Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin suallarını cavablandırıb. Ölkə başçısı Azərbaycanda həyata keçirilən ekoloji layihələrlə bağlı forum iştirakçılarına geniş məlumat verib.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda, ümumiyyətlə, azad edilmiş torpaqları nəzərə almasaq ən çətin vəziyyət Bakıda, Sumqayıtda və Abşeron yarımadasında idi. Bu da neft-qaz hasilatı ilə və Sumqayıtdakı kimya sənaye müəssisələri ilə bağlı idi: “Sumqayıt şəhəri. Sovet vaxtında hesab olunurdu ki, ən ekoloji cəhətdən çirklənmiş şəhərdir. Doğrudan da o vaxt Sumqayıtdan o tərəfə, şimal istiqamətinə gedən hər maşında oturanlar bu zəhərli iydən şüşələri bağlayırdılar. İndi Sumqayıt öz sənaye potensialını qoruyub, amma artıq ekoloji cəhətdən çox təmiz şəhərdir. Hətta deyərdim ki, Bakıdan da təmiz şəhərdir. Amma, eyni zamanda, Sumqayıtda elə sənaye müəssisələri, texnoparklar və digər obyektlər yaradılıb ki, Sumqayıt bu gün də Cənubi Qafqazın Bakıdan sonra ikinci ən böyük sənaye şəhəridir. Yəni, demək istəyirəm ki, bu, mümkündür”.