Kimyaçılar iməciliyə çıxıb

761

Sumqayıt, 2 aprel (AzərTAc). Aprelin 2-də səhər tezdən Bakı-Quba avtomagistralının 29-cu kilometrində qələbəlik idi, musiqi sədaları eşidilirdi. “Azərikimya” İstehsalat Birliyinin (İB) əməkçiləri ənənəvi iməciliyə çıxmışdılar. İB-də ekoloji vəziyyətin sağlamlaşdırılması üzrə kompleks proqram çərçivəsində ətraf mühitin qorunması üzrə silsilə tədbirlər həyata keçirilir. Beləki, kimyaçıların səyləri sayəsində İB-nin bir neçə zavodunun ərazisi ilə həmhüdud sahədə yaşıl zolaq salınmışdır.
Bugünkü iməcilik “Azərikimya” İstehsalat Birliyinin kollektivi üçün əsl bayram idi. Düz bir il bundan əvvəl, 2010-cu il aprelin 2-də ölkə Prezidenti İlham Əliyevin “Neft-kimya sənayesində idarəçilik mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə “Azərikimya” Dövlət Şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyinə verilmişdir. Bundan əlavə, dövlət başçısının 22 aprel 2010-cu il tarixli Fərmanı ilə ADRNŞ-in tərkibində “Azərikimya” İstehsalat Birliyi yaradılmışdır.
Kimyaçılar müəssisənin inkişafı və modernləşdirilməsi ilə əlaqədar geniş spektrli tədbirlər həyata keçirməklə yanaşı ekoloji, sosial, mədəni yönümlü onlarca maraqlı layihə gerçəkləşdirmişlər. Bir neçə saat davam etmiş iməcilikdə İB-nin kollektivi ilə bərabər gənc ekoloqlar – Sumqayıt orta məktəblərinin şagirdləri, H.Ərəblinski adıan Sumqayıt Dövlət Musiqili Dram Teatrının truppası və başqaları da iştirak edirdi.
İməcilikdə çoxlu müxtəlif ağac tingi əkilmiş, aqrotexniki tədbirlər həyata keçirilmişdir.
Xatırladaq ki, il ərzində istehsalat birliyinin kollektivi 56 mindən çox ting əkmişdir.
İməcilik iştirakçıları arasında ARDNŞ-in prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev, Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ADRNŞ-in ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, “Azərikimya” İB-nin Müşahidə şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və başqaları da vardı. Onlar da ağacəkmədə iştirak etmişlər.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev AzərTAc-ın müxbiri ilə söhbətində kimyaçıların əməyini, onların ekologiya problemlərinin həllinə verdiyi töhfəni yüksək qiymətləndirərək qeyd etmişdir ki, Dövlət Neft Şirkəti bu il Sumqayıtda karbamid istehsal edən zavodun tikintisinə başlamağı planlaşdırır. R.Abdullayev demişdir: “Ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Sumqayıtın inkişafı – müasir sənaye mərkəzi yaradılması üzrə böyük proqram hazırlanır”. O, vurğulamışdır ki, “Azərikimya” İstehsalat Birliyinin ərazisində kimyəvi texnopark yaradılması  nəzərdə tutulur. Yeni kimya müəssisələri istifadəyə veriləndən sonra bu sahədə məşğul olan insanların sayı xeyli artacaqdır.
Qeyd edək ki, ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinə dörd kimya müəssisəsi və baş ofisi ilə bərabər Sumqayıtda yerləşən bir sıra istehsalatlar daxildir. Burada 6 minə yaxın adam işləyir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər