“Gözsüz, əlsiz, ayaqsız qəbul edirdim, amma əsir düşməsin deyirdim” – Şəhid anası

1512

“Deyirdim, şəhid olsun, amma əsir düşməsin. Çünki əsirlərə verilən zülmü düşünəndə ölüb dirilirdim. İstəmirdim o xəbəri eşidəm. Gözsüz, əlsiz, ayaqsız qəbul edirdim, amma əsir düşməsin deyirdim”.

APA TV-nin məlumatına görə, bu, 29 gün oğlundan xəbər tuta bilməyən ananın son arzusu idi. İnanırdı ki, uşaqlıqdan qarşılaşdığı bütün çətinliklərə sinə gələn Fərhadı müharibənin alovundan sağ-salamat çıxıb evinə dönəcək. Amma qorxduğu başına gəldi… Fərhad uğrunda döyüşdüyü Vətən yolunda şəhid oldu.

Şəhid Fərhad İlham oğlu Əliyev 1993-cü ilin sentyabrın 7-də Sumqayıt şəhərində anadan olub. 11 aylıq olan zaman atası vəfat edir. Anasının himayəsində böyüyən Fərhad 9-cu sinfə kimi 20 saylı məktəbdə təhsil alır. Daha sonra Bakı İdarəetmə Kollecində təhsilini davam etdirir. Naftalan şəhərində hərbi xidmətini başa vurduqdan sonra yolunu yenə də hərbidə qalıb işləməklə davam etdirir.

Müharibə başlayan gün ona işdə təklif edirlər ki, tək övlad olduğu üçün ön cəbhədə deyil, arxa cəbhədə qalsın. Lakin Fərhad “hərbçi yoldaşlarım harada, mən də orada. Mənim onlardan nə fərqim var ki?” – deyərək etiraz edir. Beləcə, çavuş Fərhad Əliyevin döyüş yolu başlayır.

Füzuli, Cəbrayıl və Xocavənd uğrunda döyüşlərdə iştirak edən Fərhad son dəfə oktyabrın 18-də anası ilə telefon əlaqəsi saxlayır. O zaman səsindəki qürur və ümid Tacirə ananı bir qədər sakitləşdirir. Anası deyir, oğlumla danışanda inanmazdım ki, bu zəng Fərhadın son zəngi olacaq. Çünki oktyabrın 21-də Cəbrayıl uğrunda gedən döyüş Fərhadın son döyüşü olur: “Döyüş yoldaşları danışır ki, Cəbrayılda bunlar pusquya düşürlər. Orda Suriyadan olan ermənilər döyüşürmüş. O zaman komandiri deyib ki, Əliyev, silah bitir, gedin tez silah dalınca. Bu da silahı gətirib gələndə ermənilərlə qarşılaşır və gicgahından vururlar. İki saatdan sonra komandirini də vururlar”.

Fərhadın nəşi neytral zonada qaldığından, uzun müddət oradan çıxarmaq mümkün olmayıb: “Fərhadın döyüş yoldaşları çox cəhd edib ki, onların nəşini ərazidən götürsünlər, amma ermənilər ərazini bombalayıblar ki, hərbçilərimiz əraziyə girə bilməsinlər”.

29 gündə hər gün oğlunu axtaran ana sonda şəhidinə qovuşur: “Qohumlarım gedib axtarırdı, amma tapa bilməmişdilər. Mən gedəndə anası ilə qayıtdı… Əvvəlcə nəşini Beyləqana apardılar, mən də ardınca getdim ora. Orda tabuta qoyub bayraqla bəzədilər oğlumu. Təsəvvür edirsiz, tanımadığım insanlar onun üçün dualar elədi, mənim oğlum tək qalmadı orda. Bizim xalqımız böyük xalqdır, oğlumu yalnız qoymadılar”.

“Son danışığında dedim, xalan qurban, bax, sənin qəhrəman kimi gəlməyini gözləyirəm ha. Dedi, narahat olma, xala, biz hamımız qəhrəmanıq. Çox heyif ki, biz onun şəhidliyindən sonra döyüş yoldaşlarının dilindən qəhrəmanlıqlarını duyduq. Yoldaşları gəlmişdi, anasının əllərindən öpdülər, dedilər, xala, sənin oğlun elə bir qəhrəmanlıqlar eləyib ki. Qələbə günü mən yuxuda gördüm Fərhad yoxdur. Hamı sevinclə qalxmışdı ayağa, mən oğluma dedim ki, artıq Fərhad yoxdur”.

Vətən uğrunda şəhidlik məqamına ucalan hər kəs əslində Vətənin bir parçasına çevrilir. Fərhad da Vətən olmağı, vətənin torpağına, gülünə, çiçəyinə çevrilməyi bacaran minlərdən, milyonlardan biri oldu: “O, heç vaxt ölümdən danışmırdı, amma mən həmişə beynimə gətirirdim ki, yaralana bilər, eybi yoxdur, qolundan tutub gəzdirərəm, gözü olmaya bilər, deyirdim, eybi yoxdur, ona protez göz də qoyduraram. Təki sağ gəlsin. Heç anasını fikirləşmədi ki, mən olmasam, anam kimin yanında qalacaq”.

Əsgər Fərhad İlham oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib: “Fərhadın yas məclisinə gələn bir qadın vardı, dedi, xala, balaca oğlum var, şəhid anası görmək istəyir. İcazə verin gətirim sizin yanınıza. Dedim, bala, gətirin görsün. Şəhid anası ali addır”.

İlahə Vəliyeva

Üzeyir Ağayev

APA TV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər