Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Müzəffər Gülümovla vida mərasimi keçirilib.
Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində Sumqayıt şəhər İcra Hamimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqov, hüquq-mühafizə orqanlarının rəhbərləri, mərhumun ailə üzvləri, yaxınları və eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlarda Müzəffər Gülümovun həyat yolundan danışılıb, onunla bağlı xatirələr dilə gətirilib. Vurğulanıb ki, Müzəffər Gülümov şəhərin inkişafında, ictimai-siyasi həyatında fəal iştirak edib. Onun Sumqayıtın inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.
Vurğulanıb ki, Müzəffər Gülümov 2001-ci ildən etibarən Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri kimi şəhərin ictimai-siyasi həyatında fəal iştirak edib, çoxşaxəli ideoloji iş aparıb, gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında yaxından iştirak edib.
Qeyd edək ki, Müzəffər Gülümov 1934-cü ildə anadan olub. 1960-cı ildən taleyini Sumqayıt şəhəri ilə bağlayıb. Sumqayıtda tikintinin geniş vüsət aldığı illərdə « Ümumittifaq zərbəçi» komsomol tikintisi olan Sumqayıt Neft Kimya kombinatı (indiki Üzvi-Sintez zavodu) qərargahının rəisi olub.
Komsomol, partiya, Sovet təşkilatlarında rəhbər vəzifələrdə işləyib. 1 və 2 saylı tikinti trestləri, Üzvü-Sintez zavodu, şəhər daxili işlər idarə partiya komitələrinin katibi, şəhər icraiyyə komitəsi sədrinin müavini, şəhər icra hakimiyyəti ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdiri olub. On çağırış şəhər Sovetinin deputatı, uzun illər şəhər partiya komitəsinin və bürosunun üzvü seçilib.
2004-cü il dekabrın 23-də «Şöhrət» ordeni, İki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub. Çoxlu sayda medal və tərifnamələrlə mükafatlandırılıb.
2016-cı ildə Prezident təqaüdünə, 2019-cu ildə isə Sumqayıtın fəxri vətəndaşı adına layiq görülüb.
2001-ci ildən etibarən Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri kimi şəhərin ictimai-siyasi həyatında fəal iştirak edib, çoxşaxəli ideoloji iş aparıb, gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında yaxından iştirak edib.