Axtarışlar alpinistlər tapılanadək davam etdiriləcək
2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Rəsmi məlumatda axtarışların itkin alpinistlərin tapılacağı günədək davam etdiriləcəyi vurğulanıb.
“Gilavar” Hava-Ekstremal İdman Klubunun rəhbəri Ziya Qasımov da axtarışların mütəmadi olaraq davam etdirildiyini deyib:
“Axtarışlar Tufan zirvəsində, ətəklərində, bütün çatlarda aparılır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hər gün ərazidə olurlar”.
İlk günlərdən itkin alpinistlərin axtarışlarında iştirak edən dağçı Sirxan Məmmədov Modern.az-a bildirib ki, FHN və könüllü olaraq qoşulan alpinistlər hər gün axtarışları davam etdirir:
“Uşaqlar tapılanadək də davam edəcəyik. Fevralın 1-də 2 nəfərlik qrupla alpinistlərin axtarış – xilasedilmə məqsədilə yaradılan, Şahyaylağında yerləşən qərargaha çatdıq. Ayın 2-də səhər saat 10:00-da 6 nəfər FHN xüsusi riskli xilasediciləri və 4 nəfər peşəkar alpinistlə Mahmuddərənin aşağı hissəsindəki qar uçqunları olan ərazilərdə özümüzlə gətirdiyimiz RECCO® cihazı ilə axtarışlara başladıq. İki qar uçqun olan yerləri sektorlara bölərək cihazla skan etdik. Qarın qalınlığı çox olan yerlərdə yeni xəndəklər qazdıq və həmin yerləri də skan etdik. Günortadan sonra 3000 metr yüksəklikdə olan yamaclara da baxdıq”.
Dağçı deyib ki, RECCO® cihazı telefonların batareyaları və həmçinin bios batereyaları tükənsə belə sim kart çipinə siqnal vermə üstünlüyünə malikdir:
“Təəssüf ki, qarın dərinliyi çox idi və cihazın gücü buna imkan vermədi.
Cihazın daha dərindən siqnallar ala bilməsi üçün əlavə gücləndirici antenlərə ehtiyacımız var. RECCO® cihazı açıq satışda olan bir cihaz deyil. Biz onların ofisinə axtarış aparılan ərazi haqqında və qarın qalınlığı barədə raport hazırlayıb yolladıq. Hazırda onlardan cavab gözləyirik.
Bizdə bu günə kimi bu cihaza ehtiyac olmadığına görə FHN almayıb. Bu cihaz ən çox xizək sürənlər qar uçqununa düşəndə istifadə olunur. Qiyməti təxminən 10 min dollardan yuxarı olmalıdır. İtkinləri cihazla tez tapmaq üçün onların üstündə siqnalı əks etdirən olmalıdır. Onda qarın qalınlığı lap 10 metr olanda da tapmaq olur. Uşaqların paltarlarında siqnalı əks etdirən olmayıb. Amma cihaz azda olsa telefonun sim kartına və mikro sxemlərə səs verir. Ona görə ümidliyik.
Ümumilikdə itkin alpinistlərin tapılması üçün Fövqəladə Hallar Nazirliyi bütün variantlardan istifadə edir. Axtarışlar uşaqlar tapılanadək davam etdiriləcək”.