İTV ictimaiyyətin maraqlarını tam şəkildə təmin edən bir kanaldır – RƏYLƏR

569

Son illərdə İctmai Televiziyanın (İTV) apardığı yayım siyasətində müsbətə doğru xeyli dəyişikliklər baş verib ki, bu da cəmiyyət tərəfindən maraqla qarşılanır.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, bu gün İTV cəmiyyəti maraqlandıran, onu narahat edən məsələlər, problemlər, o cümlədən dövlət əhəmiyyətli məsələlərlə bağlı ən müxtəlif proqramlar, verilişlər hazırlayaraq cəmiyyətə təqdim edirlər: “Təqdim edilən bu verilişlər cəmiyyət tərəfindən çox müsbət və maraqla qarşılanır. Burada ən mühüm cəhət isə açıqlılığın təmin edilməsidir”.

O əlavə edib ki, telekanalda dövlətin və hakimiyyətin yürütdüyü siyasətin bütün aspektləri işıqlandıran verilişlərin hazırlanması maraq doğurmaqla, cəmiyyət tərəfindən alqışlanır: “İTV-də baş verən proseslərlə bağlı ən müxtəlif siyasi baxışa malik qüvvələrin mövqeyinə yer verilməsi,  teledebatlara dəvət edilməsi, çox müsbət və əhəmiyyət kəsb edən məsələdir. Əminəm ki, İTV bundan sonra da uğurlara imza atacaq və ictimaiyyətə daha ciddi, maraqlı proqramlar təqdim edəcəklər”.

Deputat Arzu Nağıyev isə bildirib ki, hər bir fərdin, deputatın istənilən KİV orqanına, telekanala, o cümlədən İTV-yə fərqli baxışı ola bilər və bu, təbiidir.

“İTV-yə gəldikdə isə mənim düşüncəm və baxışım digərlərindən tamamilə fərqlidir. İTV son illərdə regional təhlükəsizlik və təhdidlə bağlı çox ciddi verilişlər hazırlayaraq cəmiyyətə təqdim edir. Məlum Tovuz hadisələrindən sonra İTV davamlı olaraq regional təhlükəsizliyə təhdid olan məsələlərlə bağlı verilişlər hazırlayıb və mən bir ekspert kimi həmin verilişlərdə öz mövqeyimi səsləndirmişəm. Digər tərəfdən çox maraqlı və cəmiyyəti maraqlandıran ən müxtəlif formalı verilişlər hazırlanaraq ictimaiyyətin diqqətinə çatdırılır. O baxımdan düşünürəm ki,  İTV ictimaiyyətin maraqlarını tam şəkildə təmin edən bir kanaldır”, – o qeyd edib.

Deputat əlavə edib ki, İTV-də ciddi və böyük jurnalist ordusu var: “Onların yaradıcılığı nəticəsində ortaya ciddi verilişlər hazırlanaraq cəmiyyətə təqdim olunur. O baxımdan deyə bilərəm ki, İTV-nin müəyyənləşdirdiyi dəst-xətt düzgündür. Təbii ki, hər bir telekanlada olduğu kimi orada da problem ola bilər. Lakin İTV dövlətin maraqlarını təmin edən və qarşısında duran problemlərin cəmiyyətə çatdırılmasında və təbliği istiqamətində ciddi verilişlər hazırlayırlar”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər