Kaspi Təhsil Kompleksinin Sumqayıt filialı fəaliyyətini genişləndirib

664

Kaspi Təhsil Kompleksinin Sumqayıt filialı fəaliyyətini genişləndirərək, böyük Açılış Tədbiri və Açıq Qapı günü keçirdi.

Tədbirdə, Vətən torpaqlarımızın azad edilməsi uğrunda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin, Sumqayıt Dövlət Universitetinin və Sumqayıt şəhər Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, uğurlu məzunlar və onların valideynləri və digər qonaqlar tədbirdə iştirak etmişlər.

Tədbirin aparıcısı Hürzad Vəliyeva, Kaspi Təhsil Şirkətinin fəaliyyəti haqqında qonaqlara məlumat verərək, şirkətin milli dəyərlərə və beynəlxalq standartlara əsaslanan fəaliyyətinin əhəmiyyətini vurğulamışdır: “Şirkətin missiyası yaşından asılı olmayaraq hər kəsə keyfiyyətli təhsil xidməti verməklə cəmiyyətimizin inkişafına töhfə verməkdir. Şirkət Kaspi liseyləri, Kaspi Beynəlxalq Məktəbi, Kaspi Abituriyent, Kaspi Uşaq bağçaları, Kaspi KİDS, Kaspi Etüd, Kaspi Global, Kaspi Polyglot (xarici dillərin tədrisi) və digər məhsullarını ictimaiyyətə təqdim edir.”

Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, qonaqları salamlayaraq, çıxışına Ulu Öndər Heydər Əliyevin təhsillə bağlı fəlsəfi fikrindən başladı: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Milli düşüncəli övladlar yetişərsə, o xalq inkişaf edəcək”. Təsisçi təhsilin əhəmiyyətini və şirkətin uğurlarını qeyd edərək, Kaspi Təhsil Şirkətinin fəaliyyətində dövlətin təhsil siyasətinə dəstək olduğunu vurğulamışdır.

Sumqayıt şəhər İcra Hakimiyyəti şöbə müdirinin müavini Fərman Kazımov, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan təhsilinin inkişaf siyasətinin möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə davam etdiyini vurğulamışdır.

Kaspi Təhsil Şirkətinin Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev qeyd edib ki, 15 ildən çoxdur ki, Kaspi Abituriyent xidməti ölkə ictimaiyyətinə uğurla xidmət edir və bu illər ərzində 10000-dən çox Kaspi məzunu ali təhsil müəssisələrinə qəbul olub.

Kaspi Sumqayıt Abituriyent hazırlığı kursundan uğurla məzun olan Cəmşid və Cəmil Cəmaləddinlinin anası Kaspi Abituriyent kurslarının yüksək peşəkar təhsilindən danışdı: “Böyük oğlum Cəmşid 663 balla Azərbaycan Diplomatik Akademiyanın, Cəmil 685 balla Bakı Ali Neft Məktəbinin kompyuter fakultəsinə daxil olub. Onların hər ikisi Kaspi Abituriyent kurslarını bitiriblər. Övladlarımın uğur qazanmasına görə Kaspi Abituriyentin peşəkar müəllim heyətinə minnətdarlıq edirəm!”

Kaspi Təhsil Kompleksi Sumqayıt filialının rəhbəri Vasif Əliyev məlumat verdi ki, Kaspi Sumqayıt filialı 2014-cü ilin fevral ayından etibarən fəaliyyətə başlayıb. Belə ki, ilk olaraq Təhsil Mərkəzində “Kaspi Poliqlot” xarici dillərin tədrisi kursu və “Kaspi Kids” məktəbəqədər hazırlıq kursu şəhər sakinlərinin xidmətinə verilib: “Daha sonra həmin ilin sentyabr ayından etibarən  “Kaspi Abituriyent” – 9-11-ci sinif şagirdlərinin və əvvəlki illərin məzunlarının ali təhsil müəssisələrinə Qəbul imtahanlarına hazırlıq kursu fəaliyyətə başlayıb: “Həmçinin, 2018-ci ildən Sumqayıt  şəhərində “Kaspi Uşaq Bağçası” fəaliyyətə başladı. 2024-cü ildə  Kaspi Sumqayıt filialı və Kaspi Uşaq Bağçası birləşərək “Kaspi Təhsil Kompleksi”-nə çevrildi”. Mərkəzdə “Kaspi Məktəbli” – V-VIII sinif şagirdlərinin fənlər üzrə hazırlığı və “Kaspi ETÜD” – I-IV sinif şagirdləri üçün Ev Tapşırığı Üzrə Dəstək xidmətlərinə də start verilib. Bununla da Uşaq Bağçası, Məktəbəqədər hazırlıq, Məktəbli və Abituriyent hazırlığı kimi geniş təhsil perspektivləri eyni məkanda birləşdirildi. Fəaliyyətimizi uğurlu nəticələrlə davam etdiririk”.

Qeyd edildi ki, Kaspi Abituriyent hazırlığı kurslarına Qəbul imtahanı 26 May tarixində məhz yeni məkanda keçiriləcək. Biletləri Kaspi Təhsil Kompleksinin Sumqayıt filialından  və eləcə də onlayn  şəkildə www.kaspisinaq.com  saytından əldə etmək olar. İmtahanda iştirak edən abituriyentlər nəticələrinə uyğun olaraq  Ödənişsiz Təhsil, Endirimlər və Kaspi Təqaüdü qazana biləcəklər! Son qeydiyyat tarixi: 24 may 2024-cü ildir.

Tədbirdə xüsusi qonaqların iştirakı ilə müəssisənin lent kəsimi keçirilib. Qonaqlar müəssisənin binası ilə tanış olub, otaqlara baxış keçiriblər. Sonda qonaqlara hədiyyələr  təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər