Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, texnika elmləri doktoru Mustafa Babanlının başçılıq etdiyi 25 nəfərlik nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə universitetin Sənayenin təhlükəsizliyi və əməyin mühafizəsi, Mühəndis qrafikası, Üzvi kimya, Neftin, qazın kimyası və texnologiyası, Yüksək molekullu birləşmələrin texnologiyası, Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası, Fiziki və analitik kimya, Kimya texnologiyasının mühəndis əsasları və digər kafedraların müdirləri, aparıcı müəllimləri, həmçinin doktorant və magistrləri, eyni zamanda “Azərikimya”nın aparıcı mütəxəssisləri iştirak edib.
Görüşü giriş sözü ilə açan “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev 2010-cu ildən bəri qurumda həyata keçirilən yenidənqurma və modernizasiya işləri, həmçinin perspektiv layihələr haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Sonra “Azərikimya” İB-də 2010-cu ildən bəri görülmüş işlər və 2020-ci ilə qədər həyata keçiriləcək layihələri özündə əks etdirən slayd-şou təqdim olunub.
Görüşdə həmçinin perspektiv planlar – Kimya sənayesinin 2016-2019-cu illər üçün hədəfləri – Kimya Sənaye Parkı, “SOCAR Polymer” layihəsi çərçivəsində tikilən Polipropilen (PP) və yüksək sıxlıqlı Polietilen (HDPE) istehsalatları, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olacaq Karbamid (Azot gübrəsi) zavodunun tikintisi, həmçinin 2020-ci ilin əvvəllərinə qədər tikilib istismara verilməsi planlaşdırılan 7 müxtəlif qurğu haqqında məlumat verilib, kadr hazırlığı məsələləri, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən Sumqayıtda yaradılmış Təlim-tədris Mərkəzi, respublikanın aparıcı ali təhsil ocaqları ilə qurulan əlaqələr, eyni zamanda həyata keçirilən sosial yönümlü tədbirlər haqqında da geniş söhbət açılıb.
Görüşdə belə bir yekdil rəyə gəlinib ki, bu qəbildən olan görüşlər davamlı xarakter alsın, bu da gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın detallarını özündə əks etdirən çərçivə sazişinin imzalanmasına vəsilə olsun. Görüşün sonunda “Azərikimya” İB adından ADNSU-nun rəhbərliyinə xatirə hədiyyəsi təqdim olunub.
Görüşdən sonra qonaqların “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna ekskursiyası təşkil olunub və onlar burada fəaliyyət göstərən istehsalat sahələri ilə yaxından tanış olublar.
Rektor 25 nəfərlik nümayəndə heyəti ilə Sumqayıtda oldu – FOTOLAR
•
607
Müzakirə qapadılmışdır.