Oktyabrın 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Sumqayıtda vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən qəbulda Sumqayıt şəhərindən, Abşeron, Zəngilan, Qubadlı və Şuşa rayonlarından olan 30-a yaxın vətəndaş iştirak edib.
sumqayitxeber.com xəbər verir ki, əvvəlcə Komitə sədri Hicran Hüseynova və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Qəbul zamanı komitə sədri müraciət edən hər bir vətəndaşı diqqətlə dinləyib. Müraciətlər əsasən yaşayış yerlərində şəraitin yaxşılaşdırılması, işlə təminat, sağlamlıq, təhsil, qadın və uşaq hüquqlarının müdafiəsi, boşanmaların yaratdığı problemlər, boşanmadan sonra əmlakın bölüşdürülməsi və s. məsələlərlə bağlı olub.
Bir sıra şikayətlər yerindəcə həllini tapıb. Bəzi məsələlər araşdırılmaq üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq dövlət qurumlarına çatdırılmaq üçün qeydiyyata alınıb.