“Köhnə tanışlar”la yeni cəbhədə

631

Tural Məmmədovun təqdimatında

Məlum olduğu kimi, iki gündən sonra  2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi start götürəcək və Azərbaycan milli komandası doğma publika önündə İsrail yığma komandasını qəbul edəcək. Əslində, qrupdan çıxmaq uğrunda mübarizə aparmayan yığmamız üçün  hansı rəqiblərlə qarşılaşacağımızın o qədər də önəmi yox idi. Bu mənada Portuqaliya, Rusiya və İsrailin adı bizi elə də qorxutmamalıdır. Yer aldığımız F qrupun qalibi olaraq birbaşa mundiala vəsiqə qazanmaq, eləcə də ikinciliyi əldə edərək pley-offda yarışmaq uğrunda adını sadaladığımız 3 ölkənin mübarizə aparacağı şübhəsizdir. Amma istənilən halda, milli komandamızın rəqiblərini ayrı- ayrılıqda dəyərləndirmək maraqlı olardı.

Portuqaliya

Qrupun şəksiz favoriti Portuqaliya hesab olunur. Son Avropa çempionatının üçüncüsü olan prineylilərin heyəti “top sehirbazları” ilə zəngin olsa da, son illər böyük futbol turnirlərinə vəsiqəni son anda təmin etməklə diqqət çəkiblər. Son Dünya və Avropa çempionatına çətinliklə yollanan “qırmızı-yaşıllar” builki qitə birinciliyində yarımfinala qədər irəlləsə də, son Dünya çempionatında 1/8 finaldan uzağa gedə bilməmişdi. Tarixi  ərzində dünya  və Avropa 3-cüsü və eləcə də 2004-cü ildə “ev”də qitə 2-cisi olmağı bacaran Portuqaliya milli komandası ilə milli seçməmizin yolu iki dəfə kəsişib. Daha dəqiq desək, “Avropanın Braziliyası” ilə AÇ-2000 və DÇ-2006-nın seçmə mərhələsində eyni qruda mübarizə aparmışıq. İlk Avropa çempionatının seçmə mərhələsindəki qarşılaşmalarlmızın ilki Lissabonda baş tutmuş və milli komandamız 0:7 hesabı ilə yenilmişdi. Bakıda keçirilən ikinci qarşılaşma isə ölkəmizin futbol tarixinə qızıl hərflərlə yazılmışdı. Xatırlayırsınızsa, Zaur Tağızadənin qolu ilə hesabda önə keçən yığmamızı qələbədən əlavə olunmuş vaxtda tarazlığı bərpa edən Luiş Fiqu məhrum etmişdi. 2006-cı ildəki Dünya çempionatının seçmə mərhələsinə təsadüf edən digər iki qarşılaşma isə yığmamızın “quru” hesablı məğlubiyyətləri ilə başa çatmışdı. Belə ki. səfərdə 0:3 hesabı ilə yenilən əsas komandamız  doğma publika önündə isə 0:2 hesablı məğlubiyyətə üzülmüşdü.

 

Rusiya

Son Dünya çempionatından kənarda qalan Rusiya yığması bu dəfə daha iddialıdır. Bu il keçirilən Avropa çempionatında qrup səddini aşa bilməyən şimal qonşumuzun baş məşqçi postuna Fabio Kapellonu gətirməsi də Rusiyanın iddiasından xəbər verir. Təsadüfi deyil ki, sözügedən yığma qrupumuzun əsas favoritlərindən biridir. Rusiya yığma komandasının əsas üstünlüyü 2008-ci ildəki Avropa çempionatında bürünc mükafat qazanan heyətin böyük ölçüdə qorunmasıdır. Belədə futbolçuların yaxşı anlaşması və sixemdaxili fəaliyyətin yüksək səviyyədə olması başadüşüləndir. Amma bununla belə, Kapello yeni təyinat aldığından və  onun  “drujinası” hansı sistemlə oynayacağını bilmədiyimizdən Rusiya  bizim üçün müəyyən mənada qapalı “qutu” hesab oluna bilər. Xatırladaq ki, milli komandamız ruslarla son dünya çempionatının seçmə mərhələsində qarşılaşmış və Moskvadakı yenilginin (0:2) ardından “ev” rəqibi büdrətməyi bacarmışdı. Qeyd edək ki, sözügedən matç 1:1 hesabı ilə başa çatmış və komandamızın yeganə qoluna Vaqif Cavadov imza atmışdı.

Klub səviyyəsində isə iki ölkə təmsilçisi arasında bir qarşılaşma baş tutub. Çempionlar Liqasının 2004-2005-ci illər mövsümünə təsadüf edən matçda “Neftçi” ilə “MOİK” üz-üzə gəlmiş və cütün qalibi rusiyalılar olmuşdu. “Ev”də flaqmanı 2:0 hesabı ilə üstələyən “MOİK” Bakıda isə “sülh”ə razılaşmışdı- 0:0.

Amma bununla belə. şimal qonşularımızın millimizi ciddi rəqib kimi görmədiyi hər kəsə bəllidir. Hər halda, belə motivasiya onları növbəti dəfə büdrətməyə kifayət edə bilər.

 

İsrail

İsrail futbolunun son illər durmadan inkişaf etməsi hər kəsə məlumdur. Klubları qitəmiqyaslı turnirlərin qrup mərhələsində mübarizə aparan yəhudilərin millisi də seçmə tsikllərdə daha yüksək hədəflər uğrunda mübarizə aparır. Ümumiyyətlə, tarixi ərzində daha çox Asiya zonasında yarışan İsrail yalnız bir dəfə – 1970-ci ildə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb, onda da qrupdan çıxa bilməyib. İsrail millisi komandamız üçün tanınmaz rəqib olmadığı kimi, ümumilikdə İsrail  futbolu da bizim futbol ictimaiyyətinə yad hesab olunmur.

Ölkəmizin milli komandası İsrail yığması ilə indiyədək üç dəfə qarşılaşıb. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən hər iki oyunda komandamız 0:2 hesabı ilə məğlub olub. 2004-cü ildə İsraildə keçirilən yoldaşlıq matçında da futbolçularımız meydançanı məğlub tərk ediblər- 0^6

Klub səviyyəsində isə 4 dəfə qarşılaşma baş tutub. Bu duellərin 3-də rəqibimiz mərhələ adladığı halda, bir dəfə bizimkilər sevinən tərəf olub. “Qarabağ” Hayfa “Makkabi”sini keçdiyi halda, “Xəzər-Lənkəran” “Makkabi”(Tel-Əviv), “Simurq” “Bney Yehuda”, “Neftçi” isə Hapoel (Kryat Şmona) səddini aşa bilməyib.

İsrail futbolunun Azərbaycanla müqayisədə xeyli inkişaf etdiyi şübhə doğurmasa da, sözügedən yağmaya ən azı doğma publika önündə “badalaq” vurmaq mümkündür.

 

Şimali İrlandiya

Püşkətmaya dördüncü səbətdən qatılan britaniyalılar güclü futbol ölkələrindən sayılmasa da, komandaya autsayder kimi baxmaq da olmaz. Ən azı ona görə ki, Şimali İrlandiyanın böyük futbol ənənələri və parlaq keçmişi var. Adalılarla bağlı maraqlı məqam 3 dəfə mundialın final mərhələsinə qatılması və ən əsası da iki dəfə çempionatın 1/4 finalına qədər irəlləməsidir. Xatırladaq ki, Azərbaycan millisi ilə Şimali İrlandiya seçməsi indiyə qədər iki dəfə qarşılaşıb ki, bu da 2006-cı ildəki Dünya çempionatının seçmə məhələsinə təsadüf edib. Matçların nəticəsinə gəlincə, ilk oyunda Karlos Alberto Torresin rəhbərlik etdiyi milli komandamız Bakıda rəqiblə “sülh” bağlayıb. Britaniyalılarla ikinci qarşılaşmada isə əsas komandamıza artıq Vaqif Sadıqov rəhbərlik edirdi. Həmin oyunda isə Şimali İrlandiya yığması 2:0 hesabı ilə qələbə qazanmışdı. Xatırladaq ki, sözügedən qalibiyyət adalıların 4 illik qələbə həsrətinə son qoymuşdu.

Şimali İrlandiya milli komandasından danışarkən, istənilən halda, bəxtimizə arzulanan rəqiblərdən birinin çıxdığı söyləyə bilərik. Deməli, sözügedən rəqibi “ev”də üstələmək, səfərdə isə uduzmamaq mübaliğəli yanaşma olmaz.

 

Lüksemburq

Yığmamızın seçmə mərhələdəki ən zəif rəqibi şübhəsiz, Lüksenburq milli komandasıdır. Milli komandamız püşkatmaya 5-ci səbətdən qatıldığından 6-cı səbətdən çıxacaq komandanın “dişimizə” görə olacağı öncədən bəlli idi. Hər halda, Lüksenburq milli komandası ilə matçlardan üç xalla ayrılmaq mümkündür. Xatırladaq ki, indiyə kimi iki ölkə millisi arasında bir görüş keçirilib və komandamız qələbə qazanıb. Belə ki, 2010-cu ilin martında yoldaşlıq oyunu çərçivəsində səfərdə baş tutan qarşılaşmada yığmamız 2:1 hesabı ilə qalib gəlib.

 

Milli komandamın yer aldığı qrupdakı rəqiblərin səviyyəsindən də görünsüyü kimi, Azərbaycan yığma komandasının qrupun ön sıralarında yer alması inandırıcı görünür. Məsələyə müstəqil ekspert kimi yanaşsaq, yığmamızın daha çox Lüksenburq və İrlandiyanı qabaqlaması mümkürdür. Qrup mərhələsində İsraili qabaqlamaq komandamızın boyundan yuxarı tullanması kimi qiymətləndirilə bilər.

 

Sonda isə Azərbaycan milli komandasının iştirak etdiyi qrupun oyunlarının təqvimini təqdim edirik.

 

2012-ci il

7 sentyabr

Azərbaycan – İsrail

Lüksemburq – Portuqaliya

Rusiya – Şimali İrlandiya

 

11 sentyabr

Portuqaliya – Azərbaycan

Şimali İrlandiya – Lüksemburq

İsrail – Rusiya

 

12 oktyabr

Lüksemburq – İsrail

Rusiya – Portuqaliya

 

16 oktyabr

Rusiya – Azərbaycan

Portuqaliya – Şimali İrlandiya

İsrail – Lüksemburq

 

14 noyabr

Şimali İrlandiya – Azərbaycan

 

2013-cü il

22 mart

Lüksemburq – Azərbaycan

Şimali İrlandiya – Rusiya

İsrail – Portuqaliya

 

26 mart

Şimali İrlandiya – İsrail

Azərbaycan – Portuqaliya

 

7 iyun

Azərbaycan – Lüksemburq

Portuqaliya – Rusiya

 

6 sentyabr

Rusiya – Lüksemburq

Şimali İrlandiya – Portuqaliya

İsrail – Azərbaycan

 

10 sentyabr

Rusiya – İsrail

Lüksemburq – Şimali İrlandiya

 

11 oktyabr

Lüksemburq – Rusiya

Azərbaycan – Şimali İrlandiya

Portuqaliya – İsrail

 

15 oktyabr

Azərbaycan – Rusiya

İsrail – Şimali İrlandiya

Portuqaliya – Lüksemburq

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər