Sumqayıt şəhər Polis İdarəsinə rəis təyin olunub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Sumqayıt şəhər Polis İdarəsində toplantı keçirilib. R. Usubov Sumqayıt şəhər Polis İdarəsinin şəxsi heyətinə yeni təyin olunmuş rəisi, polis polkovnik-leytenantı Əkbər İsmayılovu təqdim edib. Nazir yeni təyin etdiyi polis rəisini vəzifəsinin öhdəsindən layiqincə gələ biləcəyinə əmin olduğunu bildirib. Qeyd edək ki, Əkbər İsmayılov buna qədər Nərimanov rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən Sumqayıt şəhər Polis İdarəsində aparılan kütləvi yoxlamalar nəticəsində Polis İdarəsinin rəisi, polis polkovniki Mehdi Hümbətov və onun əməliyyat işləri üzrə müavini Şirinəli Vəliyev R. Usubovun əmri ilə tutduqları vəzifədən uzaqlaşdırılıblar.