Kişini qadın, qadını isə kişi edən içki “kəşf” edildi

732

Həmin içki kişini qadınlaşdırır, qadında bığlar əmələ gətirir, insan ürəyini öküz ürəyi formasına salır…

Havaların qızması ilə əlaqədar pivə mövsümü də start götürüb. İnsanlar, xüsusən də kişilər sərinləmək üçün pivə içməyə üstünlük verirlər. Paralel olaraq, paytaxtın kafe və restoranlarında pivə satışı da getdikcə artır.

Pivə içməyin insana xeyri daha çoxdur, yoxsa ziyanı? Pivə içərkən insanlar nəyə fikir verməlidir? Bu suallara cavab axtarmaq üçün mütəxəssislərə müraciət etdik.

Pivə satanlar istehlakçıları necə aldadır?

İlk olaraq, ölkədə pivə satışındakı vəziyyəti öyrənməyi üstün tutduq. Ekspertlər deyir ki, Azərbaycanda pivə satışı heç də ideal səviyyədə deyil. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli.Az xəbər portalına bildirdi ki, pivə satanlar istehlakçılara fırıldaq gəlirlər. Onlar bəzən pivə çəlləklərinə su, köhnə və təzə pivə üçün 3 kran qoyurlar. Müştəridən asılı olaraq, bu kranlardan istifadə edirlər.

“İstehlakçılar bilməlidir ki, pivə qeyri-adi spirtli içkidir. Onun qeyri-adiliyi odur ki, bütün ərzaq mallarının köhnəsini təzəsi ilə qarışdıranda heç nə baş vermir, amma 1 litr köhnə pivəni 1 ton pivəyə qarışdıranda həmin pivənin hamısı sıradan çıxır. İstehlakçılar pivənin, xüsusən də açıq satışı olan pivələrin köpüklənməsinə, şəffaflığına fikir verməlidir”.

Yararsız pivənin xarici əlamətləri

Pivənin tərkibi ilə bağlı müraciət etdiyimiz Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin Milli.Az xəbər portalına verdiyi məlumata görə, yararsız pivə xarici əlamətinə görə bulanıq olur, içərisində lopa formasında çöküntü yaranırsa, tərkibinin parçalandığından xəbər verir və belə pivəni içmək olmaz.

İ.Abdullayev qeyd etdi ki, yoxlama zamanı pivənin təhlükəsizlik göstəriciləri hesab olunan tərkibindəki ağır metallar, qazlar, bakterioloji göstəricilər yoxlanılır. Nöqsanlar aşkarlanarsa, mütləq aradan qaldırılmalıdır. Nöqsanlar təsadüfi və ya daimi ola bilər. Daimi xarakterli nöqsanlar aradan qaldırılmalıdr. Pivə bakterioloji, kimyəvi, toksikoloji və radioloji normaları aşdıqda, ona yararlılıq haqqında arayış verilmir. Problem aradan qaldırılmadıqda isə həmin şirkətin fəaliyyəti dayandırıla bilər.

Həkim rəyi: ““Pivədə təriflənəsi, insan üçün xeyirli heç nə yoxdur”

Həkim-kardioloq Turxan Yusifov isə “Pivənin insana zərəri, yoxsa ziyanı var” sualına “pivədə təriflənəsi, insan üçün xeyirli heç nə yoxdur” fikri ilə başladı. Pivənin insana ziyanı barədə danışan T.Yusifov bildirdi ki, pivə sərinləşdirici içki hesab olunsa da, müasir dövrümüzdə pivədə spirtləşmə dərəcəsi müxtəlifdir. Sovet dövründə ən tünd pivədə spirtlilik dərəcəsi 3-4%-ə qədər, digərlərininki isə 1,5%-ə qədər idi. Müasir dövrdə müxtəlif pivə növlərində 14%-ə qədər spirt olur.

Həkimin sözlərinə görə, pivədə ağır metal duzları, o cümlədən də kobalt var. Kobalt pivənin həddindən artıq köpüklənməməsi üçün onun nizamlayıcısı kimi istifadə olunur. Kobalt isə ürəyə ən pis təsir edən ağır metaldır.

Pivə içən kişilərin döşləri, qadınların bığları çıxırmış…

T.Yusifov hesab edir ki, pivə qəbul edən kişilərdə kişi hormonlarının faizi getdikcə aşağı düşür, əksinə, qadın hormonlarının sayı artır. Bu isə pivə içən kişilərin qadın kimi kökəlməsinə gətirib çıxarır. Buna feminizasiya, yəni qadınlaşma deyirlər. Pivə içən kişilərin döşləri, qasıq nahiyəsi kökəlir ki, buna da qadın kökəlməsi deyirlər. Eyni zamanda, əgər qadın pivə qəbul edirsə, səsində kütləşmə olur, kişi səsi çıxarır və bığları əmələ gəlir.

“Dünyada ən məhşur pivə alman pivəsi hesab olunur. Hətta Alman kansleri Bismark deyib ki, pivə insanı tənbəl, ağılsız və gücsüz edir. O, burada gücsüz sözünü impotensiya ilə sinonim kimi işlədib. Kişi pivə qəbul edirsə, tənbəl, ağılsız və impotent olur” – deyə müsahibimiz əlavə etdi.

Ürəyinizin öküz ürəyi formasına düşməsini istəmirsinizsə…

Alman alimi Biolingerin “insan pivə qəbul edirsə, onun ürəyi öküz ürəyi formasına gəlir” fikrini xatırladan T.Yusifov deyir ki, xeyli pivə qəbul edənlərdə ürəyin ölçüsü böyüyür və qanqovma qabiliyyəti aşağı düşür. Nəticədə ürək xəstəliyinə gətirib çıxarır.

T.Yusifov məsləhət görür ki, pivəni az miqdarda, ilıq şəkildə, özü də alkoqolsuq qəbul etmək lazımdır: “Bu halda pivə sidikqovucu təsiri bağışlayır. Kimsə xeyli miqdarda pivə qəbul edib, böyrəyini təmizlədiyini düşünürsə, bu yanlış addımdır. Bu zaman bədəndə insana lazım olan natrium, kalsiumun qovulmasına gətirib çıxarır və asidoz yaranır. Yəni sidikdə süd turşusunun miqdarı arıtr və sidikdə reaksiya qələvilikdən turşuluğa keçir”.

Anar Məmmədov, Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər