MƏNƏ QƏTİ TAPŞIRILMIŞDI Kİ, QRİQORYANA 15 İLDƏN ÇOX İŞ İSTƏMƏYİM”

817

Aslan İsmayılov Sumqayıt hadisələri barədə yazdığı kitabı ermənilərin ifşası üçün sanballı təbliğat vasitəsi sayır

Tanınmış vəkil Aslan İsmayılovun indi ən böyük arzusu və istəklərindən biri də “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabının hər kəs tərəfindən oxunmasına nail olmaqdır. Ona görə yox ki, bu kitabı o yazıb. Ona görə ki, bu kitabdakı bilgilərə sahib olmaq, ondan yararlanmaq, təbliğ etmək dövlətimizin mənafeyi üçün çox zəruridir.

Qeyd edək ki, A.İsmayılov kitabda 1988-ci il Sumqayıt hadisələrinin məhkəmə istintaqı zamanı üzə çıxan ilginc həqiqətləri yazıb. A.İsmayılov həmin cinayət işi üzrə dövlət ittihamçısı olub və heç kinin bilmədiyi tarixi faktları yazmış olduğu kitabda göstərib. Həmçinin, bu hadisələrin arxasında SSRİ DTK-nın dayanmasını sübuta yetirən faktları açıqlayıb.
Maraqlananlar kitabı A.İsmayılovun özündən əldə edə bilərlər.
Artıq iki aya yaxın vaxt keçib, lakin Aslan İsmayılov ona kifayət qədər diqqət ayrılmamasından gileylənir.
Vəkil deyir ki, hələ 1989-cu ildə bu cinayət işinin məhkəmə istintaqını obyektiv aparmağa ona əngəllər törətmək istəyiblər: “Mən proses iştirakçılarının hamısının bütün hərəkətlərini izləyirdim. İşə müdaxilələr olduğunu görürdüm. Öncədən bilirdim ki, prosesi o cür yekunlaşdıranlar hər şeyi açmağıma maneçilik törədəcəklər. Mənə prokurorluqda şöbə rəisim qəti göstəriş vermişdi ki, cinayət hadisələrinin başında dayanan Eduard Qriqoryana 15 ildən artıq iş istəmək olmaz və iş üzrə xüsusi qərardad çıxarılmasını tələb etmək olmaz. Mən isə Qriqoryana ömürlük cəza istədim. Bilirdim ki, bu nə boyda riskdir, çünki Sumqayıt hadisələrinin arxasında SSRİ DTK-sı dururdu. Mən SSRİ dağılana qədər hər an gözləyirdim ki, bu cür mövqe tutduğuma görə mənə qarşı təqiblər başlayacaq. Lakin heç bir təzyiq olmadı”.
Vəkil bizimlə söhbətində dedi ki, bu kitabda Sumqayıt hadisələrinin Qarabağ münaqişəsinin əsasını qoymaq üçün törədildiyini və bu cinayətin DTK tərəfindən məhz elə ermənilərin əli ilə törədildiyini təsdiqləyən faktlar var: “Bu faktlardan Qarabağ münaqişəsinin xeyrimizə həll edilməsi üçün maksimum yararlanmaq olar. Heç kim bu faktları şübhə altına ala bilməz. Çünki Sumqayıt hadisələrinin istintaqı Azərbaycanda yox, Rusiya müstəntiqləri tərəfindən aparılıb və bu işin təşkil olunduğu təsdiqini tapıb. Bütün vəhşilikləri orada ermənilər ediblər. Əgər bu işi araşdırıb, əldə olunmuş nəticələrin ağılla dünyaya çatdırılmasını təşkil edə bilsək, sizi əmin edirəm ki, bu, Qarabağ probleminin çözülməsində həlledici rol oynayacaq. Çünki bu cinayət işilə erməniləri dünya qarşısında ifşa etmək olar. Məhz bu istintaq hərəkətlərində Sumqayıt hadisələrində Qriqoryanın aktiv rolu öz əksini tapıb. Ermənilərin bu işin altından çıxmaq şansı yoxdur. Əminəm ki, türklər də bu işdən erməniləri ifşa etmək üçün istifadə edəcəklər. Bu kitabla Avropada olan gənclər də maraqlanıblar, onlar deyirlər ki, indiyə qədər belə bir təbliğat aparmaq, erməniləri ifşa etmək üçün faktlara söykənən materialları heç yerdə əldə edə bilməyiblər. Lakin bu kitaba ögey münasibət görürəm. Sonuncu Qarabağ prosesinin Sumqayıtdan başlamasına dair bizim orta və ali təhsil məktəblərində istifadə edilən dərsliklərdə heç nə yazılmayıb. Bu kitabdakı materialları hansısa formada dərsliklərə salmaq lazımdır. Bu gün 18-25 yaşlı gənclər Sumqayıt hadisələri və onun hansı siyasi məqsədlə törədilməsi haqda heç nə bilmirlər. Hansı ki, gələcəkdə təbliğatı bu gənclər aparacaq. İstərdim telekanallarda bununla bağlı bir müzakirə olsun. Mən bu kitabı köşə yazarlarının əksərinə göndərmişəm, lakin sonra zəng edib soruşmuşam, heç biri oxumayıb. Bəziləri hətta kitabı oxumaq əvəzinə, haqqımda ağızlarına gələni yazırlar. Müxalifət düşərgəsində bir İsa Qəmbərdən başqa kitaba heç kimdən həssaslıq görmədim”.
Aslan İsmayılovun yazdığı kitabda diqqətçəkən bir məqam da adının çəkilməsini istəməyən Mərkəzi Komitə işçisinin dedikləridir. Hüquqi yardımla bağlı Aslan İsmayılovun qəbulunda olan Mərkəzi Komitənin sabiq əməkdaşı onun belə bir kitab yazmağa hazırlaşdığını eşidib və bu haqda onda kifayət qədər məlumatlar olduğunu deyib. Lakin o adam nəinki həmin məlumatları açıqlamağa, heç adının belə çəkilməsinə icazə verməyib. A.İsmayılov deyir ki, MK üzvləri olmuş şəxslər bu haqda çox şey bilirlər, amma nədənsə yenə danışmırlar: “Mərkəzi Komitənin arxivləri, protokolları niyə açıqlanmır? Dövlət üçün bundan ağır nə olmalıdır ki, həqiqətləri açıqlasınlar? Sumqayıt hadisələri sona qədər ona görə araşdırılmalıdır ki, dünya bu işin mahiyyətini bilsin. Buna dair onlarla başqa kitab yazılmalıdır. Tarix İnstitutu nəylə məşğuldur? Mən hamıya səslənirəm və xahiş edirəm, bu kitabı oxuyun. Dövlətimiz, millətimiz, gələcəyimiz üçün lazımdır. Kitabla yanaşı bir sayt da yaratmışam – www.sumgayit1988.com. Sayta ittiham aktı bütöv yerləşdirilib. İstəyərəm bu kitaba da, sayta da dövlət sahib dursun. Hətta kitabdan imzamı da istəyirlər götürsünlər, amma bundan dövlətin mənafeyi üçün istifadə olunsun. Onu xarici dillərə tərcümə etsinlər, analoqsuz təbliğat materialı kimi yararlanaq”.

Elşad MƏMMƏDLİ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər