Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Müzəffər Qəzənfər oğlu Gülümov dünyasını dəyişib.
sumqayitxeber.com xəbər verir ki, Müzəffər Gülümov 1934-cü ildə anadan olub. 1960-cı ildən taleyini Sumqayıt şəhəri ilə bağlayıb. Sumqayıtda tikintinin geniş vüsət aldığı illərdə « Ümumittifaq zərbəçi» komsomol tikintisi olan Sumqayıt Neft Kimya kombinatı (indiki Üzvi-Sintez zavodu) qərargahının rəisi olub.
Komsomol, partiya, Sovet təşkilatlarında rəhbər vəzifələrdə işləyib. 1 və 2 saylı tikinti trestləri, Üzvü-Sintez zavodu, şəhər daxili işlər idarə partiya komitələrinin katibi, şəhər icraiyyə komitəsi sədrinin müavini, şəhər icra hakimiyyəti ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdiri olub.
On çağırış şəhər Sovetinin deputatı, uzun illər şəhər partiya komitəsinin və bürosunun üzvü seçilib.
2004-cü il dekabrın 23-də «Şöhrət» ordeni ( № 000283 ), İki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə (1964-cü il 29 iyun və 1967-ci il 25 noyabr tarixli qərarlar) təltif olunub.
Çoxlu sayda medal və tərifnamələrlə mükafatlandırılıb.
2016-cı ildə Prezident təqaüdünə, 2019-cu ildə isə Sumqayıtın fəxri vətəndaşı adına layiq görülüb.
2001-ci ildən etibarən Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri kimi şəhərin ictimai-siyasi həyatında fəal iştirak edib, çoxşaxəli ideoloji iş aparıb, gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında yaxından iştirak edib.