Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

25109

Növbəti təhsil ilindən etibarən orta məktəblərdə tətbiq edilən summativ qiymətləndirmələrin sayının azaldılması gözlənilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, artıq bununla bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi  qərar qəbul edib.

Müəllimlərin FED.az-a açıqladığı məlumatlara görə, gələn il ibtidai siniflərdə böyük summativ qiymətləndirmə ləğv ediləcək. I siniflərdə isə ümumiyyətlə heç bir yoxlama olmayacaq. II-IV siniflərdə yalnız kiçik summativ qiymətləndirmələr aparılacaq.

Yuxarı siniflərdə də yoxlamaların sayı azaldılacaq. V-VIII siniflərdə də ancaq kiçik summativlər aparılacaq. Böyük summativ qiymətləndirmə isə ancaq 9-cu sinifdə buraxılış imtahanının əvəzində olacaq. Bu zaman şagirdlər seçdikləri ixtisaslar üzrə yoxlamadan keçəcəklər. Bütün bunlar uşaqların dərs yükünün, müəllimlərin isə hesabat işlərinin azaldılmasına hesablanıb.

Orta məktəblərdə summativ qiymətləndimələrin sayının azaldılmasını ekspertlər də müsbət addım kimi dəyərləndirirlər. Azad Müəllimlər İctimai Birliyinin rəhbəri Məlahət Mürşüdlünün sözlərinə görə, indiyədək orta məktəblərdə tətbiq edilən qiymətləndirmə sistemləri özünü doğrultmayıb:
“Şagirdlərin biliyinin qiymətləndirilməsi sistemi kökündən yanlışdır. Burada müəllimlərin yazı işləri, hesabatları artıb. Ona görə də bu dəyişiklik gözlənilən idi. Ancaq yenə də bu sistemin mürəkkəbliyi qorunur”.

Ekspertin fikrincə, hesabatların çoxluğu doğru olmayan məlumatların verilməsinə, formalizmə yol açır. Ona görə də vahid qiymət sisteminin tətbiqi təklif edlir:
“Bugün bizim liseylərdə kurikulumun tələblərinə uyğun dərslər keçilir və 100 ballıq sistemlə uşaqların bilikləri qiymətləndirilir. Növbəti mərhələlərdə də bu, özünü doğruldur. Ona görə də düşünürəm ki, bütün məktəblərdə vahid qiymətləndirmə sistemini tətbiq etmək lazımdır. Yalnız bundan sonra qiymətləndirmədəki problemlər həll oluna bilər”.

Təhsil üzrə ekspert Nabatəli Qulamov da biliklərin qiymətləndirilməsinin ildə 2 dəfə olmasını məqbul sayır:
“Azərbaycanda şagirdlərin biliyinin qiymətləndirilməsini dünya standartlarına  uyğunlaşdırmağa çalışırlar. Ancaq summativ yoxlamalar daha çox müəllimlərin əlavə vaxt itkisinə, dəftərxana işinin artmasına səbəb olub. Bunun əvəzində müəllim öyrətməyə daha çox vaxt sərf edə bilər. Ona görə də summativlərin sayını optimallaşdırmağa ehtiyac var”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər