“Paritet” qəzeti Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dəyirmi masa keçirib

946

Deyirmi masa-sahibkarDekabrın 9-da “Dövlət-sahibkar dialoqunun genişləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib. “Paritet” qəzetinin redaksiyasında təşkil olunmuş tədbirdə sahibkarlar, ekspertlər, QHT, müxtəlif media mənsubları və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Qeyd edək ki, dəyrmi masa “Paritet”qəzetin Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “Regionların sosial-iqtisadi inkişafı sahəsində uğur və problemlərin mətbuatda işıqlandırılması” layihəsi çərçivəsində təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Məhəmmədəli Əfəndiyev çıxış edərək Azərbaycan hökümətinin sosial-iqtisadi siyasət sahəsində prioritetləri ilə üst-üstə düşdüyünü deyib:“Ölkədə ardıcıl həyata keçirilən islahatlar nəticəsində respublikada həyatında bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmişdir. Ölkədə sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış və bu da sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaratmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin azaldılması və sosial yönümlü müxtəlif problemlərin aradan qaldırılması sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olub”.
M.Əfəndiyev qeyd edib ki, son illərdə Azərbaycan sürətli iqtisadi inkişafa nail olub və bu sahədə ölkəmiz lider ölkə kimi tanınıb: “2004-2008-ci illər üçün Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramının uğurlu icrası ilə ölkəmiz sosial-iqtisadi inkişaf sahəsində yeni mərhələyə qədəm qoymuş, qeyri-neft sektorunun inkişafında irəliləyişlər əldə edilmiş, müəssisələr açılmış və yeni iş yerləri yaradılmış, infrastruktur problemləri həll olunub. Əldə olunan nailiyyətləri daha da möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında qarşıya qoyulan əsas məsələlər regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması və sahibaklıq fəaliyyətinin artırılması vacib məsələ kimi qeyd olunub”.
O, son illərdə həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 30 minədək yeni müəssisə yaradıldığını, 600 mindən yuxarı iş yerinin açıldığını xatırladıb. Həmçinin bildirib ki, ASK Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə həyata keçirilən Layiqli Əmək üzrə Ölkə Proqramına qoşulmuş, bu proqram üçtərəfli qaydada Azərbaycan Höküməti, Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən imzalanıb: “Proqramın əsas prioritetləri–ölkənin məşğulluq siyasətinin həyata keçirilməsi, gənclərin və qadınların məşğulluq imkanlarının artırılıması, sosial dialoqun gücləndirilməsi, beynəlxalq əmək standartlarının tətbiq edilməsi məhz əhali üçün layiqli iş yerlərinin təmin edilməsinə təkan verən amillərdir. ASK Layiqli Əmək üzrə Ölkə Proqramında nəzərdə tutulan “Öz biznesinə başla və təkmilləşdir” proqramının, pilot regionlarda sahibkarlıq mədəniyyətinin sorğusu layihəsinin, gəlir imkanlarının artırılması məqsədilə ilə işəgötürənlərin “Məhsuldarlıq və rəqabətədavamlıq sahəsində biliklərin artırılması” layihəsini, “Təhlükəsiz iş yerlərini yaratmaq üçün, o cümlədən İİV/QİÇS ilə mübarizədə işəgötürənlərin rolunun artırılması”, “Qadın sahibkarlığının inkişafı”, “Kənd təsərrüfatında uşaq əməyinin aradan qaldırılmasında işəgötürənlərin rolu” layihələrini həyata keçirəcək layihələrdə layiqli əməyin təminatı sahəsində nəzərdə tutulan məqsədlərə nail olub”.
Onun sözlərinə görə, ASK Beynəlxalq Əmək Təşkilatının Qlobal Məşğulluq Paktının fəal sosial tərəfdaşlarından biri kimi Paktın 9-cu bəndinə müvafiq olaraq Qlobal İqtisadi Böhranın respublikamızda sahibkarlıq mühitinə mənfi təsirini minimuma endirmək, həmçinin iqtisadi artım və inkişafa nail olmaq məqsədilə sahibkarlarla müzakirələr aparmış və təkliflər paketi hazırlayıb: “Belə ki, kiçik və orta sahibkarlıq sektoruna qlobal iqtisadi böhranın təsirini azaltmaq məqsədilə vergi dərəcələrinin aşağı salınması, güzəşli kreditlərin faiz məzənnələrinin endirilməsi, kreditlərin ayrılması mexanizmlərinin dəyişdirilməsi, kreditlərin birbaşa və ünvanlı verilməsi, sosial sığorta ayırmaları ödənilməsinə böhranın sonuna qədər vaxt verilməsi, orta və iri müəssisələrdə sosial yönümlü bütün məsrəflərin maya dəyərinə aid edilməsi təkliflər paketinə daxil edilib”.
Dəyirmi masada iştirak edən sahibkar Bürhan Kazımov Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yol açdığını vurğulayıb: “Beş il ərzində proqramın icrası nəticəsində 1960 sənaye və emal müəssisəsi fəaliyyətə başlyıb, müasir tipli təhsil və tibb ocaqları, olimpiya idman kompleksləri, qaçqın və məcburi köçkünlər üçün qəsəbələr tikilib istifadəyə verilib. Ərazilərdə yerli tələbatı ödəyən sənaye sahə və müəssisələrinin yerləşdirilməsi sahibkarlıq fəaliyyətinin genişlənməsinə, onun əsasının möhkəmlənməsinə, milil sahibkarlar təbəqəsinin qərarlaşmasına kömək edir. Regionlarda yeni müəssisələrin təşəkkülü həmçinin sənaye məhsulunun, adambaşına düşən milli və real gəlirlərin artmasında bölgələrin töhfəsinin xüsusi çəkisinin çoxalmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına səbəb olur. Bu proses eyni zamanda regionların sosial-iqtisadi inkişaf səviyyəsinin tarazlaşmasına, bərabərləşməsinə və ölkə mərkəzinin səviyyəsinə yaxınlaşmasına aparır, istehsal xərclərinə qənaət etməyə gətirib çıxarır”.
B.Kazımov ölkədə sahibkarlığın inkişafı üçün dövlətin həm mənəvi, həm siyasi həm də maddi dəstək verdiyini söyləyib.“Prezident İlham Əliyev tərəfindən imzalanmış “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncam kəndli sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla qarşılanıb”-deyə o bildirib.
“Paritet” qəzetinin əməkdaşı Günay Bünyadzadə deyib ki, I proqramın yerinə yetirilməsi nəticəsində şəhərlə kənd arasında fərq aradan götürüldü, sahibkarlığın inkişafı üçün böyük imkanlar yarandı, yeni iş yerlərinin açılması şəhərə axının qarşısını aldı. Növbəti proqramda regionların mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək kimi vəzifələri qarşıda durur.
Dəyirmi masada digər çıxış edənlər də sahibkarlığın inkişafına dövlət dəstəyi, vergilər, vergi intizamı və s. haqda danışıblar. Çıxışlardan sonra sahibkarlar və QHT nümayəndələri arasında rəy mübadiləsi aparılıb.

F.Hüseynzadə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər