Prezidentin Sumqayıt səfəri və vətəndaş amili prioritet olan “yol xəritəsi” - TƏHLİL

998

Ölkəmizdə quruculuq işlərinə, iqtisadi layihələtin, yeni-yeni sənaye müəssisələrinin, müxtəlif komplekslərin açılışına, yaşayış və fəaliyyət şəraitinin daha da yaxşılaşdırılmasına və ümumilikdə vətəndaşların rifah halının daha da yüksəldilməsinə ölkə başçısının, Cənab Prezidentin diqqət və qayğısı göz önündədir, danılmazdır. Demək olar ki, 30 ilə qədər işğal altında olan torpaqların işğaldan azad edilməsinin və həmin ərazilərdə quruculuq abadlıq işlərinin fonunda digər regionların, ayrı-ayrı şəhər və rayonların, hətta kəndlərin belə abadlaşdırılması həmin diqqət və qayğının bariz nümunəsidir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan dövləti vətəndaşların rifah halını hər zaman prioritet hesab edir, bu istiqamətdə lazımi tədbirlər görür və ölkənin iqtisadi inkişafı istiqamətində görülən işlər, quruculuq-abadlıq işləri bunu təsdiq edir.

Ölkə başçısı sentyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışında iştirak edib. Diqqətə çatdıraq ki, Azərbaycanda sənayeləşmə prosesinin ardıcıl davam etdirilməsi, həmçinin qeyri-neft sənayesinin inkişafının Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən olduğu danılmazdır və ölkə başçısının bu açılışda da iştirakı təsdiq edir ki, bu siyasət hər dəfə öz təsdiqini tapır.

Artıq Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir və bu, heç də təsadüfi deyil. Belə ki, ölkəmizdə sənaye parklarının yaradılması istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından çox əhəmiyyətlidir. Hazırda bütün dünyada pandemiya ilə əlaqədar arzuolunmaz vəziyyətin hökm sürməsinə, bir çox qabaqcıl ölkələrdə iqtisadi-maliyyə problemlərinin olmazına baxmayaraq, ölkəmizdə çox böyük işlər görülür, iqtisadiyyatın digər şaxələri ilə bərabər, sənayenin inkişafına da xüsusi önəm verilir. Çox sevindirici haldır ki, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir və məhz sənaye partklarının yardılması da bu baxımdan qiymətləndirilməlidir.

Nəzərə çatdıraq ki, sənaye parklarının yaradılması sadalananlarla yanaşı, eləcə də məşğulluq səviyyəsinin artırılmasına, işsizliyin durmadan aradan qaldırılmasına öz tövhələrini verməkdədir. Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edilib. Parkda 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si istehsala başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur. Bütün bunlar isə ondan xəbər verir ki, yaradılan sənaye parkları vətəndaşların işlə təmin edilməsinə, onların yaşayış şəraitinin, nəticədə rifah halının daha da yaxşılaşdırılmasına əsaslı zəmin yaradır. Bunu da diqqətə çatdırmaq yerinə düşərdi ki, bu zəmin məhz ölkə başçısının rəhbərliyi ilə yaradılır və Cənab Prezidentin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir.

Ölkə başçısı həmçinin Enerji sistemin Reabilitasiya Proqramı çərçivəsində inşa olunan “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışında da iştirak edib. Cənab Prezidentə görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, son illərdə Azərbaycanda enerjisistemin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizin enerji potensialının daha da artırılması, yeni elektrik stansiyaları və yarımstansiyaların inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində çox mühüm layihələr icra olunub. Əlbəttə ki, bütün bunlar dövlətimizin başçısının tapşırığına əsasən 2018-ci ilin sonundan Enerjisistemin Reabilitasiya Proqramının qəbul edilərək icrasına başlanılması istiqamətdə həyata keçirilən işlər arasında xüsusi əhəmiyyəti ilə seçilir. Çünki həmin Proqramın icrasına vaxtında başlanaraq təcili işlər görülmədiyi halda 2019-cu və 2020-ci illərin yayında artan tələbatın fonunda, eləcə də Kür və Xəzərdə su səviyyəsinin kəskin aşağı düşməsi fonunda enerjisistemdə problemlər yarana bilərdi. Məhz bu problemlərin qarşısının alınması üçün vaxtında verilən qərarlar ölkə başçısının uzaqgörən, məqsədli, düşünülmüş siyasətindən, eləcə də vətəndaş amilinin dövlət siyasətinin qayəsini təşkil etdiyindən xəbər verir.

Cənab Prezident İlham Əliyev Sumqayıt Məhkəmə Kompleksinin açılışında da iştirak edib və kompleksdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verilib. Görünən odur ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla davam etdirilir və məhz islahatların icrası ilə bağlı görülən kompleks qanunvericilik və praktiki tədbirlər üçün Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Fərman mühüm “yol xəritəsi” sayılır. Yeni regional inzibati və kommersiya məhkəmələrinin təsis edilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlərin yaradılması, məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi məhz həmin “yol xəritəsi” sayəsində öz həllini tapmaqdadır. Beləliklə, sözügedən sahədə infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində yeni məhkəmə bina və komplekslərinin inşası, onların ən müasir İKT qurğuları ilə təchizi görülən işlərin təzahürüdür və məhz Sumqayıt Məhkəmə Kompleksinin inşası da bu istiqamətində icra olunan layihələrdəndir.

Qeyd edək ki, kompleks Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində inşa olunub və öz funksionallığı ilə fərqlənən müasir Məhkəmə Kompleksi altı məhkəməni, o cümlədən Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir. Vurğulamaq yerinə düşərdi ki, “Bir qapı” prinsipi ilə fəaliyyət göstərəcək məhkəmə kompleksi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcək, hansıki, bu da vətəndaşların rahatlığının nəzərə alınması deməkdir. Əslində isə bu həm də, dövlət başçısının sosial ədalətə əsaslanan islahatlarına, eləcə də birinci xanım Mehriban Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüslərinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görüldüyünü təsdiqləyir. Bütövlükdə bütün bu işlər vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılmasına, onlara yüksəkkeyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, şəffaflığın artırılmasına, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsinə yönəlib.

Ölkə başçısı Sumqayıtda eyni zamanda Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış olub. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verib. Qeyd olunub ki, həmin təhsil müəssisəsində 42 sinif otağı, fənn kabinələri, laboratoriyalar, əmək və hərbi təlim otaqları, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Yaradılan bu şərait təbii ki, son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindəndir.

Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının əyani sübutudur və mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ölkəmizdə təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsi kimi qiymətləndirilir. Əlbəttə ki, bu istiqamətdə görülən işlər həm də Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısının bariz nümunəsidir və bu da təsadüfi deyil. Ona görə ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin bilikli və savadlı, yüksək intellektual potensiala malik olmasına maraqlı olmasıdır və bu istiqamətdə də fəaliyyəti danılmazdır.

Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməlinin qoyulması və bu təməlqoyma mərasimində ölkə rəhbərinin iştirakı da diqqətdən yayınan məqam deyil. Diqqətə çatdıraq ki, Sumqayıt şəhərində növbəti güzəştli mənzil layihəsi 2 hektar ərazini əhatə edir və burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq, hansıki bununla da mənzillərin ümumi sayı 466 olacaq və bu da vətəndaşların güzəştli mənzillərlə təmin olunması, nəticədə yaşayış şəraitinin yaxşılaşdırılması deməkdir. Ərazidə, həmçinin 90 yerlik uşaq bağçasının da inşa ediləcəyi, güzəştli şərtlərlə təklif edilən bütün mənzillərin tam təmirli olacağı, mənzillərin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacı ilə təmin ediləcəyi, eləcə də həmin mənzillərin satışının həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə aparılacağı bir daha təsdiq edir ki, Azərbaycan vətəndaşı ölkə başçısının qayğısı ilə əhatə olunub və Azərbaycan dövləti üçün vətəndaşların şəraitinin daha da yaxşılaşdırılması hər zaman olduğu kimi, yenə də prioritet hesab olunur.

Nəzərə almaq lazımdır ki, dünyanı bürüyən pandemiya şəraitində Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial məsələlərin həllinə xüsusi yer, diqqət ayırır. Xüsusilə ölkə başçısının vətəndaşların qayğısına qaldığının hər an şahidiyik. Hazırda dünyada baş verən iqtisadi böhran fonunda ölkəmizdə Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə yüksək dərəcədə diqqət, qayğı və həssaslıqla yanaşması təkzibedilməzdir. Əlbəttə ki, ölkəmizin iqtisadi qüdrəti, iqtisadi inkişafı, yeni layihələrin gerçəkləşdirilməsi, yeni komplekslərin istifadəyə verilməsi, əsaslı təmir edilməsi, şəraitinin daha da yaxşılaşdırılması, Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, rifah halının gücləndirilməsi, bütövlükdə, vətəndaş amili dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır və görülən işlər də təsdiq edir ki, bu siyasət uğurla davam etdirilir. Bir sözlə, vətəndaş amili prioritet olan “yol xəritəsi” uğura aparır.

Müəllif: İnam Hacıyev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər