“Hansı nazirin oğlu orduda xidmət edir?...” - MÜDAFİƏ NAZİRLİYİNDƏ QIZĞIN POLEMİKA

1622

Bu dəqiqələrdə Müdafiə Nazirliyində KİV redaktorları ilə nazirliyin rəhbər şəxslər arasında görüş keçirilir. Görüşdə virtualaz.org və haqqin.az saytlarının təsisçisi Eynulla Fətullayev də iştirak edir.

Görüşdə E.Fətullayev ermənilər tərəfindən həyata keçirilən informasiya diversiyasının qarşısının vaxtında və effektiv alınmasının mühümlüyü məsələsini qaldırıb. Jurnalist bildirib ki, bir çox hallarda Ermənistan Müdafiə Nazirliyi daha operativ işləyir və bunda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlının günahı yoxdur.

“Vaqif Dərgahlının telefonu sutka boyu jurnalistlərə açıqdır, sadəcə olaraq onun səlahiyyətlərini artırmaq lazımdır. Nəyə görə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan özünü daha sərbəst hiss edir və sosial şəbəkələrdə cəbhədən gələn xəbərləri operativ yerləşdirir?”-E.Fətullayev sual edib.

Jurnalist xatırladıb ki, indi 21-ci əsrdir və internet əsrində hansısa informasiyanı gizlətmək mümkün deyil. O zaman erməni təbliğatçılarına informasiya manipulyasiyası üçün şərait nəyə görə yaradılır?

Polkovnik Dərgahlı bu fikirlərə cavab olaraq deyib ki, o zabidir və əmrə tabedir. E.Fətullayevin narahatlığını APA informasiya agentliyinin baş redaktoru Vüsalə Mahirqızı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, jurnalist Rey Kərimoğlu və digərləri də dəstəkləyib.

V.Mahirqızı ordu üzərində ictimai nəzarətin gücləndirilməs məsələsini qaldırıb. “Dövlət sirri nə deməkdir? Əgər informasiya jurnalistin əlinə keçirsə o artıq dövlət siri deyil, Müdafiə Nazirliyinin problemidir”-Mahirqızı deyib.

Görüşdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qeyd edib ki, Azərbaycan ordusu onsuz da ictimai nəzarət altındadır. “Bizim hərbi hissələrə müntəzəm olaraq Ombusman aparatının nümayəndələri baş çəkir. Baş prokurorluqla birlikdə vaxtaşırı olaraq profilaktik işlər aparılır. Hərbi hissələrə jurnalistlərin səfərləri təşkil olunur, ancaq onların bir çoxu sensasiya dalınca qaçır. Bəyəm Rusiya və ya ABŞ ordusunda problem yoxdur? Bəs siz görmüşünüz ki, onların mətbuatı itkilər barədə məlumatları dərc etsinlər?”-general bildirib.

Nazir müavini əlavə edib ki, Vaqif Dərgahlının kifayət qədər səlahiyyətləri var. Lakin yaymazdan əvvəl informasiyanı dəqiqləşdirmək lazımdır. “Mən Eynulla Fətullayevlə haradasa razıyam, amma siz də bizi başa düşməlisiniz. Biz hamımız operativlik üçün can atırıq”-o deyib.

Görüşdə söz alan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycan Demokratik Cümhuriyyətinin hərbi xadimlərindən əfsanəvi general Səmədbəy Mehmandarov haqda danışmağa başlayıb. Bildirib ki, bu il cümhuriyyətin qurulmasının 100 illiyi tamam olacaq. Lakin Eynulla Fətullayev gözlənilmədən onun sözünü kəsib. Bildirib ki, Mehmandarov 100 il bundan qabaq vəfat edib və Azərbaycan ordusundakı indiki problemlərdən danışmaq lazımdır.

“Gəlin Mehmandarovun özünün sözlərini xatırlayaq: “Bizim ordumuzda nə bir nəfər xan, nə bəy oğlu yoxdur”. Sizin hamınızdan soruşmaq istəyirəm, bizim ordumuzada nazirlərin oğulları da xidmət edirmi?”-Eynulla Fətullayev bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər