SDU-da Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə tədbir keçirildi

934

Aprelin 26-da Sumqayıt Dövlət Universitetində “Azərbaycanın təhlükəsizliyi dövlətin prioritet istiqamətlərindən biri kimi” mövzusunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə tədbir keçirildi.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinin rəisi  Polkovnik Natiq Ağayev, idarənin şöbə rəisi  Polkovnik-leytenant Şamil Saqiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzi Aparatının əməkdaşları kapitan Elvin Balacanov, Polkovnik-leytenant Mahir Miriyev, eləcə də universitetin professor-müəllim və tələbə heyəti iştirak etdilər.
Öncə SDU-nun rektoru professor Elxan Hüseynov və Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinin rəisi  Polkovnik Natiq Ağayev universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Polkovnik Natiq Ağayev Ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərə, Ulu öndərə həsr olunmuş kitablara baxış keçirdi.  Mərkəzin xatirə kitabında ürək sözlərini qeyd etdi.
Tədbiri giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin rektoru  professor  Elxan Hüseynov açaraq qonaqları salamladı və tədbirin əhəmiyyətindən bəhs etdi. Rektor hər bir dövlətin prioritet məsələsi olan milli təhlükəsizliyin etibarlı təmin olunmasından, bu sahədə fəaliyyətin həyata keçirilməsində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Milli Təhlükəsizlik Konsepsiyasının önəmindən danışdı. 30 ilə yaxın müddət ərzində dövlətimizin təhlükəsizliyi əleyhinə yönəlmiş başlıca amilin Ermənistan tərəfindən aparılan işğalçılıq siyasəti olduğunu bildirən rektor qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən savaşında qələbə çalmaqla erməni faşizmini məhv etməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni formalaşdı. Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir. Belə ki, mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır, qonşu dövlətlərlə respublikamız arasında olan münasibətlərin gərginləşməsinə çalışırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aidiyyətı dövlət orqanları tərəfindən ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür. Rektor onu da  qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və səyləri nəticəsində gənc nəslin vətənpərvərlik, mədəni və mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, onların müasir elmin və təhsilin verdiyi üstünlüklərdən bəhrələnmələri üçün dövlət tərəfindən geniş imkanların yaradılması ölkədə həyata keçirilən uğurlu milli inkişaf strategiyasının prioritet vəzifələrindəndir.  Bu istiqamətdə Dövlət Təhlükəsizliyi Xidmətinin təşəbbüsü ilə keçirilən tədbirlər  tələbələr  tərəfindən böyük rəğbətlə qarşılanır.
Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinin rəisi  Polkovnik Natiq Ağayev tədbirin keçirilməsinin əhəmiyyətinə toxunaraq hazırkı dönəmdə respublikamızın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı səylərin birləşdirilməsinin vacibliyindən bəhs etdi, aidiyyətı qurumların koordinasiyalı şəkildə mümkün risklərlə səmərəli mübarizəsindən danışdı və belə bir tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə rektor  professor  Elxan Hüseynova təşəkkürünü ifadə etdi. Daha sonra xüsusi xidmət orqanlarının tarixindən, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətindən söz açdı. DTX tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərindən, o cümlədən bu tədbirlərdə sivil vətəndaşların rolundan danışdı.
Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinin şöbə rəisi Polkovnik-leytenant Şamil Saqiyev,  Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzi Aparatının əməkdaşları kapitan Elvin Balacanov, Polkovnik-leytenant Mahir Miriyev çıxış edərək xüsusi xidmət orqanlarının aşkar və gizli iş üsulları anlayışı, onun dövlət idarəçiliyində rolu, xarici xüsusi xidmət orqanları, onların Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti, beynəlxalq terrorçu təşkilatlar, narkomaniya və insan alveri kimi transmilli cinayətkarlıq mövzularına da toxundular. Bildirdilər ki, respublikamızda mövcud sabitliyin pozulmasına yönəlmiş bütün hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcəkdir.
Videotəqdimatla müşayiət olunan məruzə tələbələrin böyük marağına səbəb oldu.
Sonra DTX-nin məsul əməkdaşları tələbələrin çoxsaylı suallarını cavablandırdılar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər