Metro ticarəti

1769

Nuranə ABBASOVA

905fa0582c34“Limonun beşi bir manat”- metrodan hər gün istifadə edənlər azı iki dəfə bu sözü eşidirlər: metro girişində və metro çıxışında. Bu sözü eşitməyənlər isə istər-istəməz metropolitenin içərilərinə doğru uzanan limon torbalarına toxunmamış keçib gedə bilməzlər. Və yaxud limon satan qadınların bir-birlərinə sərt davranışları da insanların diqqətindən yayınmır. Bəlkə də çoxlarını bir sual düşündürür-limon ticarəti necə olub ki, metroya qədər ayaq açıb? Bir qədər dəqiq desək, metro nə üçün bazara dönüb?

Metro ticarəti öz başlanğıcını girişlərdən götürüb, qatarlarda, keçidlərdə, çıxışlarda davam edərək yolboyu ən azı iki və ya üç dayanacağa qədər davam edir. Metroya girərkən qarşılaşdığımız ilk mənzərə müxtəlif geyimlər və aksessuarlar satılan dükanlar olur. Bu dükanlar isə pərakəndə halda yerləşdiyindən gediş-gəlişi əngəlləyir və sərnişinlərin haqlı narazılığına səbəb olur. Bu ticarətin ən səliqəli forması isə “Sahil” metrostansiyasındadır. Hər nə qədər Azərbaycan reallığına uyğun olsa da stansiyada yerləşən ticarət mərkəzi ən azından insanların metroya normal giriş-çıxışına mane olmur. Burada geyim ticarətinin səliqəli formasının mövcudluğu bununla əlaqədardır. Keçidlərdə də həmçinin. Metro yaxınlığında ticarətin dağınıq formasından fərqli olaraq burada olan yığcamlıq və səliqə daha məqsədəuyğundur.

Qatarlarda insanları şirin yuxusundan, musiqi dinləmək, kitab oxumaq məşğuliyyətindən ayıran iki amildən biri dilənçilərlə bağlıdırsa, digəri səyyar ticarətçilərlə əlaqəlidir. İynəsaplayan, yuxu yozmaları, bürclər kitabları, əlifba, təqvim qatarlarda təşkil olunan ticarətin ən çox satılan məhsullarıdır. Bəlkə də çoxları ayağımıza qədər gətirilən bu cür xidmətlərdən razıdır, alverçilərin “istəyən alıb baxsın, almasanız da baxın” kimi təkidli tələblərindən sonra canını bu insanlardan qurtarmaq üçün bir manatından keçməli olan insanlar bu vəziyyətdən heç də razı deyillər. Bu malları onlara aldıran qüvvə isə satıcıların “əlinə almısan, heç olmasa pulunu da ver” baxışlarıdır.

Qatardan çıxırıq. “28 may” stansiyası. Şəhərin ən gur stansiyalarından biri. Limonsatanların yanından keçib yolumuza davam edirik. Bu dəfə isə gün altında qalmaqdan rəngi solmuş eynəklərin heç bir optik təhlükəsizliyə təminat verilmədən satıldığını görürük. Toz basmış eynəklərdən biri satıcının alnında, biri gözündə, biri isə burnunda taxılı vəziyyətdə müştərilər cəlb olunur. Yaxud yerə sərilmiş tərəvəz məhsullarının yanından hər gün minlərlə insan keçir və keçib getdikdən sonra milyonlarla mikrob qalır tərəvəzlərin üstündə. Hər nə qədər buradan alınan tərəvəzlər istifadədən əvvəl yuyulsa da, bu, bizi heç bir xəstəlikdən sığortalamır. Bu cür tərəvəzlərin satılması üçün şəhərin hər addımlığında yerləşən marketlərdə kifayət qədər yaxşı şərait var. Nə yeni xəstəliklər mənbəyi axtarmağa dəyər, nə də vedrələri təpikləyən polislərə.

Zibil qutularının yanında güllərin satılması halları ilə də tez-tez qarşılaşırıq. zibil qoxusu gül qoxusu ilə “dostlaşsa” da, insanlar bu cür halla heç də barışa bilmirlər.

Qanunun ən çox pozulması halları ilə də metro ticarətində rastlaşırıq. Nizami metrosu yaxınlığında, “20 Yanvar” metro stansiyasında açıq-aşkar pirat disklər satılır. Bu ticarət isə asayiş və qanun keşikçiləri olan polis işçilərinin gözləri önündə aparılır.

Metro ticarətinin ən üfunətli və “faciə” adlandırılacaq qədər acınacaqlı növü “20 Yanvar” metrostansiyasındadır. Metrodan çıxış zamanı pilləkənlərdə banandan, almadan tutmuş popkorna qədər bütün məhsulların qiymət ardıcıllığı ilə pillələr şəklində düzüldüyünün şahidi oluruq. Ucuz vağzalı mahnılarının sədaları altında dəfələrlə eyni yağda qızardılmış peraşki və qutabları bəh-bəhlə yeyənlərə baxıb iyrənməmək mümkün deyil. Başının üstündə buxarlanan qutab qoxusundan xumarlanaraq ayaqlara dolaşan pişiklərdən isə danışmağa dəyməz.

Ümumən götürdükdə, metrolarımızda ticarətin yeganə əlverişli və çox lazımlı növü kitab ticarəti və qəzet köşkləridir. Bu cür ticarətdən isə, inanırıq ki, ən böyük mənfəəti elə sərnişinlər götürə bilər.

YAZARIN ÖNCƏKİ YAZILARI
822, 853, 874 və 884

Səhv düşəndə yerimiz

Həyat dəyişir

İllər görmüşdükmü bu illər kimi…

Oyun başlandı

Zəhərə və zəhmətə davam!

Əsrlərin “Molla”sı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Pero
    Fevral 26, 2010 - 00:46

    Ureyin yaman doludur bu “20 Yanvar” metrosundan…
    ammalmn satanlarnan ne iwin var?))))
    Problemi qoymusan ve muzakire etmisen. amma daha yaxshi olardi ki, bezi misallar da cekesen ki, diger olkelerde necedir. ve helli istiqametinde meslhetlerivi veresen.
    Faktlarin bollugu xowuma geldi.. Yene de amma, daha maraqli usuldan istifade ederek, bezi hashiyelere cixa bilerdin. Meselen shahidi oldughun en maaqli dialoqlardan birni elave ede bilrdin..
    yene de amma))) maraqlidir. oxucunu ozune ceken yazidir

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər