Səhv düşəndə yerimiz

1846

Təxminən iki il əvvəl Türkiyənin birinci kanalında reportyorlardan biri tamaşaçılar qarşısında Qədim İsgəndəriyyə şəhərindən belə bir nitqlə üzrxahlıq edirdi: “Üzr istəyirəm sizdən. Mən buraya Qədim İsgəndəriyyənin tarixindən, qədim abidələrindən reportaj hazırlamağa gəlmişdim. Amma gördüyüm müasir hündür və oxşar, ardıcıl düzülmüş bu binalar məni çox təəssüfləndirdi. Mən bilmirəm sizə nədən danışım və nəyi göstərim. Doğrudan da, böyük üzüntü içindəyəm”.

Türkiyəli jurnalistin qarşılaşdığı bu gözlənilməyən vəziyyəti Bakı ilə Sumqayıt arasında daim gedib-gələnlər, demək olar ki, hər gün yaşayırlar. Həmin üzrxahlıq isə dönə-dönə Bakıdan və onun “peyk şəhəri” Sumqayıtdan, bu iki şəhəri birləşdirən yollardan, adına müxtəlif əfsanələr qoşulmuş Ceyranbatandan, Masazır gölündən, yolüstü qəbirlərdən, adına kafe, restoranlar qoşulmuş Şuşadan, Laçından edilməlidir. Xəzər dənizindən üzr istəyirik, Qız qalasından, Şirvanşahlar sarayından üzr istəyirik.

Bizi Sumqayıtdan Bakıya aparan yollar hərdən istiqamətini dəyişib dar küçələrə, müasir dalanlara, yeni tikilən tunellərə doğru uzanır. Hər gün yeni mənzərə, hər gün tikinti, hər gün dəyişən yollar, müvəqqəti narahatlığa görə üzrxahlıqlar, Ceyranbatanda və Biləcəridə yaşıllıqlar içində qurulmuş kafelər və restoranlar.

Yolboyu yeni şəhərcik salınır. Amma tikilən binalar, deyəsən, şəhərciyin “cik” şəkilçisinə güclə sığışdırılıb. Kibrit qutularını xatırladan bu binalar arasında məsafə, demək olar ki, yoxdur. Bir-birinə sıx şəkildə tikilmiş binaların pəncərələri şosseyə açılır. Binaların təməli üçün aparılan qazıntılar isə burada heç bir mütəxəssis rəyinin, seysmik təhlükəsizliyə təminatın olmadığını göstərir. Xüsusilə, binalar elə sürətlə tikilir ki, Bakıya gedib qayıdanacan bir bina artıq təhvil verilir. Bu binaların başlıca özəlliyi isə ondan ibarətdir ki, binalar gün işığı görmür; qarşılarında boş sahə, demək olar ki, yoxdur; uşaqlar üçün hər hansı park, istirahət mərkəzi nəzərdə tutulmayıb; qarşı-qarşıya olan binaların eyvanları əl vurulacaq qədər yaxındır; yeganə mənzərəli yer var ki, o da şosse və ticarət mərkəzidir. Normal şərtlərdə isə, bu binalar arası məsafə hər binanın hündürlüyü enində olmalı, əsas yoldan xeyli kənarda yerləşməli idi. Vaxtilə həmin istiqamətdə “Neapol” otelində baş verən bədbəxt hadisə təkrarlanarsa sakinlərdən üzr istəyirik.

Abşeron rayonunda İcra Hakimiyyəti ilə üzbəüz ərazidə yerləşən qəbirlərlə, həyət evlərinin yaxınlığında ucaldılmış hündür binalar arasında elə də fərq yoxdur. Çoxmərtəbəli binalar həyət evlərini başucunda ucaldılmış qəbir daşlarına bənzəyir. Müsəlmanlardan üzr istəyirik.

Xırdalan qəbiristanlığındakı qəbirlərin başına gətirilən oyunlar isə, bəlkə də, orada uyuyan ölülərin sağlığında başlarına gətirilməyib. Qəbirlər yolların genişləndirilməsinin güdazına gedir. Buldozerlərin, asfaltçəkən maşınların gurultusuna bütün qəbiristanlıq silkələnir. Ən dəhşətlisi isə Yeni il ərəfəsində orada yolka quraşdırılması, qəbirlərin zərlərlə bəzədilməsidir. Ölülərin ruhundan üzr istəyirik.

Sumqayıt-Bakı yolu boyunca isə cəmi bir dayanacaq var. Süni dayanacaqlar isə sərnişinlərlə sürücülər arasında çox çəkişmədən sonra yaradılır. Özlərinə görə haqlı səbəbləri olan sürücülər “plan doldurmaq üçün” istənilən yerdən sərnişin götürdüyü halda, sərnişin istədiyi yerdə düşmək istərkən on dəqiqəlik qayda-qanun polemikası başlayır. Sürücülərdən və sərnişinlərdən üzr istəyirik.

Metrogirişlərində, körpü altlarında alverlə məşğul olanlara təkcə bizim paytaxtda rast gəlmək olar. Üstəlik, polislə “sərt” davalara, xəbərdarlıqlara baxmayaraq bu hələ də belə davam edir.

Biləcəridə başlanğıcı və sonu bilinməyən göbələk təsiri bağışlayan “körpücük” də səhvən ucaldılıb ki, doğrudan da onun hansı məqsədlərə xidmət etdiyi hələ bilnimir. Körpüylə yoldaşlıq edən “Burada dayanmaq təhlükəlidir” plakatı isə insanaları heç bir təhlükədən sığortalamır.

Belə tikintilər, bu cür arxitekturası olmayan şəhərciklərin salınması hələ də davam edir və çox güman ki, gələcəkdə də davam etdiriləcək. Üstəlik salınmış yeni körpülər üzərində yenidən təmir işləri aparılır. Bu gün getdiyimiz yolu sabah dəyişsələr, yaxud bu gün gördüyümüz mənzərəni başqa cür görsək heç də təəccüblənməyə, Bakı və Sumqayıt sakinlərindən üzr istəməyə dəyməz. Buna görə reportaj üçün gələn jurnalistin tamaşaçılarından da üzrxahlığına ehtiyac yoxdur. Çünki binalar sökülüb normal qaydalarla tikilməyəcək, yolboyu yaşıllıqları məhv etmək əvəzinə yeniləri salınmayacaq, suyunu içdiyimiz Ceyranbatan gölünün ətrafı təmizlənməyəcək. Amma lazımi yerlərdə dayanacaqlar tikmək, görülən işlərin öhdəsindən birdəfəlik, məsuliyyətlə və yüksək keyfiyyətlərə cavab verəcək şəkildə gəlmək olar. İnkişaf, irəliləyiş çox yaxşıdır. Amma hər şey öz yerində olanda. Çünki

Müsibət oluruq biz

Səhv düşəndə yerimiz.

YAZARIN ÖNCƏKİ YAZILARI

Həyat dəyişir

İllər görmüşdükmü bu illər kimi…

Oyun başlandı

Zəhərə və zəhmətə davam!

Əsrlərin “Molla”sı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • ELVIN
    Oktyabr 25, 2009 - 22:50

    CHOX GOZEL, XUSUSEN BAKIDAN SUMQAYITA QAYIDANA KIMI BINANIN TIKILMESI. UGURLAR NURANE XANIM

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər