Milli-mənəvi dəyərlərimizi qorumaq hər bir Azərbaycan gəncinin borcudur!

819

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirildi. Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin bu il 25 ili tamam oldu. Bu illər ərzində Azərbaycan gənci tarixi, milli və mədəni mənsubiyyətinin qorunması yolunda daha ciddi addımlar atmaqdadır.

Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti və müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərlə gənclərə təsir cəhdləri müşayiət olunurdu. Aydın strategiyaya malik olan Ümummilli Lider müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın qorunmasına səfərbər etdi, onların vətənpərvərlik ruhunda formalaşmasının əsasını qoydu. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. Ulu Öndər deyirdi: “Bizim hamımızın vəzifəsi Azərbaycanın gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir, gənclərimizi bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır, respublikamızın gənclərini Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir”.

2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev mövcud ənənələrə əsaslanaraq gənclər siyasətinin inkişafını daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi.

Dövlət gənclər siyasətinin Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gənclərinin bütün sahələrdə özünü realizə etməsi üçün əlverişli şərait mövcüddur. Gənclər siyasəti ölkəmizdə prioritet istiqamətlərdən biridir və dövlət siyasətinin mühüm, ayrılmaz tərkib hissəsini təşkil edir. Müxtəlif sahələrdə böyük uğurlar qazanmış gənclər ölkəmizin hərtərəfli inkişafına böyük töhfələr verirlər. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir, siyasi, iqtisadi və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Prezident İlham Əliyevin Gənclər Forumunda çıxışı zamanı qeyd etdiyi kimi Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında digər ölkələrin gənclərindən fərqlənirlər. Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, onları qorudu.

Bir dövləti məhv etməyin ən başlıca yolu gəncləri səhv yola yönəltməkdir. Gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər. Milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu mütləq lazımdır. Bu gün biz müstəqillik dövründe yaşayırıq. Bu, böyük xoşbəxtlikdir. Hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır.

Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.

44 günlük Vətən Müharibəsi Azərbaycan gəncliyinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.

Döyüşlərdə iştirak edən bütün gənclər qəhrəmanlıq nümayiş etdirdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Onların hər biri öz mərdliyi və cəsarəti ilə vətənpərvərlik salnaməsini yazmış, qələbə dolu döyüş yolu keçmişdir. Müharibədə əsas missiyanı Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişmiş gənclər həyata keçirdilər. Biz gənclərin gələcəklə bağlı ən ali missiyalarından biri işgaldan azad olunan torpaqlarımızın dirçəldilməsi, yenidənqurulması və bərpası işlərində fəal iştirak etmək olmalıdır.

Çıxışı zamanı cənab prezidentimizin də xüsusilə vurğuludağı kimi, Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.

Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi biz gənclərin öndə duran əsas məqsədi olmalıdı. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Bu sərvətin qayğısına qalmaq, bu dili qorumaq, bu dildə danışmaq gələcək nəsillərə ötürmek biz gənclərin borcudur.

Ölkəmizdə gənclərin sağlam, vətənpərvər ruhda inkişafı, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək, asudə vaxtlarının səmərəli təşkili üçün dövlətimizin başçısı İlham Əliyev tərəfindən yetərincə şərait yaradılıb. Biz gənclər də prezidentimiz tərəfindən yaradılan şəraitdən layiqincə faydalanmağa, bizə olan etimadı doğrultmağa, ölkəmizin inkişafına töhvələr verməyə çalışmalıyıq. Hər bir Azərbaycan gənci ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir.

Şəbnəm Əliyeva, Sumqayıtın Tarixi Muzeyinin kiçik elmi işçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər