq nüfuzunun yüksəlməsinə müsbət təsir göstərir və hələ uzun zaman göstərəcəkdir.

UEFA və SOCAR arasında tərəfdaşlıq layihəsi 2013-cü ildə başlanıb. Layihəyə əsasən, SOCAR milli komandalar arasında UEFA yarışlarının, o cümlədən Fransada keçirilən futbol üzrə Avropa Çempionatının, onun seçmə oyunlarının, 2018-ci il Dünya Çempionatının Avropa üzrə təsnifat mərhələsinin, həmçinin bu yaxınlarda ölkəmizdə futbol üzrəkeçirilmiş U-17 Avropa Çempionatının rəsmi tərəfdaşı olub. Bu layihə SOCAR-a dünyanın bir çox böyük və məşhur şirkətləri ilə bir sırada dayanmaq imkanı yaratmışdır. SOCAR prezidentinin də öz çıxışında dediyi kimi, “Məqsədimizin qlobal enerji şirkətinə çevrilmək olduğunu nəzərə alaraq, biz bu əməkdaşlığı SOCAR-ın AÇ-2016 və bütün dünya azarkeşlərinin gözündə premium-klass enerji brendi qismində beynəlxalq imicinin artırılması üçün unikal platformanın yaradılması imkanı kimi qiymətləndiririk”.

socar

Qeyd edim ki, futbol üzrə Avropa çempionatını izləyənlərin sayı yüz milyonlarla ölçülür. Bu qədər insanın arenalarda digər nüfuzlu dünya şirkətləri ilə bərabər SOCAR-ın da adını görməsi çox mətləblərdən xəbər verir. Ümumiyyətlə, SOCAR-ın bu yarışa rəsmi tərəfdaşlığı futbol azarkeşlərinə oyun həyəcanı bəxş etməklə, ölkəmizə istər iqtisadi, istər mənəvi, istərsə də idman sahəsində xüsusi imic və sima qazandırmağa davam etmişdir. Diqqəti bu günlərdə açıqlanmış bir maraqlı fakta cəlb etmək istəyirəm ki, beynəlxalq idman təşkilatları ilə tərəfdaşlığından irəli gələn reklam və marketinq işi sayəsində SOCAR-ın Azərbaycana məxsus olan xaricdəki müəssisələrində, o cümlədən bir sıra ölkələrdəki yanacaqdoldurma səbəkələrində iqtisadi göstəricilər yüksəlmışdır. Unutmaq olmaz ki, UEFA ilə tərəfdaşlıq həm də Avropa bazarına uzunmüddətli çıxış strategiyasının tərkib hissəsidir. Bu baxımdan Avropa Çempionatının final yarışlarından öncə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Səfirliyi və SOCAR-ın birgə təşkilatçılığı ilə keçirilən, FİFA və UEFA rəhbərliyinin, bir sıra rəsmi qonaqların və tanınmış futbolçuların iştirak etdiyi qəbulda SOCAR-ın idmana dəstək sahəsindəki fəaliyyətinin yüksək qiymətləndirilməsi xüsusilə əlamətdardır.

Bu tərəfdaşlıq respublikamızda futbolun inkişafına, onun daha da kütləviləşməsinə öz müsbət təsirini göstərir. Bu il ilk dəfədir ki, üç komandamız – “Kəpəz”, “Qəbələ” və “Neftçi” Avropa Liqasının ikinci mərhələ­sinə vəsiqə qazanmışdır. Çempionlar Liqasında isə “Qarabağ”  mübarizəyə yenə ikinci təsnifat mərhələsindən qoşulub və ilk oyunda gələbə qazanıb.

socar23Xüsusilə qeyd etmək lazımdır ki, son illər böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə mühüm uğurlara imza atmış, respublikamızda beynəlxalq təşkilatlar tərəfindən bir sıra siyasi, iqtisadi və idman tədbirləri keçirilmişdir. Müxtəlif beynəlxalq turnirlərin – bədii gimnastika, judo, taekvando, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 qadınlararası dünya çempionatı və olimpiya növləri üzrə digər beynəlxalq idman yarışları, o cümlədən dünya və Avropa çempionatlarının Azərbaycanda keçirilməsi, ölkəmi­zin hazırda ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında aparıcı yerlərdən birini tutmasının göstəricisi olmaqla bərabər, bütün sahələrdə dövlətimizə böyük nüfuz qazandırmışdır.

Azərbaycan ötən il “Bakı-2015” Avropa Oyunlarını layiqincə təşkil etməklə tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurdu. Bu yaxınlarda keçirilən “Formula-1″ yarışları isə dünyanın 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənildi. Bu da paytaxtımız, ümumiyyətlə respublikamız haqqında kifayət qədər zəngin məlumatların dünya ictimaiyyətinə çatdırılması deməkdir. Yarışları izləməyə gələn qonaqlar Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti, multikultural mühiti ilə yaxından tanış olmuşlar. Təbii ki, bütün bunlara möhtərəm Prezidentimiz İlham Əliyevin və  Mehriban xanım Əliyevanın  idmana və idman ictimaiyyətinə göstərdiyi diqqət və qayğının nəticəsində nail olunmuşdur.

Paytaxtımız növbəti beş ildə də bir çox böyük idman bayramlarının təşkilatçısı olacaq. Bu il dünya Şahmat Olimpiadası, gələn il isə IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcək. UEFA İcraiyyə Komitəsinin qərarı ilə 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi 13 şəhər arasına Bakınında daxil edilməsi son dərəcə sevindirici hadisədir. Əminəm ki, xalqımızın zəngin yaradıcılıq potensialı, qonaqpərvərliyi və zəhmətsevərliyi nəticəsində bu möhtəşəm tədbirlər də uğurla keçiriləcək, Azərbaycanın şöhrəti bir daha dünyaya yayılacaqdır.

Qeyd etdiyimiz kimi, respublikamızın bu möhtəşəm missiyası idmanla məhdudlaşmır. Azərbaycan son illərdə dünya və Avropa əhəmiyyətli bir sıra mötəbər ictimai-siyasi tədbirlərə, zirvə toplantılarına, elmi konfranslara, musiqi, teatr, kino festivallarına ev sahibliyi edir. Bu tədbirlərin də bir qismində SOCAR-ın tərəfdaş qismində çıxış etməsi, düşünürəm ki, artıq “Azərbaycanın enerjisi” kimi məşhurlaşmış şirkətin biznesin inkişafına bağlı olmasını göstərməklə yanaşı, beynəlxalq mədəni layihələri dəstəkləyən şirkət imicini formalaşdırmağa da kömək edir.

Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik, əmin-amanlıq məkanıdır. Respublikamızda hökm sürən və davamlı, ardıcıl səciyyə daşıyan sabitliyin əsasında isə hakimiyyətin həyata keçirdiyi siyasi kursun ümummilli maraq və mənafeyə tam cavab verməsi faktoru dayanır. Azərbaycanı yüksək sürətlə inkişaf edən ölkəyə çevirən, mövcud ictimai-siyasi sabitliyin əsaslarının daha da möhkəmlənməsini şərtləndirən bu mühüm faktor bütün qələbələrimizin rəhnidir və bizi daha böyük nailiyyətlərə aparacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər