Sumqayıt Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahanları uğurla davam edir. İmtahan sessiyası tədris planlarına uyğun olaraq, 30 dekabr 2019-cu il tarixindən başlayıb, 02 fevral 2020-ci il tarixinədək davam edəcəkdir.
Yanvarın 22-də Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər və KİV nümayəndələrinin iştirakı ilə 2019–2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına dair ənənəvi “Açıq qapı” günü keçirildi.
Nümayəndə heyətini universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov qarşıladı. Prorektor payız imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı aparılan məqsədyönlü tədbirlər və imtahanın qaydaları haqqında geniş məlumat verdi. Bildirdi ki, imtahanlar bir qayda olaraq yazılı şəkildə aparılır. Tələbələrin yazılı sənədləri imtahan başa çatdıqdan sonra kodlaşdırılır, yoxlanılması üçün dəvət edilmiş müəllimlərə təhvil verilir. Sessiyanın gedişi zamanı yarana biləcək narazılıqların araşdırılması və aradan qaldırılması məqsədi ilə İmtahan qərargahı və «Qaynar xətt» fəaliyyət göstərir. İmtahan keçirilən tədris binalarında “Müraciət və təkliflər” qutuları yerləşdirilib. İmtahanların gedişi auditoriyalarda quraşdırılmış kameralar vasitəsilə də izlənilir, koordinatorlar tərəfindən nəzarət olunur. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində Apellyasiya komissiyası da yaradılıb. Apellyasiya komissiyası istənilən məsələdə tələbənin şikayətlərini qəbul edir və əsaslıdırsa, təmin edir. Prorektor onu da diqqətə çatdırdı ki, imtahanların bu üsulla aparılması tam obyektivliyin təmin olunmasına xidmət edir. Sessiyanın obyektiv və qaydalara uyğun təşkilinə kömək məqsədilə universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyətinin üzvləri fəal iştirak edirlər. Həmçinin ictimaiyyət və KİV nümayəndələri, valideynlər üçün vaxtaşırı “Açıq qapı” günü təşkil olunur. Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecdə də imtahanlar eyni qaydada həyata keçirilir.
Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi haqqında məlumat verdi. Bildirdi ki, imtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək əsas iş prinsipidir.
Əvvəlcə yazı işləri müvafiq olaraq kodlaşdırılır, sonra tələbənin şəxsi məlumatları olan hissə kəsilərək ayrılır. Bundan sonra müəllim yoxlamaya başlayır. Yoxlama başa çatdıqdan sonra cavab vərəqələri ilə kəsilmiş hissə müvafiq kod ardıcıllığı ilə uyğunlaşdırılır, tələbənin balı ümumi bal vərəqinə yazılaraq yekun qiymət çıxarılır. Diqqət tələb edən bu prosesin tətbiqi olduqca zəruridir. Çünki bu halda imtahanı yoxlayan müəllim hansı tələbənin cavabını yoxladığını bilmir, bu da yoxlama prosesinə subyektiv yanaşmanı aradan qaldırır və nəticədə daha obyektiv qiymətləndirmə aparılmış olur.
Sonra universitetin rəhbərliyi, valideynlər və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə etdilər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandılar.
Müşahidəçilər imtahanların gedişini izləmək üçün auditoriyalarda oldular. Onlar imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla yanaşı, hər auditoriyada müəllim-əlaqələndiricilərin nəzarət etmələrini, imtahan prosesində baş verə biləcək mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini yüksək dəyərləndirdilər. İmtahan prosesinin müşahidəsi zamanı bir qrup tələbə İctimai Şuranın üzvləri ilə imtahan təəssüratlarını bölüşdülər.Tələbələr yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildirdilər. Qeyd etdilər ki, sualların hamısı semestr boyu keçdikləri mövzuları əhatə edir.