Rəsulzadənin nəvəsi namizədliyini Sumqayıtdan irəli sürəcək

718

Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderlərindən olan Məmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Rəis Rəsulzadə parlament seçkisində iştirak edəcək. O, sentyabrın 16-da “Media forum” saytına açıqlamasında deyib ki, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən namizədliyini irəli sürüb: “Artıq sənədlərimi hazırlayıb dairə seçki komissiyasına təqdim etmişəm. Ərizə yazmışam, bank hesabı açmışam. Bir necə günə imza vərəqələrini götürəcəm. Namizəd olmaq üçün birinci mərhələni keçmişəm”.

Rəis Rəsulzadə bildirib ki, namizədliyini irəli sürməkdə məqsədi deputat seçilərək xalqa daha çox və səmərəli xidmət etməkdir: “Ola bilsin ki, bu dediklərim bir qədər pafoslu çıxdı. Amma başqa məqsədim yoxdur. Belə bir deyim var ki, xalq vəkili xalqın nökəridir. İlk dəfədir seçkiyə qatılıram. Həmişə müxtəlif səviyyələrdə namizəd olmağımı təklif ediblər. Amma istəməmişəm. Bu dəfə də xahiş edənlər çox oldu. Mən də özümü sınamaq qərarına gəldim. 2005-ci ilin parlament seçkisində 44 saylı dairədən müsavatçı Nəsiman Yaqublu namizədliyini irəli sürmüşdü. Onun vəkiliydim, görüşlər keçirirdik, çıxışlar edirdim. Ona görə də bu dairə mənə tanışdır, insanlar da məni tanıyır. Həm də ata-baba yurdumuz, Məmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndi bu dairənin ərazisinə daxildir”.

Rəis Rəsulzadə deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti irsinin davamçıları olan Xalq Cəbhəsi və Müsavat partiyalarının rəhbərliyi ilə namizəd olmaq məsələsini müzakirə etməyib. O, seçkiyə müstəqil namizəd kimi qatıldığını bildirib: “Yalnız müxalifət partiyaları deyil, ictimai təşkilatlar, söhbət etdiyim ayrı-ayrı hökumət nümayəndələri, tələbələr, jurnalistlər də namizədliyimi müdafiə edəcəklərini bildiriblər”. mənbə: mediaforum.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər