Hər zaman xatirələrdə yaşayacaq həkim – Vahid Məmmədov

4849
Azərbaycan ictimaiyyətinə və səhiyyəsinə ağır itki üz vermişdir. Respublikanın tanınmış nevropatoloqu, minlərlə adama şəfa bəxş etmiş, ümidsiz, əlacsız xəstələri həyata qaytarmış istedadlı həkim, uzun illər Sumqayıtın baş nevropatoloqu, şəhərin Bərpa xəstəxanasının baş həkimi, son illər isə Bakıdakı Bioloji Təbabət Klinikasında baş həkimin müalicə üzrə müavini vəzifəsində çalışmış ali dərəcəli həkim, gözəl nurlu bir insan – Vahid Məmmədov uzun sürən ağır xəstəlikdən (xərçəng…) sonra dünyadan köçmüşdür.
Vahid həkimin yoxluğu ondan şəfa gözləyən yüzlərlə xəstə üçün, bütünlükdə Azərbaycan səhiyyəsi üçün əvəzsiz, çox ağır bir itkidir. İnanmaq olmur… 70 yaşı hələ yenicə tamam olmuşdu. O, bir həkim kimi hər zaman Hippokratdan da çox daha müqəddəs bir anda – uca Tanrı andına sədaqətli idi. Vahid həkim daim səcdə qıldığı uca Tanrıya əsl müsəlman sadiqliyi ilə ona pənah gətirənləri öz yaxın adamları, Allahın əziz bəndələri kimi qəbul edərək, bütün istedadı, bacarığı, insansevər, qayğıkeş qəlbi və səmimiyyəti ilə onların şəfa tapmasına çalışırdı. Yüzlərlə, minlərlə xəstənin!.. Heyf ki, onun əsrin bəlası olan xəstəliyinə heç bir əlac olmadı.
…Vahid Haman oğlu Məmmədov ağır müharibə illərindən sonra – 1948-ci ildə Quba rayonundakı Qonaqkənddə dünyaya gəlmişdi. Hələ uşaq yaşlarından həkim olmaq arzusu ilə yaşadığından 1966-cı ildə orta mərktəbi qızıl medala layiq başa vuraraq, elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdu. 1972-ci ildə ali məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra iki il Uzaq Şərqdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, leytenant rütbəsində hərbi həkim kimi Xabarovskdakı qospitalda çalışaraq, praktik təcrübəsini artırmış, əsgər və zabit heyətinə göstərdiyi yüksək tibbi xidmətə görə komandanlığın hörmət və nüfuzunu qazanmışdı. Gənc həkimin sənətinə vurğunluğunu, işə peşəkar və məsuliyyətli münasibətini görən briqada komandiri ona hərbi həkim kimi xidmətini davam etdirməyi təklif edərək, mənzil və yaxşı karyera vəd etsə də, Vahid Məmmədov öz doğma xalqına xidmət etməyi daha üstün tutmuşdu.
Hərbi xidmətini başa vurduqdan sonra Vətənə qayıdaraq, Səhiyyə Nazirliyinin göndərişi ilə 1974-75-cı illərdə Sumqayıt Alüminium zavodunun tibbi-səhiyyə hissəsində, daha sonra isə 1984-cü ilin iyun ayınadək Sumqayıt şəhər 1 N-li xəstəxananın nevrologiya şöbəsində həkim-nevropatoloq vəzifəsində çalışmışdı.
O, 1981-ci ildə Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunun refleksoterapiya kafedrasının nəzdində təşkil olunmuş, keçmiş SSRİ-nin bütün respublikalarının və hətta Türkiyə mütəxəssislərinin cəlb olunduğu, xarici ölkələrdən, həmçinin Çindən dəvət edilmiş professorların iynəterapiya və maqnitoterapiya kurslarında bu mütərəqqi metodları səylə öyrənmiş, məşhur Botkin xəstəxanasında zəngin təcrübə qazanmışdı.
Vahid həkim Moskvadan qayıtdıqdan sonra nevroloji xəstəliklərin müalicəsi sahəsində əldə etdiyi uğurlarının nəticəsi olaraq, 1984-cu ildə Sumqayıtda yenicə açılmış Bərpa-müalicə Xəstəxanasının nevrologiya şöbəsinin müdiri, 1992-ci ilin oktyabrında isə baş həkimi təyin edilmişdi.
Zəngin bilik və təcrübəyə, yüksək həkim peşəkarlığına malik olan Vahid Məmmədov 25 ildən artıq – 1981-ci ildən 2007-ci ilədək Sumqayıt şəhərinin baş nevropatoloqu olmuşdu. Onun rəhbərliyi ilə Sumqayıt şəhərində nevrologiya tsikli üzrə 10-dan artıq həkim-interna hazırlanmışdır ki, həmin həkimlər hazırda respublikanın müxtəlif şəhər və rayonlarında əhalinin sağlamlığı keşiyində dayanaraq, səmərəli fəaliyyət göstərirlər.
Vahid həkim 2007-2009-cu illərdə Abşeron rayon Mərkəzi xəstəxanasının Baş həkimi kimi respublika Səhiyyə nazirliyinin dəstəyi ilə rayonun 12 kənd və qəsəbəsində həkim ambulatoriyalarının yenidən qurulmasına, onların müasir tibb avadanlıqları ilə təchiz edilməsinə nail olmuşdu.
40 ildən artıq davam edən çoxillik və səmərəli həkimlik fəaliyyəti dövründə öz gərgin əməyi, zəngin bilik və təcrübəsi ilə minlərlə əlacsız xəstəyə şəfa vermiş, yüzlərlə xəstəni yenidən həyata qaytarmış Vahid həkim son illərdə Bakı şəhər Bioloji Təbabət Klinikasında Baş həkimin müalicə üzrə müavini vəzifəsində çalışmışdı.
Vahid həkim Allah adamı idi və öz həyat, insanlıq borcunu da uca Yaradana, onun bəndələrinə sədaqətlə xidmətdə görürdü. Bir müsəlman kimi Allah qarşısında öz müqəddəs borcunu yerinə yetirmək – hər bir müsəlmanın ən müqəddəs arzusu olan Həcc ziyarətinə getmək üçün, dualarının qəbul olunması üçün o, düz 12 il ciddi səylə hazırlaşmalı olub – namaz qılıb, oruc tutub, qurbanlar kəsib, imkansızlara daim kömək edib.
Ancaq Vahid həkim Hacı olduğunu çoxlarına bildirmirdi. Bunu belə izah edirdi: “Həcc ziyarəti mənimlə o böyük Tanrı arasında olan ülvi bir məqamdır. Mən onun qarşısında öz müsəlman borcumu yerinə yetirməyə çalışmışam. Bunu hamının bilməsinə elə bir ehtiyac yoxdur”. Odur ki, Hacı olduqdan sonra da çoxları ona “Hacı Vahid” yox, elə həmişə olduğu tək “Vahid həkim” deyə müraciət edirdilər.
Bəli, o, daim qəlbində Allah sevgisi yaşatmış və bu sevgi ilə də uca Yaradanın dərgahına qovuşmuşdur.
Allah Vahid həkimə, o gözəl, nurlu İNSANa rəhmət eləsin!
Rəhman ORXAN

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər