Gənc oğlan dostları ilə 15 yaşlı sevgilisinə dəhşət yaşatdı – Təfərrüat

1704

Ağcabədi rayonunda yetkinlik yaşına çatmayan qızı oğurlamaqda ittiham olunan 1994-cü il təvəllüdlü Müqəddəs Qəhrəmanov, 1991-ci il təvəllüdlü Rahib Həsənov, 1993-cü il təvəllüdlü Təhmasib Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Müqəddəs Qəhrəmanov həmkəndliləri Təhmasib Həsənov və Rahib Həsənov ilə cinayət əlaqəsinə girib və 2002-ci il təvəllüdlü Məlahət Səmədovanı (ad və soyad şərti verilib – red.) evlənmək məqsədilə zorla qaçırılması barədə razılığa gəlib. Onlar Məlahət Səmədovanı qaçırmaq üçün əvvəlcədən öz aralarında vəzifə bölgüsü aparıblar.

Müqəddəs Qəhrəmanov 23 noyabr 2017-ci il tarixdə, saat 16.20-də Ağcabədi rayonu, Minəxorlu kəndində yerləşən bulaqdan evlərinə su gətirən Məlahət Səmədovaya yaxınlaşaraq qollarından tutub.

Həmin vaxt Təhmasib Həsənov da Məlahət Səmədovanın qollarından tutub dartıb. Onlar zorla qızı Rahib Həsənovun idarə etdiyi “VAZ-21063” markalı avtomobilə mindiriblər.

Daha sonra dəstə üzvləri Məlahət Səmədovanı Ağcabədi şəhəri, E.İsmayılov küçəsi, təzə məhəllədə yerləşən fərdi yaşayış evinə aparıblar.

Dəstə üzvləri Məlahət Səmədovanı oğurlayan zaman üzərlərində bıçaq olub və onlar bıçaqla qıza hədə-qorxu gəliblər.

Həmin gün saat 20.00-da Məlahət Səmədovanın ailə üzvlərinin şikayəti əsasında Ağcabədi rayon polis şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Məlahət Səmədova gizlədildiyi yerdən tapılaraq ailəsinə təhvil verilib, dəstə üzvləri isə həbs olunub.

İstintaq orqanı tərəfindən dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müqəddəs Qəhrəmanov 10 il 3 ay, Rahib Həsənov 5 il, Təhmasib Həsənov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Müqəddəs Qəhrəmanov Məlahət Səmədova ilə sevgili olduqlarını, ailəsinin qızı ona vermədiklərini şikayətində göstərib. Qeyd edib ki, bu səbəbdən Məlahət Səmədovanı öz razılığı ilə dostları ilə birlikdə qaçırıb.

Müqəddəs Qəhrəmanov barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Digər iki təqsirləndirilən şəxslər də barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, təqsirləndirilən şəxslərin şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Rahib Həsənov kasasiya şikayəti verib. Ali Məhkəməyə şikayət göndərən Rahib Həsənov barəsində bəraətverici qərar qəbul edilməsini xahiş edib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda onun şikayəti təmin edilməyib.

Cinayət işinin əsas iştirakçısı Müqəddəs Qəhrəmanov və Təhmasib Həsənov isə Şirvan Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verməyiblər.

Bu səbəbdən Ali Məhkəmədə cinayət işində onlarla bağlı olan hissədə araşdırma aparılmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər