“İdrak” təfəkkür formalaşdıran liseydir

802

Ötən il məzunların hamısı tələbə adını qazanıb 

Sumqayıt şəhərinin Səməd Vurğun küçəsində yaşıllıqlarla əhatə olunmuş yaraşıqlı bir bina da var. Bu binadan hər 45 dəqiqədən bir dahi Üzeyir bəy Hacıbəylinin “Koroğlu” uvertürasının sədaları gəlir.
Burada dərsin başlanmasını və sona çatmasını bildirən zəng üçün bu musiqini seçiblər. Zəng həm də yaxınlıqdan ötüb keçənlərə burada məktəb olduğunu xəbər verir. Lakin bu, sıradan bir təhsil ocağı deyil…
Yaşlı sumqayıtlılar yaxşı xatırlayırlar ki, əvvəllər bura pedaqoji məktəb olub. 2008-ci ildə isə “İdrak” liseyi yaradılıb və indiyədək bir sıra uğurlara imza atıb.
“İdrak” müasir, milli və beynəlxalq təhsil standartları əsasında fəaliyyət göstərən özəl təhsil müəssisəsi, Sumqayıtın ilk milli özəl məktəbidir. Qeyd edək ki, liseyin təsisçisi pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovdur. Hazırda o, burada elmi işçi kimi çalışır.
Liseyin “İdrak” adlandırılması da təbii ki, təsadüfi deyil. Çünki burada zəngin təcrübə və yüksək peşəkarlığa malik müəllim kollektivi çalışır. Məktəbdə fərdi yanaşma, güclü rəqabət, bununla yanaşı, səmimi mühit hökm sürür. Dərslər interaktiv lövhələrlə keçirilir. Məktəbdə dərslər Azərbaycan, rus və ingilis dillərində aparılır.
Peşəkar pedaqoqlar tərəfindən tədris olunan və arxivləşdirilən media dərslər vasitəsilə şagirdlər evdə müəllimlərin izahını dəfələrlə izləyə və dinləyə bilirlər. Beləliklə, dərs prosesi 45 dəqiqənin hüdudlarını aşmış olur. Yəni təhsildə media dərs layihəsindən uğurla istifadə olunur.
Liseydə dərslər beynəlxalq bakalavriat proqramı ilə aparılır. Belə ki, şagird evdə dərslərini hazırlamaq üçün ona aid olan kodu açır. Növbəti dərs ona slaydlarla, animasiyalarla göstərilir. Şagird həm görür, həm eşidir, həm də maraqlı animasiyalarla ona dərs izah edilir. Buna təfəkkürün inkişafı proqramı da deyirlər. Yəni dünyagörüşü genişlənən şagird yaşına uyğun animasiyalara daha maraqla baxır, həm də dinlədikcə yaddaşı funksional şəkildə inkişaf edir. Dərsin elektron sonluğunda keçilən mövzu barədə izaha uyğun suallar çıxır. Həmin sualları sərbəst şəkildə cavablandıran şagirdin müəllimi ertəsi gün dərs müddətində cavabları yoxlayır və qiymətləndirir. Şagirdlər səliqəli yazı tərzini məktəbin ibtidai siniflərində qavrayırlar.
Hər şagird öz elektron kodu ilə bütün dərslər və fənlər üzrə istədiyi suala elə oradaca cavab tapır. Bu təhsil formasında yeganə yazı “zaçot” dəftərində yazılı şəkildə aparılan qeydlərdir. Yerdə qalan nə varsa, hamısı elektron qaydada yerinə yetirilir.
Başqa sözlərlə desək, dünyada istifadə edilən belə tədris forması məhz “İdrak”dadır. Belə ki, bu liseydə müasir informasiya texnologiyalarının tətbiqi uğurla həyata keçirilir. Bu, Avropada da olan təhsil formasıdır. Məktəbdə müxtəlif laboratoriyalar fəaliyyət göstərir. Elmi təhlillər xaricdən gətirilən xüsusi proqram əsasında virtual şəkildə aparılır. “İdrak”ın zəngin kitabxanası da var.
Bütün bunlarla yanaşı, uşaqlar ayrı-ayrı dərnəklərdə də məşğul ola bilirlər. Şahmat, rəsm, rəqs, zəka oyunları, “Bacarıqlı əllər” və başqa dərnəklər şagirdlərin həvəslə üz tutduğu maraq dünyasıdır.
“İdrak”ın məktəbəhazırlıq proqramını keçən uşaqlar liseyin qəbul imtahanında uğurla iştirak edir, lisey həyatına çox tez və asan adaptasiya olurlar. Proqram savad təlimi, riyaziyyat, ətraf aləmlə tanışlıq, informatika, ingilis dili və rus dili məşğələlərini əhatə edir. Məşğələlər oyun formasında təşkil olunur. Uşaqlar həmçinin musiqi, idman, şahmat, rəqs kimi fəaliyyətlərlə də məşğul olur, vaxtaşırı müxtəlif tədbirlərdə və ekskursiyalarda iştirak edirlər. Onlar respublikamızın görməli yerləri ilə birbaşa, dünyanın tarixi və bu günü barədə virtual məlumat alırlar.
“İdrak”da uşaq bağçası da fəaliyyət göstərir. 4-5 yaşlı uşaqlar liseydə hazırlıq keçir və onların valideynlərinin çoxu övladlarının təhsili üçün məhz “İdrak”ı seçir.
Şagirdlər asudə vaxtlarını da maraqlı keçirə bilirlər. Binanın həyətində yerləşən müasir tələblərə cavab verən mini futbol meydançası şagirdlərin sevimli məkanıdır.
Məktəbdə şagirdlərin qidalanması da yüksək səviyyədə təşkil olunub. Yeməkxanada onlara gündə üç dəfə keyfiyyətli ərzaqlardan hazırlanmış təamlar verilir. Bağçada hazırlıq keçənlər də, həmçinin yeməklə təmin edilir. Hər uşağın sağlamlığı diqqət mərkəzində saxlanılır. Liseyin psixoloqu şagirdlərlə mütəmadi söhbətlər aparır. Tibb bacısı səhhətində problem yaranan şagirdə ilkin yardım göstərir. Müasir idman zalında isə uşaqlara idmanın müxtəlif növləri ilə məşğul olmaq imkanı verilir. Odur ki, balaca idmançıların uğurları da az deyil.
Qısası, “İdrak”da keçirilən dərslər modelinə görə sırf dünya zəka elminin tələbləri səviyyəsində qurulur. Buna görədir ki, şagirdlər dünya zəka yarışlarında da fəal iştirak edə bilirlər. Məsələn, Məhəmməd Abbaslı Beynəlxalq Fermat Riyaziyyat Olimpiadasında birinci yeri və Kings Beynəlxalq Məktəb Olimpiadasında təbiət üzrə birinci yeri, Ayla Əliyeva beynəlxalq ingilis dili olimpiadasında gümüş medal qazanıblar. Liseyin onlarla şagirdi beyin və zəka olimpiadalarında qalib olub. Uşaqlar dünya zəka mərkəzlərinə gedir, Avropanın köksündən medallarla qayıdırlar.
“İdrak”ın Beynəlxalq Bakalavriat təşkilatı ilə də sıx əlaqələri var. Təşkilatın nümayəndələri liseyin qonağı da olublar. Qarşılıqlı dəvət şəklində liseyin nümayəndələri  Avropa təhsil ocaqlarına səfər edir, bununla da elmi nəzəriyyələrin mübadiləsi aparılır.
Məktəbdə keçirilən tədbirlərin əsas mövzusu isə milli-mənəvi dəyərlərimiz, vətənpərvərlikdir. Şəhidlərimiz daim yad edilir, onların şücaəti barədə uşaqlara ətraflı məlumat verilir ki, qəhrəmanlıq tariximizi unutmasınlar. Liseydə foyedə şəhidlərə aid xüsusi lövhə var.
“İdrak”ın uğurları çoxdur. Bu liseyin nələrə nail olduğunu göstərmək üçün bəlkə təkcə elə bir faktı demək kifayətdir. Ötən il liseyi bitirən şagirdlərin hamısı ali məktəblərə qəbul olunub, həm də yüksək balla!..
“İdrak” bu gün respublikamızda zəka inkişafına söykənən, məhz onun nəhayətsiz keyfiyyətini açıb göstərən liseydir. Unutmayaq ki, elmin böyük təfəkkür addımları uşaqların bilik təməlindən başlayır. “İdrak” buna canlı nümunədir.

Akif ƏLİYEV,
“Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər