Uşaqlıdan başlayan həvəs. İllərdir ki, bu işi davam etdirir. Söhbət Sumqayıtın “Nizami” parkında qədim sikkə, pulları, medalları, məişət əşyalarını alışı ilə məşğul olan Etibar Behbudovdan gedir.
Etibar Behbudov düz 20 ildir ki, sözügedən parkda bu işlə məşğuldur. Deyir ki, bu iş səbr və təmkin tələb etməklə həm də istək tələb edir. Aldığı qədim əşyaları öz kolleksiyasında toplayır. Elə də olur ki, digər kolleksiyaçıların istəyinə uyğun olaraq qədim əşyaları alır.
Onun piştaxtasında müxtəlif pullar, ordenlər, medallar yer alıb. Fərqli dünyamızda insanların da zövqləri müxtəlifdir.
Soyuq isti demədən Etibar hər gün burdadır. Sevdiyi ilə məşğul olmaqdan zövq alır. Həm də deyir ki, dövlətə hərə bir cür xidmət göstərir. O da bu peşəni özü üçün seçərək ölkəmizə belə xidmət etməyi özünə məqsəd seçib. Aldığı qədim əşyalardan muzeylərə təqdim etdiyi də olub.
Onu da deyir ki, bu gün aldığı hansısa bir qədim əşya gələcəkdə daha da dəyər qazanır: “Kim yığırsa elə bil ki, məqsəd nədir pul gəlir. Bu il, məsələn orden alırsa, müharibə dövründə onun dərəcəsindən alıb saxlayırsa, gələn il bir il ərzində onun üstünə 40-50 dollar, bəlkə də 70 dollar, eləsi var 100 dollar üstünə pul gəlir. O adamın da imkanı var yatırım edir. Kiməsə faiz vermir, alıb qoyur ora”.
Bu işin maraqlı tərəflərindən biri də qədim əşyalarla rastlaşmağındır. Etibar da qədim dövrə məxsus əşyalarla rastlaşıb: “Ən qədim aldığım sikkə pullar olub. Sasanilər dövrünə aid olub. Yəni bizim Atabəylər dövrünə aid olub. On ikinci əsrdə olub. Böyük bir imperiya olub. Bəlkə də düz deyirəm Hindistana kimi olub. Almışam şəxsən gəlib Bakıdan aparıblar. Yəni ucuz qiymətə, dənəsi 3-4 manata. Bəlkə də bahalı olub”.
Etibar Behbudovun kolleksiyasında Sovet dövrünün pullarına, eləcə də qızıl və gümüş qaşıqlara da rast gəlinir. Orada olduğumuz müddətdə bir müştərinin atasından qalma ordeni də satdığını müşahidə etdik.
Beləcə gününü orada keçirən Etibar Behbudov sevdiyi işlə məşğul olaraq günün başa vurur.