Memati müəllim

747

Xatirinizdədirsə, “Təhsil sezonu” adlı bir yazımda ölkə təhsilini “Kurtlar vadisi Pusu”ya bənzətmişdim. Onların ikisinin də eyni vaxtda sezon finalına, yəni istirahətə getdiyini bildirməklə  yanaşı, nəzərinizə bir nüansı da çatdırım. Bu həftə  hər ikisinin sezon başlanğıcı oldu. Polad Ələmdar demişkən, “hadi kazamız mübarək!”

Bəli, hər iki vadidə  yeni-yeni operasyonlar başlayacaq. “Kurtlar vadisin”dəki kafakopartmalar, atışmalar, girovgötürmələr “Təhsil vadisində” mədəni surətdə və daha sivil formada, yəni qansız-filansız, qırğınsız baş verəcək. Əlhəzər, göz dəyməsin, bizlər Memati, Abdul hey, Kefli (əslində Böyük olmalıdır) İsgəndər kimi təhsilçilərdən kasad deyilik.

Əslində, bəhs etdiyim teleserialla təhsilimiz arasında bir neçə oxşarlıqlar var. Məsələn, filmin Raci Şaşmaz və digər senaryoçuları ssenarinin süjet xəttini itiriblər, loru dildikdə desək, kələfin ucunu itiriblər. Gah köhnəliyin qalığı (lap bolşeviklər kimi yazdım) Memati narkotik asılığından xilas olur, gah da Abdul hey öldürülür, yenidən dirildilir.

Gəlin, razılaşaq ki, diktator sovet pedaqogikasının məhsulu olan müəllimlərimiz bəs deyincədir, yəni mematilərimiz az deyil. Onların da bir çox qismi hələ də müasir dərs metodlarına “Lenin burjuaziyaya baxan kimi” baxır. Adaptasiya sürətli deyil. Müasir kadr hazırlığının yuxarı instansiyasında da təəssüf ki, vəziyyət “ruscadır”. Yuxarı bığ, aşağı saqqal, bizim də təhsilin senaryoçuları düyünə düşüblər.

Teleserialda maraqlı  məqamlardan biri də “ihtiyarlar” adlı dövlət yönəticiləri qrupudur. Iddia olunur ki, “ihtiyarlar” uzun müddətdir ki, Osmanlı-Türkiyə dövlətlərini idarə edir. Günümüzdə də təhsilimizi “ixtiyarlar” (“h” bizlərdə “x” ilə əvəz olunur) idarə edir. Lakin bir neçə onillikdən sonra təhsilimizdə “ixtiyar”, təcrübəli pedaqoq qala və o, təqaüd ala biləcəkmi? İndiki vəziyyətdə normal istirahət edə bilməyən, əşşi, tutalım ki, bu heç! Bəs normal məvacib ala bilməyən, stressdən nevroz olan, ancaq qazanc barədə düşünməyə məcbur olan, yaradıcılığı, özünütəhsilini unutmağa məcbur və vadar olunan müəllim, bu qədər yükün altında pensiya həddinə çata bilərmi? Zəhmət olmasa cavab verin, cənablar!

Bir məqamı deyim, qardaş  Türkiyədə bir müəllimin illik gəliri təxminən 21 min ABŞ dolları (təqribən 17000 AZN) edir ki, bu məbləği 12 aya bölsək, hər aya orta hesabla 1700-1800 ABŞ dolları (təqribən 1400-1500 AZN) düşür. Xatırladım ki, Azərbaycanda ən bərk gedən orta məktəb müəllimi türk hocasının aylıq məvacibinin 10%-ni alır. Bir çox misallar çəkmək olar. Məsələn, postsevet ölkəsi Litvada orta məktəb müəllimi aya təxminən 1000 ABŞ dolları (təxminən 800 AZN) əməkhaqqı alır. Ən yüksək maaş göstəriciləridən biri ABŞ-dadır, burada ibtidai sinif müəllimi 4000 dollara yaxın məvacib alır. Bax burda azərbaycanlı müəllimin ürəyindən dəli bir ağlamaq keçir.

Özümüzə baxaq, cənablar, özümüzə baxaq! Dünya insan kapitalına keçir, sərmayə qoyur. Bəs biz?

P.S. Bu yaxınlarda məvacibləri 10% artırılan təhsil işçilərimizi kutlayıram. Ramazan bayramı ərəfəsində belə bir hədiyyə çox gözəldir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər